Azərbaycan
enerji siyasətində
yeni mərhələyə
qədəm qoyub
"Azərbaycan hökuməti
ötən əsrin sonlarından başlayaraq enerji təsərrüfatının
inkişafı ilə
bağlı məqsədyönlü
proqramlar həyata keçirməklə respublikamızın
enerji güclərinin
bir neçə dəfə artmasına nail olub. Ölkəmiz
ən etibarlı tərəfdaşlardan biri
olaraq dünyanın enerji təhlükəsizliyi
məsələlərinin həllində
aparıcı mövqe
tutur".
Milli Məclisin
deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib
ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
bu gün Azərbaycan enerji təhlükəsizliyini 100 faiz
təmin edir və bir sıra
ölkələrin, o cümlədən
Avropa İttifaqı üzvlərinin enerji təhlükəsizliyində danılmaz
rola malikdir.
Onun sözlərinə
görə, "Cənub
Qaz Dəhlizi" Məşvərət Şurası
çərçivəsində martın 1-də Bakıda
öz işinə başlayan nazirlərin
10-cu toplantısında Azərbaycan
və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat,
44 şirkət təmsil
olundu. Toplantıda Azərbaycanın bu ilin noyabr ayında
evsahibliyi edəcəyi
COP29-un ölkəmiz üçün
əhəmiyyəti xüsusi
qeyd edildi. Məşvərət Şurası
çərçivəsində "Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya
və Macarıstan Hökumətləri arasında
"yaşıl enerji"nin
inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Saziş"in
icrası məqsədilə
nazirlərin 6-cı iclası
və "Dənizdə
külək enerjisindən
istifadənin inkişafı"
üzrə Azərbaycan-Avropa
İttifaqı "dəyirmi
masa"sı keçirildi.
K.Bayramov qeyd edib ki, dövlət
başçımız "Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu və
"Yaşıl Enerji"
Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclaslarında
çıxış edərkən
Azərbaycanın etibarlı
tərəfdaş olduğunu
artıq sübut etdiyini diqqətə çəkib. Qarşımıza
qoyduğumuz bütün
planların həyata keçiriləcəyi ilə
bağlı əminlik
də ifadə olunub: "Çünki təkcə keçən
ilin göstəriciləri
bunun sübutudur. Azərbaycanın mövqeyi
hər zaman ardıcıl olub, enerji təhlükəsizliyini
hər bir ölkənin milli təhlükəsizlik məsələsi
hesab edib. Şaxələndirmə haqqında
danışarkən mövqeyimiz
hər zaman dəyişməz olub və bu gün
də belədir. Şaxələndirmə yalnız
marşrutlara deyil, həm də mənbələrə şamil
edilməlidir".
Deputat diqqətə
çatdırıb ki,
Azərbaycan bu günə qədər Avropanı neft və qaz ilə
təchiz edirdisə, artıq enerji siyasətində yeni bir mərhələyə
qədəm qoyub:
"Bu, bərpaolunan enerji resursları ilə bağlıdır.
Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində
işlər aparılır.
Azərbaycanın enerji
diplomatiyasındakı uğurları
iqtisadi imkanlarımızın
genişlənməsində əhəmiyyətli rol oynayır. Avropa üçün Azərbaycan
enerjisi bir ümiddir, Aİ digər sahələrdə olduğu
kimi, enerji sahəsində də ölkəmizlə geniş
əməkdaşlıq edir.
Hazırda Avropa məkanında Azərbaycan
qazına böyük
tələbat olduğu
üçün bu, eyni zamanda həmin
ölkələrin enerji
təhlükəsizliyinə növbəti töhfə
olacaq".
Getdikcə ixrac
potensialının artdığını
deyən K.Bayramov əlavə edib ki, artıq yeni əməkdaşlıq
platformaları da yaranır. Bu isə həm iqtisadi, həm də siyasi dividendlər deməkdir. Alternativ enerji mənbələrinin yaradılması,
"yaşıl enerji"
sektorunda reallaşdırılan
dünya miqyaslı layihələr ölkəmizin
gücünü daha da artırır. Prezident İlham Əliyev toplantıdakı
çıxışında onu da qeyd
etdi ki, Azərbaycan, həmçinin
"yaşıl enerji"yə
keçid prosesində
iştirak edir. Bu il Azərbaycanda
"Yaşıl dünya
naminə həmrəylik
ili" elan edilib. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilərlə
müşahidə olunur.
Əsas investorlarımız
Birləşmiş Ərəb
Əmirliklərindən "Masdar" və Səudiyyə Ərəbistanından
olan "ACWA Power" şirkətləridir.
Azərbaycan "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından
biri olmağı nəzərdə tutur.
Deputat xatırladıb
ki, toplantıda "Cənub qaz dəhlizi"nin genişləndirilməsi
məsələsi də
geniş müzakirə
olunub. "Bu mühüm addım elə atılmalıdır
ki, eyni zamanda digər qaz layihələri elə icra edilməlidir
ki, ekoloji tarazlığın təmin
olunmasına ziyan dəyməsin. Bütün
bunlar Azərbaycanın
ciddi niyyətini, siyasətini və səylərini nümayiş
etdirir. Bərpaolunan enerji mənbələrimiz
nə qədər çox olarsa, elektrik enerjisi istehsalı üçün
istifadə etdiyimiz təbii qaza da daha çox
qənaət edərik.
Bu da "Cənub qaz dəhlizi"nə əlavə
töhfə olar",
- deyə deputat əlavə edib.
Kamran Bayramovun fikrincə, həyata keçirilən mühüm,
nəhəng layihələr
Azərbaycan dövlətinin
gücünün, qüdrətinin,
potensial imkanlarının
göstəricisidir. Hər
bir sahə üzrə konkret proqramların mövcudluğu,
onların xalq tərəfindən dəstəklənməsi
və uğurlu icrası ölkəmizin hərtərəfli inkişafını
daha da sürətləndirir.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.6.