Azərbaycan-Bolqarıstan
əməkdaşlığı təhlükəsizliyə xidmət
edir
Bu gün Azərbaycanın yaxın
dostlarına müxtəlif
qitələrdə rast
gəlmək olar. Belə dostlardan biri Avropanın "cənub-şərq
qapısı" adlandırılan
Bolqarıstandır. Sənaye-aqrar
ölkə olan Bolqarıstan inkişaf etmiş kənd təsərrüfatına malikdir
və onun iqtisadiyyatında özəl
bölməyə geniş
yer verilir.
Qızılgülü özünə rəmz seçən bu ölkə gözoxşayan
çimərlikləri, sıx
meşələri və
qeyri-adi dağlıq əraziləri ilə məşhurdur. Buna görə də təbiətin qoynunda olmaq istəyənlərin
Bolqarıstanda gəzməli-görməli
yerləri çoxdur.
Füsunkar təbii qoruqlara səyahət, ekoturizm burada çox geniş yayılmış sahələrdir.
Qoca qitənin iqtisadi və siyasi həyatında özünəməxsus yer
tutan Bolqarıstan inkişaf etmiş kənd təsərrüfatına,
iqtisadiyyatı azad bazar prinsipləri əsasında fəaliyyət
göstərən, böyük
özəl bölməyə
və kiçik dövlət bölməsinə
malik olan sənaye ölkəsidir. Dünya Bankının təsnifatına görə,
Bolqarıstan yuxarı
orta gəlirli sənayecə inkişaf etmiş ölkədir.
Ökə iqtisadiyyatının
əsas bölmələri
energetika, dağ-mədən
sənayesi, metallurgiya,
maşınqayırma, kənd
təsərrüfatı və
turizmdir. Əsas sənaye ixracı məhsulları paltar, dəmir və polad, maşın və yanacaqdır. Ümumi daxili məhsulun həcmi 90 milyard dollara yaxındır. 2023-cü ilin
iyuluna olan məlumata görə, ixracatın həcmi 3.841 milyard dollar, idxalatın həcmi isə 4.261 milyard dollar təşkil etmişdir.
Bolqarıstan Respublikası
Azərbaycanın dövlət
müstəqilliyini 1992-ci il
yanvarın 14-də tanıyıb
və iki ölkə arasında diplomatik münasibətlər
isə 5 iyun 1992-ci ildə qurulub. Bolqarıstanın Azərbaycandakı
səfirliyi 1999-cu ilin
dekabrından, Azərbaycanın
Bolqarıstandakı səfirliyi
isə 2004-cü ilin aprel ayından fəaliyyət göstərir.
İki ölkə
arasında humanitar əlaqələrin tarixi ötən əsrlərə
gedib çıxır.
XX əsrin əvvəllərində
bir çox bolqar ailələri Ukraynadan Azərbaycana köçüblər və
əsasən gözəl
tarixi şəhər
olan Gəncədə
məskunlaşıblar.
1995-ci ildə Ümummilli
Lider Heydər Əliyev Bolqarıstan Respublikasının Prezidenti
Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında
saziş imzalanıb. Dövlətlərarası əlaqələrimizə
təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan
əlaqələri yüksələn
xətlə inkişaf
etməkdədir.
İndiyədək Azərbaycan
ilə Bolqarıstan arasında müxtəlif sahələri əhatə
edən möhkəm müqavilə-hüquq bazası
yaradılıb, investisiyaların
qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat,
gömrük, turizm və digər sahələrdə 80-dən çox
sənəd imzalanıb.
Bunun nəticəsində
Azərbaycanla Bolqarıstan
arasındakı ikitərəfli
münasibətlər strateji
tərəfdaşlıq xarakteri
daşıyır. Bunun
məntiqi davamı kimi, hazırda hər iki ölkədə
dövlət başçıları
arasında imzalanmış
"Strateji tərəfdaşlıq
haqqında Bəyannamə"
fəaliyyət göstərir.
Bu amil həyatın
müxtəlif sahələrində
münasibətlərin yüksələn
xətlə inkişafına
münbit zəmin yaradır.
Yüksəksəviyyəli qarşılıqlı səfərlərin
həyata keçirilməsi
siyasi münasibətlərin
inkişafına əhəmiyyətli
təsir göstərmişdir.
Maraqlıdır ki, Bolqarıstanın dövlət
başçıları digər
ölkələrlə müqayisədə
Azərbaycana daha çox səfər etmişlər. Prezident İlham Əliyevin də ən çox səfər etdiyi ölkələrdən
biri dost Bolqarıstandır.
Prezident İlham
Əliyevin 2023-cü il
aprelin 25-də Bolqarıstana işgüzar səfəri qarşılıqlı
əlaqələrin sürətli
inkişafına təkan
verdi. Azərbaycan Prezidenti bolqarıstanlı
həmkarı ilə təkbətək görüşündə
iki ölkə arasında münasibətlərin
strateji xarakter daşıdığını bir daha vurğuladı.
Həmin gün imzalanan anlaşma memorandumu hər iki ölkənin
təşəbbüslərinin reallaşmasında vacib əhəmiyyətə malikdir.
