Xocalıya
da ədaləti Müzəffər Komandan İlham Əliyev gətirdi
Ötən ay ölkəmizdə keçirilən
növbədənkənar prezident
seçkiləri Azərbaycanın
yeni tarixi dövrünün başlanğıcı
oldu. Geridə qalan mərhələ xalqımızın və
dövlətimizin keşməkeşli
illərini, faciələrini,
eyni zamanda möhtəşəm uğurlarını
və qələbələrini
əks etdirir.
Hərbi məğlubiyyətlərdən
şanlı Zəfərə,
nəhəng sosial-iqtisadi
inkişafa, parçalanmış
və məhvə sürüklənən dövlətdən
tarixin ən qüdrətli Azərbaycanına
keçid təkcə
qəhrəmanlıq salnaməsi
deyil, həm də hər zaman düşmənin yadda saxlamalı olduğu ibrət dərsidir.
Möhtərəm cənab
Prezident İlham Əliyev seçkilərə
qüdrətli dövlət
xadimi, qlobal nüfuzlu müdrik lider olmaqla yanaşı,
yaşı iki əsrə bərabər tarixi ədalətsizliyə,
30 illik münaqişəyə
və təcavüzə
son qoyan, Azərbaycanın ərazi
bütövlüyünü təmin edən Qalib dövlətin Müzəffər Komandan kimi qatılmışdı.
Xalqımız seçkilərdə
cənab İlham Əliyevin timsalında həm də tarixin ən qüdrətli Azərbaycanına,
ən möhtəşəm
Zəfərinə, öz gələcək
işıqlı taleyinə
səs verdi.
Altı il öncə andiçmə
mərasimində "münaqişə
yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü
çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə
ikinci qondarma erməni dövləti yaradılsın. Azərbaycan
xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz öz torpaqlarımızı
azad edəcəyik. Buna nail olmaq
üçün daha da güclü olmalıyıq və olacağıq", - deyərək
qətiyyətli mövqeyini
bildirən Prezident cənab İlham Əliyev özü bu dəfə Xankəndidə, insanlarımız
isə Şuşada, Xocalıda, Ağdamda, Agdərədə, Zəngilanda,
Füzulidə, Qubadlıda
və işğaldan azad olunmuş digər ərazilərdə
səs verdilər.
Öncəki seçkilərdə
yeni salınmış
qaçqın qəsəbələrində
sakinlərlə görüşən
dövlət başçısı
indi keçmiş məcburi köçkünlərə
Füzulidə, Laçında,
Talışda, Ağalıda
və digər yaşayış məntəqələrində
yeni mənzillərin açarlarını
təqdim etdi.
Xalqımızın
üzləşdiyi faciələrin,
uğursuzluqların səbəbkarı
olan müharibə cinayətkarları, separatçı
rejimi idarə edənlərin bir çoxu həbs edilərək, Bakıda, təcridxanalarda ədalət
mühakiməsindədirlər. Hər bir vicdanlı
azərbaycanlıda mənəvi
rahatlıq, böyük
təskinlik yaradan bu önəmli faktın özü də məhz möhtərəm Prezidentimizin,
Ali Baş Komandanımızın qətiyyətinin,
prinsipiallığının, "Dəmir yumruğu"nun sarsılmaz gücü, bariz gerçəkliyidir.
Ulu Öndər
Heydər Əliyevin banisi olduğu strategiya əsasında həyata keçirilən
müdrik siyasət nəticəsində Prezident
İlham Əliyev tariximizin ən böyük hərbi zəfərini, ən qüdrətli dövlətçilik
nailiyyətini qazanıb
və ölkəmizin
mühüm təhlükəsizlik
faktorunu reallaşdırıb.
Bu Zəfərin
ən sevindirici nəticələrindən biri
də odur ki, xalqımıza yeni əlamətdar günlər, bayramlar bəxş olunub. Həmçinin heç vaxt unutmayacağımız
məğlubiyyət, faciə,
soyqırımı günlərini
də artıq nisgil və kədərlə yox, qalibiyyət, "Qisasımız
alındı!" duyğusu
ilə keçiririk.
Xocalı soyqırımının
32-ci ildönümünün azad olunmuş Xocalıda qeyd edilməsi Zəfər salnaməsinin
şanlı səhifəsidir.
Möhtərəm Prezidentimiz,
Ali Baş Komandanın bu günü Xocalıda xocalılarla birlikdə keçirməsi isə yaddaşlarda daim yaşayacaq əlahiddə
hadisə idi. Xocalıdan olan minlərlə soydaşımız,
o cümlədən mənim
üçün Qüdrətli
Xilaskarımızın bu
böyük həssaslığı,
ali vətənpərvərliyi,
səmimi təəssübkeşliyi
olduqca mühüm əhəmiyyət daşıyır.
