Prezident
İlham Əliyev
"yaşıl enerji"
ilə bağlı önəmli mesajlar verdi
Yaşıl
dünya naminə həmrəylik ili 2024
"Azərbaycan
bu gün beynəlxalq aləmdə qazandığı
nüfuzu, iqtisadi inkişafı, düşmən üzərində
əldə etdiyi tarixi qələbəsi, dünyada sülh,
demokratiya, azadlıq uğrunda mübarizəsi, bəşəriyyətə
qarşı humanist davranışları ilə diqqət mərkəzindədir.
Prezident
İlham Əliyev dünya ölkələri ilə
qarşılıqlı əməkdaşlığa, xalqlar
arasında münasibətlərin
yaxınlaşdırılmasına və
yaxşılaşdırılmasına, dövlətlərin
suverenliyinin və müstəqilliyinin qorunmasına
böyük önəm verir".
Bu sözləri
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev
"Azərbaycan" qəzetinə açıqlamasında
deyib. Onun fikrincə, dövlət başçısı beynəlxalq
aləmdə baş verənləri qiymətləndirməklə
yanaşı, haqqın, ədalətin qarantı kimi
çıxış edir. Bir çox beynəlxalq təşkilatların,
böyük dövlətlərin sülhün, insan
haqlarının müdafiəsi sahəsində tutduqları
ikili mövqe Prezident İlham Əliyevin kəskin,
barışmaz mövqeyi ilə üzləşir.
Sözsüz ki, bu, sülhsevər bəşəriyyət tərəfindən
rəğbətlə qarşılanır. Çünki
xalqımız 30 il bu haqsızlıqdan əziyyət çəkib,
torpaqlarımız erməni təcavüzkarlarının
işğalı altında qalıb, şəhər və kəndlərimiz
dağıdılıb. Təəssüf ki, beynəlxalq təşkilatlar,
dünyanın ABŞ, Fransa, Almaniya kimi dövlətləri bu
işğala vaxtında münasibət bildirməyib, əksinə,
çox vaxt təcavüzkarların tərəfində
olublar.
Dünyanın,
BMT-nin görə bilmədiyi və görmək istəmədiyi
vəzifəni Azərbaycanın həyata keçirtdiyini deyən
komitə sədri bildirib ki, nəticədə düşmən
məhv edilərək torpaqlarımızdan
çıxarılıb. Bu qələbə Prezident İlham
Əliyevi dünyada cəsarətli, uzaqgörən,
xalqına arxalanan və insanların sarsılmaz birliyinə
nail olan bir rəhbər, ordumuzu yenilməz, mübariz bir
qüvvə, azərbaycanlıları öz torpaqları
uğrunda canlarından belə
keçməyə hazır, həm də düşməni əzməyi
bacaran bir xalq kimi tanıdıb. Azərbaycan yalnız
döyüş meydanında deyil, iqtisadi, sosial sahədə,
dinc quruculuq işlərində də qalibdir. Ölkəmiz bu
gün çox vacib və dövlətlərin gələcəyi
üçün əhəmiyyət kəsb edən tədbirlərə
evsahibliyi edir. "Azərbaycan etibarlı tərəfdaş
olduğunu artıq sübut edib. Bizim sözümüz
imzamız qədər dəyərlidir. Əminəm ki,
qarşımıza qoyduğumuz bütün planlar həyata
keçiriləcəkdir, çünki təkcə keçən
ilin göstəriciləri bunun sübutudur". Bu sözləri
Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində nazirlərin
10-cu və "Yaşıl Enerji" Məşvərət
Şurası çərçivəsində nazirlərin 2-ci
iclasları zamanı deyib, həmçinin "Euronews" televiziyasına
müsahibəsində dünya ölkələrini mövcud
problemləri birlikdə həll etməyə
çağırıb".
T.Rzayev qeyd
edib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rola malikdir. Ölkəmiz
dünyanın 8 dövlətinə qaz nəql edir ki,
onların da 6-sı Avropa dövlətləridir. Avropada istifadəyə
verilmiş İnterkonnektor layihəsinin təməlində,
ilk növbədə, "Cənub qaz dəhlizi"
dayanır. On il bundan əvvəlin təşəbbüsü,
uzunluğu 3500 km olan kəmər artıq reallaşıb və
nəticəsi uğurludur.
Komitə sədri
vurğulayıb ki, Azərbaycanın qaz ehtiyatları yeni,
mühüm layihələrin həyata keçirilməsinə
imkan verəcək: "Prezident İlham Əliyev
çıxışında iqlim dəyişikliklərinin
dünyada yaratdığı fəsadlara diqqəti cəlb edərək
bildirdi ki, bunlar dünya dövlətlərinin birliyi nəticəsində
aradan qaldırıla bilər. Bu sözləri deyərkən
dövlət başçımız Bakıda keçiriləcək
COP29-u nəzərdə tutaraq tədbirin əhəmiyyətli
olacağına inamını ifadə etdi. Ölkə rəhbəri
dedi ki, iqlim dəyişikliyi ilə bağlı olan qlobal tədbirlərə
evsahibliyi etmək istəyimizin olması faktı iradəmizi
nümayiş etdirir. COP29 bizim "yaşıl enerji"
gündəliyimizin, məsuliyyət hissimizin bir hissəsini təşkil
edir. "Yaşıl enerji"yə keçiddə hər
bir dövlət öz vəzifəsini, məsuliyyətini bilməlidir".
T.Rzayevin
fikrincə, dövlət başçısının
çıxışı həm də müəyyən
ölkələrə müraciət xarakteri
daşıyırdı. Əldə etdiyimiz gəlirlərdən
bərpaolunan enerjiyə sərmayə yatırtmaqla bu sahəyə
töhfə verməyin önəmi diqqətə
çatdırıldı. Azərbaycan bərpaolunan enerji layihələrinin
həyata keçirilməsində maraqlı və
iddialıdır.
Prezident
İlham Əliyevin çıxışı, müəyyənləşdirdiyi
vəzifələr milli maraqlarımızı ifadə etməklə
yanaşı, dünya ölkələri üçün
iqtisadiyyatın inkişafı, əlaqələrin möhkəmləndirilməsi,
normal həyatın təmin edilməsi baxımından da dəyərlidir. Bu, Azərbaycan Prezidentinin bəşəri
dəyərlərə sadiqliyini, insanlığa, sülhə,
əməkdaşlığa sağlam münasibətini bir
daha nümayiş etdirir.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.6.