Cismani yoxluğundan bizi 50 ildən çox bir vaxt
ayırsa da, adı çəkiləndə,
xatırlananda istər-istəməz
adamın üzündə xoş bir təbəssüm
yaranır, insanın ovqatı dəyişir. Onun obrazlar
qalereyası həmişə gözümüz önündə
canlanır. Çoxsaylı tamaşalarda, filmlərdə
yaratdığı xarakterlər yada düşür. Əsl səhnə
ustası idi. Əgər onu xarakterizə etsək, cəmi bir
cümlə kifayət edər ki, deyək: "O, böyük
aktyor idi". Söhbət görkəmli gülüş
ustası Lütfəli Abdullayevdən gedir.
Lütfəli Abdullayev 1914-cü ilin martında Şəkidə
tacir ailəsində anadan olub. 14 yaşına qədər
Şəkidə yaşayan Lütfəli fəhlə-gənclər
klubunda həvəskar aktyor kimi müxtəlif tamaşalarda
iştirak edir. 1928-ci ildə Bakıya gəlir. Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində
fəaliyyət göstərən valtorna sinfinin məşğələlərində
iştirak edir. Professor Berolskinin kursunda ifaçılıqla məşğul
olur, Opera və Balet Teatrının xor truppasında oxumağa
başlayır. 1939-cu ildə Azərbaycan Dövlət Musiqili
Komediya Teatrı yaradılarkən Lütfəli Abdullayev də
burada çalışmağa başlayır.
1949-cu ilin yazında teatr maliyyə çətinliyi ilə
bağlı fəaliyyətini dayandırmalı olur.
1956-cı ilə kimi Milli Dram Teatrında fəaliyyət
göstərən Lütfəli Abdullayev Şəmsi Bədəlbəylinin
bədii rəhbərliyi ilə Azərbaycan Dövlət
Musiqili Komediya Teatrı yenidən
fəaliyyətə başlayanda dogma kollektivə qayıdaraq
demək olar ki, ən populyar, uğurlu və
uzunömürlü tamaşalarda rol alır.
Ömrünün sonuna qədər Musiqili Komediya Teatrında
çalışan aktyor səhnədə özünəməxsus
və yaddaqalan obrazlar yaradır.
Lütfəli Abdullayev həyatını səhnəsiz
təsəvvür etmirdi. Xüsusilə teatrda
tamaşaçı ilə aktyor arasında canlı ünsiyyət
olduğu üçün ömrünü teatra
bağlamışdı.
Cəmi 6 filmdə rol alan aktyorun kino
yaradıcılığı da olduqca uğurlu olub. Üzeyir
bəy Hacıbəylinin təşəbbüsü ilə
1945-ci ildə "Arşın mal alan"da Lütfəli
Abdullayevin yaratdığı "Vəli" obrazı filmə
bir il sonra, 1946-cı ildə Stalin dövlət
mükafatını qazandırır. 1956-cı ildə
Hüseyn Seyidzadənin "O olmasın, bu olsun"unda
"Baloğlan", 1960-cı ildə Ş.Şeyxovun "Qəribə
əhvalat"ında "Kefçilov", 1962-ci ildə Rəşid
Atamalıbəyovun "Payız konserti"ndə konsert təşkilatçısı,
1963-cü ildə Adil İsgəndərovun "Əhməd
haradadır" filmində "Zülümov", 1964-cü
ildə Ağarza Quliyevin "Ulduz"unda "Məhəmməd"
kimi ölməz obrazlar yaradır.
Lütfəli Abdullayev ali təhsil almayıb. Heç
orta məktəbdə də yaxşı oxuyan şagird
olmayıb. Yalnız ərəb əlifbası ilə
yazıb-oxumağı bacaran aktyor rus dilində cəmi bir
neçə söz bilirmiş. Kitab oxumaqla arası olmayan
aktyor yaratdığı obrazların sözlərini həyat yoldaşı Sevda
Pepinovanın köməyi ilə öyrənirmiş.
Aktyorun ömür-gün yoldaşı Sevda xanımla
tanışlıqlarının da maraqlı tarixçəsi
var. 1943-cü ildə ilk dəfə teatrın yeməkxanasında
nahar masası arxasında tanış olduğu Sevda xanımı aktyor premyerası olacaq "Ürəkaçanlar"
tamaşasına dəvət edir.
Çox keçmir, Lütfəli Abdullayev sevdiyi Sevda
xanımın evinə elçilərini göndərir. Sevda
xanımın babası Həsən bəy Ağayev ADR
parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan
Xalq Cümhuriyyətinin ilk əmək naziri olub. Ömər
Faiq Nemanzadənin isə bibisi qızı idi.
O zaman Sevda xanım nənəsi ilə birlikdə
yaşayırdı. Nənəsi
elçiləri görüb çox hirslənir. Xədicə
xanım nəvəsinin Lütvəli Abdullayevlə ailə
qurmasına razılıq vermir. Dörd dəfə sevdiyi
qıza elçi göndərib "yox" cavabı alan aktyor 5 il Sevda xanımla gizli
görüşür. 1948-ci ildə Lütfəli Abdullayev
teatrdan ev aldıqdan sonra kəbin kəsdirib sevgilisinə ona
qoşulub qaçmağı təklif edir. Aktyorun təklifi ilə
razılaşmadığı üçün yolları
ayrılır, Sevda xanımı Hacımurad İbrahimbəyli
adlı bir generala ərə verirlər. Lakin bu izdivacın
ömrü az olur. Cəmi 4 ay sonra Sevda xanım nənəsinin
evinə qayıdır.
Bu arada isə Musiqili Komediya Teatrı müvəqqəti
bağlanmışdı. Teatrın bir sıra aktyorları ilə
yanaşı, Lütfəli Abdullayev də "Azdrama"ya
keçmişdi. 1957-ci ildə - ilk görüşlərindən
14 il sonra Lütfəli işdən çıxanda Sevdanın
onu gözlədiyini görüb təəccüblənir.
Ayrılıq olmayıbmış kimi mehriban
görüşürlər. Nəhayət, uzun çək-çevirdən
sonra Xədicə xanım onların
izdivacına razılıq verir.
Şəkər xəstəsi olan aktyora həkim pəhriz
saxlamağı tövsiyə etsə də, o, buna əməl
etmirdi.
Politexnik İnstitutunda keçirilən
görüşdən evə qayıdan aktyor şam edəndən
sonra tanışlarına zəng vurur. Sonuncu telefon zəngi isə
Bəxtiyar Vahabzadəyə olur. "Bəxtiyar, Mahmudun
yanına gedəcəm, sözün varsa de
çatdırım" deyir. Heç nə başa
düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini
soruşur. "Atan Mahmudu deyirəm də" deyə cavab
verir. Sevda xanım ərinin bu sözündən əsəbiləşir.
Gecə qəfil vəziyyəti ağırlaşan aktyoru xilas
etmək üçün təcili yardım
çağırırlar. Beyninə qan sızan Lütfəli
Abdullayev 1973-cü il dekabrın 9-da
çox sevdiyi Sevdasının növbəti doğum
günündə gözlərini əbədi yumur.
Bu il görkəmli aktyorun anadan olmasının 110
illiyi qeyd olunur.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
3 mart, ¹ 49.- S.10.