Ölkə parlamentləri
arasındakı əlaqələr
də strateji tərəfdaşlığın ruhuna uyğun olaraq inkişaf etməkdədir. Hər iki ölkə parlamentində yaradılmış
dostluq qrupları əməkdaşlığın inkişafına öz töhfəsini verir. Qeyd etmək yerinə düşər ki, 2023-cü ilin sentyabrında Bolqarıstan
Respublikasının Baş
naziri Nikolai Denkov ilə Azərbaycanın Milli Məclisin Sədri Sahibə Qafarova arasında keçirilmiş
görüş həmçinin
yeni əməkdaşlıq
imkanlarının gündəmə
gətirilməsi ilə
yadda qaldı.
Həmçinin hazırda
Azərbaycan ilə Bolqarıstan çoxtərəfli
təsisatlar çərçivəsində
də uğurlu əməkdaşlıq edirlər.
Beynəlxalq qurumların
kürsülərindən həmişə
bir-birinin maraqlarını
müdafiə edirlər.
Hər iki ölkə BMT və onun müxtəlif qurumlarından başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvüdür,
hansı ki Azərbaycanın Bolqarıstan
da daxil olmaqla Cənub-Şərqi
Avropa ölkələri
ilə əlaqələrinin
inkişafına kömək
edir.
Hökumətlərarası münasibətlər də
normal məcrada inkişaf edir. İki ölkə arasında xarici işlər nazirlərinin
sədrliyi ilə Azərbaycan-Bolqarıstan strateji
dialoqu fəaliyyət
göstərir. Mütəmadi
olaraq strateji dialoqun iclasları növbə ilə hər iki ölkədə
keçirilir.
İqtisadi əlaqələr
qarşılıqlı faydalı
əməkdaşlıq səviyyəsinə
yüksəlmişdir. Bolqarıstan
Azərbaycanda nəqliyyat
və logistika sahəsinin, nəqliyyat dəhlizlərinin inkişafında,
o cümlədən əczaçılıq,
informasiya texnologiyaları
sahələrində əməkdaşlığın
genişləndirilməsində maraqlıdır.
Bolqarıstan Azərbaycanla
birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRASECA) fəal
iştirak edir. İki dövlət arasında həmçinin
regional təşkilat
olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
çərçivəsində də sıx münasibətlər mövcuddur.
Bu dost ölkə
Azərbaycanı Cənubi
Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş
hesab edir. Azərbaycan tərəfi də Bolqarıstanı Avropa İttifaqındakı
strateji tərəfdaşı
sayır.
Bu gün enerji sahəsində əməkdaşlıq Azərbaycan-Bolqarıstan
münasibətlərinin təməl
daşı hesab edilir və bu, artıq strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir.
Bolqarıstan "Cənub
qaz dəhlizi"nin üzvüdür. Məlum
olduğu kimi, "Cənub qaz dəhlizi"nin maliyyə
tutumu
40 milyard dollara
bərabərdir və
bu layihə 7 ölkəni birləşdirir
ki, onlardan biri də Bolqarıstandır.
"Şahdəniz" yatağından
qaz artıq Avropa ölkələrinə
çatdırılır.
"Cənub qaz
dəhlizi"nin Avropa
hissəsi olan TAP vasitəsilə hər il Bolqarıstana bir milyard kubmetr
həcmində qaz nəql olunur. Bolqarıstan 2023-cü ilin
ilk 10 ayı ərzində Azərbaycandan
təbii qaz alışını
3 dəfəyə yaxın
artırıb. Ötən ilin yanvar-oktyabr ayları ərzində bu ölkəyə 982.8 milyon
m3 həcmində təbii
qaz ixrac edilib və bu, əvvəlki illə müqayisədə
168 faiz çoxdur. Azərbaycan Bolqarıstana
satdığı təbii
qaza görə bu ölkədən 363.3 milyon dollar gəlir əldə edib. Azərbaycan tərəfi təbii qazın hər 1000 kubmetrini 2022-ci ilin ilk 10 ayında
orta hesabla 648.5 dollara satdığı halda,
2023-cü ilin müvafiq
dövründə 369.6 dollara
satıb. Bu da qiymətlərin illik 43 faiz daha
ucuz olması deməkdir.
İki ölkə
arasında ticarət əlaqələri ildən-ilə
genişlənir. Ötən
il Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsinin həcmi
456 milyon dollardan çox olub. Azərbaycan Bolqarıstana
429 milyon dollarlıq məhsul ixrac edib. Azərbaycanın Bolqarıstandan idxal etdiyi məhsulların dəyəri isə 27 milyon dollar təşkil
edib.
2023-cü ilin yanvar-iyun
aylarında Azərbaycandan
Bolqarıstana 184 milyon
568 min dollar dəyərində məhsul
ixrac edilib. Bolqarıstana məhsul ixracı ötən ilin yanvar-sentyabr aylarında 2 dəfədən
çox artıb. Hazırda ölkələrimiz
arasında müxtəlif
sahələrdə, o cümlədən
kənd təsərrüfatı,
informasiya-kommunikasiya texnologiyaları
və əczaçılığın
inkişafı üçün
müxtəlif layihələr
həyata keçirilir.
Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının
fəaliyyəti də
iqtisadi əlaqələrin
inkişafı baxımından
əhəmiyyətlidir. Hazırda
Azərbaycanda Bolqarıstan
kapitallı 10-dan çox
şirkət fəaliyyət
göstərir. Azərbaycan-Bolqarıstan
biznes-forumlarının müntəzəm
keçirilməsi də
iqtisadi əməkdaşlığın
yeni sahələrinin aşkara çıxarılmasına
müsbət təsir
göstərir.
Mədəni sahədə
əlaqələr də
hər iki ölkə xalqlarının
bir-birilə yaxınlaşmasında
böyük rol oynayır. Təsadüfi deyil ki, hər
iki ölkə rəhbərliyi tərəfindən
mədəni əlaqələrin
səviyyəsi yüksək
qiymətləndirilir. Təqdirəlayiq
haldır ki, iki ölkə şəhərləri arasında
qardaşlaşma halları
artıq bir ənənə halını
almışdır. Şəki-Qabrovo
(hər ölkənin
yumor paytaxtları), Naxçıvan-Veliko Tırnovo,
Sumqayıt-Burqas, Gəncə-Plovdiv.
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
ilə Veliko Tırnovo şəhəri
arasında qardaşlıq
əlaqələrinin yaradılması
haqqında memorandumun da önəmi böyükdür.
Azərbaycan tərəfi
bu dost ölkədə
bir sıra mədəni obyektlərin
bərpasında öz
xeyriyyəçilik missiyasını
yerinə yetirmişdir.
Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərinin inzibati
mərkəzində yerləşən
Trapezitsa Memarlıq Muzey-Qoruğu bərpa edilmişdir. Fond həmçinin qoruğun
158 metrlik qərb divarının yenidən qurulmasına, 880 metrlik turist xiyabanının tikintisinə və Bolqarıstanda Orta əsrlər dövrünə
aid üç kilsənin yenidən qurulmasına maliyyə yardımı göstərib.
Elm və təhsil sahəsində əlaqələr də ürəkaçandır. Hazırda
Bolqarıstanın Azərbaycandakı
səfirliyinin köməyi
ilə Bakı Slavyan Universitetində yaradılmış Bolqar Dili və Mədəniyyəti
Mərkəzi fəaliyyət
göstərir. Müasir
texniki avadanlıqla təchiz edilmiş mərkəzin nəzdində
həmçinin bədii
ədəbiyyat, siyasi
tarix, iqtisadiyyat və bolqar dili üzrə materiallardan ibarət kitabxana fəaliyyət göstərir. Mərkəzin
əsas vəzifəsi
Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri
inkişaf etdirmək,
gənclərin hər
iki ölkənin mədəniyyətinə, təhsilinə,
maarifinə və elminə marağını
artırmaq və həmçinin universitetdə
bolqarşünaslıq istiqaməti
üzrə tədris prosesinin təkmilləşdirilməsinə
kömək etməkdir.
Hər iki ölkənin zəngin təbiəti və hər iki xalqın
qonaqpərvərliyi xarici
turistləri cəlb edən mühüm amillərdir. Bu cəhətdən iki ölkə arasında turizm sahəsində də əlaqələr inkişaf etməkdədir.
Təsadüfi deyil ki, turizm sahəsinin
qabaqcıl iştirakçılarını
bir araya toplayan ənənəvi
19-cu Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisi
"AITF" ötən il
aprelin 4-6-da "Bakı-Ekspo"
Mərkəzində keçirildi.
Sərginin daimi iştirakçısı olan
Bolqarıstan bu tədbirin baş sponsoru oldu. Sərgidə tibbi və sağlamlıq turizmi, maarifləndirici turizm, xaricdə daşınmaz əmlak, idman avadanlığı, ovçuluq və balıqçılıq, dəniz
və çay kruizləri, aviaşirkətlər,
milli və regional turizm orqanları, turizm agentlikləri və tur operator kimi
müvafiq bölmələr
təmsil olundu. Sofiya ilə Bakı arasında birbaşa hava əlaqəsinin bərpası
isə Azərbaycanla münasibətlərin genişlənməsinə
mühüm töhfə
verir.
Böyük əminliklə
qeyd edə bilərik ki, qarşılıqlı faydalı
əməkdaşlıq Azərbaycanın
Avropada regional geosiyasi və geoiqtisadi mövqeyini möhkəmləndirməklə yanaşı, Bolqarıstanın
da Cənubi Qafqazda mövqelərini daha da gücləndirəcəkdir.
Bu əməkdaşlıq
Avropanın enerji təhlükəsizliyinin etibarlı
təminatında mühüm
rol oynayır. Bü gün nikbinliklə vurğulaya bilərik ki, qarşılıqlı faydaya
əsaslanan Azərbaycan-Bolqarıstan
əməkdaşlığı Avropanın digər ölkələri üçün
də nümunə ola bilər.
Atamoğlan
MƏMMƏDLİ,
BDU-nun dosenti
Azərbaycan.-2024.-
3 mart, № 49.- S.8.