Xocalıda doğulmuşam.
Ötən əsrin
70-80-ci illərində Qarabağ
bölgəsində daxili
işlər orqanlarında
müxtəlif vəzifələrdə
çalışmışam. Hər qarışı, hər cığırı,
evi, küçəsi
mənə əziz olan bu doğma
yurdumuzun taleyində həm qürurverici, həm də məşəqqətli günlər
çox olub. Ulu Öndərin Azərbaycanda ali hakimiyyətdə olduğu
1970-ci illərdə bütün
Qarabağımız kimi
Xocalı və xocalılılar da öz tarixlərinin xoş günlərini yaşayıblar. 1980-ci illərin
sonlarından isə Xocalı taleyin ümidinə buraxılıb,
güclü və hiyləgər düşmən
qarşısında tək,
əliyalın
qalıb. Sonrası artıq hər kəsə bəllidir...
Bir gecədə
tariximizin ən qanlı soyqırımına
məruz qalan və nəhayət, saatlar içində azad olunan Xocalıya
doğru 31 il yol gəldik. Xocalılılar, eləcə
də digər qaçqın və köçkün soydaşlarımız
bu müddətdə çox əzab-əziyyətlərə
qatlaşmalı oldular,
həyatlarını sıfırdan
qurmağa məcbur qaldılar. Respublikanın
şəhər və
rayonlarındakı yataqxanalarda,
yarımçıq tikililərdə,
vaqon və çadırlarda məskunlaşdılar.
Amma onlar doğma torpaqlarına qayıdacaqlarına ümidlərini
heç vaxt itirmədilər. Dövlətin
dəstəyi, şəxsən
Prezidentimizin himayəsi
ilə yeni tikilən şəhərciklərdə
evlərlə təmin
edildilər. Düşmənin
törətdiyi soyqırımı
və işğal xocalılılara böyük
kədər, nifrət
gətirdisə, Ulu Öndər Heydər Əliyev və Müzəffər Sərkərdəmiz
cənab İlham Əliyev onlarda dövlətə,
qələbəmizə inam
yaratdılar.
Bütün xocalılılar
üçün 15 oktyabr
əziz, çox əlamətdar gündür.
Bu günü tariximizə və taleyimizə yazan isə Yenilməz Qəhrəman, yeni əsrin Milli Lideri cənab İlham Əliyevdir. Biz azad Xocalıya,
Şuşaya, Xankəndiyə,
Laçına, Qubadlıya,
Zəngilana, Füzuliyə
və digər yurd yerlərimizə görə, belə möhtəşəm qalibiyyətə
görə Ona qəlbən minnətdarıq.
Xocalılı yurddaşlarım,
ağsaqqal-ağbirçəklərimiz, gənclərimiz qədirbilənliklə
deyirlər ki, həyatımızın ən
böyük sevincini bizə Böyük Qurtuluşumuzun memarı, Xilaskarımız Ulu Öndər Heydər Əliyev, onun vəsiyyətini, xalqımızın çoxəsrlik
arzusunu, istəyini müdrikliklə, layiqincə
həyata keçirən
Müzəffər Sərkərdəmiz
cənab İlham Əliyev yaşadıb.
Möhtərəm Prezidentimizin
Xocalı ictimaiyyətinin
nümayəndələri ilə
görüşündəki bu fikirləri hər birimizi qürurlandırdı. "Bu
gün biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir...
Biz Xocalısız ərazi bütövlüyümüzün,
suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının
Azərbaycan xalqının
tarixində və şüurunda o qədər
böyük yeri var ki, bu
faciə qəlbimizdə
o qədər böyük
yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik", - deyən
Müzəffər Komandan
xalqa böyük zəfərin növbəti
hesabatını verdi,
həm də savaşın və antiterror tədbirlərinin
ən həssas məqamlarını açıqladı.
Qürur və
fəxr hissilə şahidi oluruq ki, cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş hər bir yaşayış
məntəqəsində dərhal
quruculuq, bərpa, yenidənqurma işlərinə
başlayır, həmin
ərazini böyük
tikinti meydanına çevirir. Qarabağ və Şərqi Zəngəzurda "ağıllı
kənd", "yaşıl
enerji" konseti ilə məktəbdən
aeroportlara, parklardan istehsal müəssisələrinə,
mədəniyyət obyektlərindən
dünyanın ilk onluğuna düşən
modern tunellərinədək
bütün zəruri
sosial infrastrukturlar yaradılır, istifadəyə
verilir. Bölgədə
bu il sayı
20-yə çatacaq məskunlaşdırılan
yaşayış məntəqələri
sırasında Xocalının
da adının olması, əlbəttə
ki, yalnız sosial məsələ deyil, növbəti mənəvi uğur, qələbədir.
