Fransa
Almaniyadan nümunə
götürməlidir
Əks təqdirdə, Paris Ermənistanın
boz dağlarında qalacaq
"Alman İqtisadiyyatının
Şərq Komitəsinin
sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə
səfəri bu ölkənin Azərbaycanı
Cənubi Qafqazın lider dövləti qəbul etməsinin, əməkdaşlığı genişləndirmək istəyinin
təzahürüdür. Bu,
o deməkdir ki, Avropa İttifaqının
aparıcı dövləti
olan Almaniya Azərbaycanla əməkdaşlığa
xüsusi yer verir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin Elm və təhsil komitəsinin sədr mavini Musa Qasımlı
deyib. Onun sözlərinə görə,
nümayəndə heyətinin
Prezident İlham Əliyev tərəfindən
qəbul edilməsi iki ölkə arasında münasibətlərin
inkişaf dinamikasının
göstəricisidir. Qəbul
zamanı Almaniya Federativ Respublikasının
ölkəmizdəki səfiri
Ralf Horlemannın Prezident İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik
etməsi və Azərbaycan-Almaniya münasibətlərindən
söz açması
əməkdaşlığın perspektivlərindən xəbər
verir. Bu səfər göstərir
ki, Almaniya Azərbaycanla əməkdaşlıqda
maraqlıdır, alman
şirkətləri bərpa-olunan
enerji sahəsində də əlaqə yaratmaq istəyirlər.
Komitə sədrinin
müavini qeyd edib ki, dövlət
başçısının çıxışı həm
ikitərəfli münasibətlərə,
həm region məsələlərinə, həm
də dünya siyasətinə aid olan problemlərə aydınlıq gətirir:
"Prezident İlham Əliyev ilk növbədə Almaniya ilə münasibətlərin
inkişafının vacibliyini
bildirdi, iqtisadi əməkdaşlığın münasibətlərin möhkəm
təməli olduğunu
qeyd etdi. Ermənistanın hərbi
təcavüzü nəticəsində
yaranmış və artıq tarixə qovuşmuş münaqişədə
Almaniyanın özünün
bitərəfliyini qoruyub
saxladığını qeyd
etməsi də əhəmiyyətli idi. Almaniyanın bu mövqeyi Fransanın davranışlarından tamamilə
fərqlənir, çünki
Paris regionda münaqişəni
yenidən qızışdırmaq
istəyir. Cənab Prezident beynəlxalq hüququn Azərbaycan tərəfində olduğunu
vurğuladı, buna baxmayaraq, bəzi beynəlxalq təşkilatlarda
ikili standartların hökm sürdüyünü
qeyd etdi. Belə təşkilatlardan
biri Avropa İttifaqıdır".
Deputat vurğulayıb
ki, Avropa İttifaqının bəyanatlarından
onların Azərbaycana
münasibəti aydındır.
Belə bəyanatlar Azərbaycanı təhdid
etməkdən başqa
bir şey deyil və konkret
olaraq Cozef Borelin "Azərbaycan Ermənistana hücuma hazırlaşır" iddialarına
münasibət bildirən
dövlət başçımız
birmənalı olaraq söylədi ki, bu məlumatlar tamamilə yalandır, belə plan yoxdur. Bu fikri
söyləyənlər özlərinin
xəyallarını gündəmə
gətirirlər. Görüş
zamanı cənab Prezident İlham Əliyevin Azərbaycan torpaqlarının bir hissəsinin 30 il ərzində işğal
altında qaldığı
zaman bəzi dövlətlərin davranışlarına
diqqət çəkməsi
çox əhəmiyyətlidir.
M.Qasımlı
qeyd edib ki, o vaxt Qərb
BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi qətnamələrə məhəl
qoymurdu və bu gün Azərbaycanı
ittiham etməyə çalışan şəxslər
- Emmanuel Makron, Cozef Borel və
digərləri səslərini
də çıxarmırdılar.
Artıq Avropa İttifaqı belə yanaşması ilə özünü nüfuzdan
salıb. "Cənab
Prezident çıxışında
Avropa Şurası Parlament Assambleyasının
davranışlarına da
aydın münasibət
bildirdi. Əgər Azərbaycan tərəfi özünün baxışlarını
Avropa Şurası Parlament Assambleyasında ifadə edə bilməyəcəksə, o zaman
həmin təşkilatda
nəyə görə
qalmalıdır? Və
birmənalı olaraq vurğulandı ki, əgər AŞPA qərarına
yenidən baxmasa, Azərbaycanın bu təşkilatda qalması
məsələsinə baxıla
bilər", - deyə
komitə sədrinin müavini əlavə edib.
Xüsusən ABŞ və Fransanın mövqeyinin qəbuledilməz
olduğunu bildirən
Musa Qasımlı deyib ki, Prezident
İlham Əliyev həmin ölkələrə
Cənubi Qafqazın aparıcı dövləti
olan Azərbaycanla işləməyi tövsiyə
edib.
Deputatın fikrincə,
alman nümayəndə
heyətinin qəbul edilməsi, görüşdə
dövlət başçımızın
söylədikləri digər
ölkələr üçün
də dərs ola bilər. Azərbaycan Cənubi Qafqazda sülh istəyir, müharibənin
qəti əleyhinədir,
heç bir təzyiqi və təhdidi qəbul etmir, öz inkişaf yolu ilə gedir.
Musa Qasımlı
hesab edir ki, alman nümayəndə
heyətinin Azərbaycana
gəlməsi Cənubi
Qafqazda və Avropada bəzən açıq, bəzən
də gizli olan alman-fransız rəqabətində Almaniyanın
önə çıxmasıdır.
Fransa Almaniyadan nümunə götürməlidir.
Əks təqdirdə,
Paris heç bir şey əldə edə bilməyəcək,
ağzını göyə
açmış vəziyyətdə
Ermənistanın boz dağlarında və daşlarında qalmalı
olacaq.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.8.