Avropanın səkkiz ölkəsi
Azərbaycan qazı ilə təchiz olunur
Prezident
İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 4-də
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen
Dimitrov Jelyazkovu qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Rosen Dimitrov Jelyazkov Bolqarıstan Prezidentinin
salamlarını və prezident seçkilərində qələbəsi
münasibətilə təbriklərini dövlətimizin
başçısına çatdırdı. Qonaq öz
adından da Prezident İlham Əliyevi prezident seçkilərində
inamlı qələbəsi münasibətilə təbrik edərək
vurğuladı ki, bu, Azərbaycan xalqının dövlətimizin
başçısının siyasətinə mütləq dəstəyinin
ifadəsidir.
Prezident
İlham Əliyev təbriklərə görə minnətdarlığını
bildirdi, onun da salamlarını Prezident Rumen Radevə
çatdırmağı xahiş etdi.
Rosen Dimitrov
Jelyazkov Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin
strateji tərəfdaşlıq zəminində inkişaf
etdiyini vurğuladı, iki ölkənin parlament nümayəndə
heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını
qeyd etdi. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
aparılan bərpa-quruculuq işlərinə toxundu. Qonaq
ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə
təbriklərini çatdırdı və zəngin
qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan
tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində
həyata keçirilən layihələrin önəmini
vurğuladı. O, Qara dənizin dibi ilə çəkiləcək
elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq
niyyətini ifadə edərək, bütövlükdə
ölkələrimiz arasında enerji sahəsində uğurlu
əməkdaşlığın həyata keçirildiyini
dedi.
Prezident
İlham Əliyev Azərbaycanın beynəlxalq hüququn
prinsiplərinə uyğun olaraq öz ərazi
bütövlüyünü və suverenliyini tam bərpa
etdiyini bildirdi. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən
Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın
başlandığını və bunun qərəzli xarakter
daşıdığını qeyd etdi. Avropa Şurası
Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli
və çirkin kampaniyanın aparıldığını
deyən dövlətimizin başçısı bu cür
yanaşmanın nümayəndə heyətimiz
üçün dözülməz olduğunu
vurğuladı. Bu ədalətsizliyə qarşı bir
sıra ölkələrin parlamentləri tərəfindən
mövqenin ifadə olunduğunu qeyd etdi.
Azərbaycan
Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən
müharibəsi başa çatdıqdan sonra Azərbaycanın
sülhün irəli aparılması üçün təşəbbüslərinə
Ermənistanın müsbət münasibət bildirmədiyini,
əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti
apardığını, həmin ərazilərə
böyük həcmdə minaların və silah-sursatın
göndərilməsini davam etdirdiyini xatırladı.
Azərbaycan
ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq
əlaqələrinə toxunan Prezident İlham Əliyev
yüksək səviyyəli qarşılıqlı səfərlərin
və görüşlərin önəmini qeyd edərək,
ötən ilin dekabrında Serbiyada Rumen Radevlə
keçirdiyi görüşü məmnunluqla
xatırladı.
Dövlətimizin
başçısı yaşıl enerji layihəsi çərçivəsində
Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli
layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini
müsbət addım kimi dəyərləndirdi və bunun
layihədə iştirak edən bütün dövlətlər
tərəfindən dəstəkləndiyini vurğuladı.
Bakıda Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin iclasının uğurla keçirildiyini deyən
Prezident İlham Əliyev bu tədbirdə Azərbaycanın
panavropa enerji təchizatçısı olmasının
vurğulandığını bildirdi və Avropanın səkkiz
ölkəsinin Azərbaycan qazı ilə təchiz
olunduğunu qeyd etdi.
Söhbət
zamanı ölkələrimiz arasında enerji sahəsində
əməkdaşlıq kontekstində SOCAR-ın
Bolqarıstanda ofisinin fəaliyyət göstərməsi məmnunluqla
vurğulandı.
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.2.