Hər qarışına
şəhid qanı tökülən, az qala hər addımda
soyqırımı qurbanlarının
qalıqları tapılan,
hər tərəfdə
dəhşətli erməni
vandallığının izləri
görünən bu məğrur və əzabkeş şəhərdə
də bərpa və yenidənqurma işləri böyük vüsətlə davam edir. Biz xocalılılar
böyük məmnunluqla
və minnətdarlıq
hisslərilə müşahidə
edirik ki, Milli Liderimiz Azərbaycanın yenilməz
Zəfər Qalası
kimi Xocalını yenidən, daha mükəmməl şəkildə qurub-yaradır.
Prezident
cənab İlham Əliyevin sayəsində
körpələrimiz artıq
yeni Xocalıda dünyaya gələcəklər,
Xocalıda məktəbə
gedib, ailə və ev qurub
yaşlanacaqlar. Bu, böyük xoşbəxtlikdir.
Dünyadan köçənlərimizi
artıq köçkün
qəbiristanlıqlarında deyil, dədə-baba yurdlarımızın məzarlıqlarında
dəfn edəcəyik.
Möhtərəm İlham
Əliyev Xocalıya azadlıq bəxş etməklə dağıdılmış
məzarlarda uyuyan əzizlərimizin ruhuna,
613 soyqırımı şəhidinə
olan borcumuzu hamımızın əvəzindən
ödədi. O, Xocalı
itkisi, Xocalı nisgili, ağrısı ilə dünyasını
dəyişən minlərlə
məcburi köçkünün,
yurdumuzda məzarları
dağıdılan insanlarımızın
nisgilli ruhlarına əbədi rahatlıq bəxş etdi.
Xocalılılar üçün
əlamətdar hadisələrdən
biri də Ulu Öndərin şanlı izinin yeni Xocalıda əks olunmasıdır. Xocalı Soyqırımı
Memorialının Heydər
Əliyev Fondu tərəfindən yaradılmasının
böyük tarixi əhəmiyyəti var. Möhtərəm Mehriban xanım Əliyevanın və Leyla Əliyevanın
20 ildir həyata keçirtdikləri "Xocalıya
ədalət!" kampaniyası
bütün dünyada
səs salmışdır.
Soyqırımı həqiqətləri
qlobal miqyasda tanıtdırıldı, xaricdə
bu məqsədlə yüzlərlə tədbir,
yürüş, mitinq
və digər tədbirlər təşkil
olunmuşdur. Xocalılılar
onların ağrılarını,
əzablarını, qanlı
tarixlərini yorulmadan,
usanmadan, böyük fədakarlıqla, misilsiz vətənpərvərliklə dünyaya yayan və yaşadan hörmətli Mehriban xanım Əliyevaya və Leyla Əliyevaya
əbədi minnətdardırlar.
Soyqırımı şəhidlərinin
ruhuna rahatlıq bəxş edən Heydər Əliyev siyasətinin bu qəhrəman təmsilçilərinə
borcumuz əsla heç zaman ödənilməz.
Bu gün çox qürurlu bir hadisənin də şahidləriyik və mən bunu daha çox
xalqımızın, Qarabağ
camaatının mühüm
mənəvi dəyəri
kimi qiymətləndirirəm.
Qarabağ və Şərqi Zəngəzurun
bütün keçmiş
məcburi köçkünləri
öz rayonlarının
ən görkəmli təmsilçisi kimi məhz cənab İlham Əliyevi görürlər və fəxrlə deyirlər:
"Ən böyük
şuşalı İlham
Əliyevdir", "ən
böyük xocalılı
İlham Əliyevdir",
"ən böyük
füzulili İlham Əliyevdir", "ən
böyük laçınlı
İlham Əliyevdir",
"ən böyük
ağdamlı İlham
Əliyevdir"…
Cənab İlham
Əliyev işğaldan
azad olunmuş rayon və kəndlərin
quruculuğuna elə böyük həssaslıq,
qayğı, təəssübkeşliklə
yanaşır ki, əhali də Xilaskarını, haqlı
olaraq, öz doğması, əzizi, qəhrəmanı
və qurucusu sayır.
Möhtərəm cənab
Prezident İlham Əliyev xocalılılar
üçün də
prezidentlik statusundan qat-qat artıq yüksəklikdə dayanır,
sevilir.
Xilaskarlarımıza - Heydər Əliyev irsinə, İlham Əliyev şəxsiyyətinə
Xocalının, xocalılıların
sədaqəti, vəfası,
bağlılığı daim var olacaqdır!
Ramil USUBOV,
Azərbaycan Respublikasının Təhlükəsizlik
Şurasının katibi,
general-polkovnik
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.4.