Nazir:
Azərbaycan İsrail-Fələstin
münaqişəsinin humanitar
nəticələrinin aradan
qaldırılmasında səylər
göstərir
Martın 5-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına
işgüzar səfəri
çərçivəsində İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının
fövqəladə iclasında
iştirak və çıxış edib.
Nazirliyin Mətbuat
xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun
Bayramov çıxışında İsrail-Fələstin
münaqişə bölgəsində mövcud vəziyyətin,
mülki əhali arasında davam edən itkilərin, Qəzza
bölgəsindən insanların didərgin düşməsinin,
habelə əhalinin aclıqla üzləşməsinin ciddi
narahatlıq doğurduğunu qeyd edib.
Ölkəmiz
adından qurbanların ailələrinə və
yaxınlarına başsağlığını
çatdıran nazir Azərbaycanın hərbi əməliyyatların
təcili şəkildə dayandırılması ilə
bağlı çağırışlara qoşulduğunu,
habelə günahsız insanların itkisinə son qoymaq
üçün beynəlxalq ictimaiyyət tərəfindən
təxirəsalınmaz tədbirlərin görülməsinin
vacibliyini vurğulayıb.
Azərbaycanın
İsrail-Fələstin münaqişəsinin beynəlxalq
hüququn normaları, habelə Birləşmiş Millətlər
Təşkilatının müvafiq qətnamələri əsasında
iki dövlət prinsipi əsasında həllini dəstəklədiyi,
habelə bu illər ərzində münaqişənin
humanitar nəticələrinin aradan qaldırılması
istiqamətində davamlı səylər göstərdiyi diqqətə
çatdırılıb.
Milli səviyyədə
qardaş Fələstin xalqına göstərilən humanitar
yardımdan bəhs edən nazir Azərbaycanın insanlara
yardım üçün sonuncu dəfə BMT-nin müvafiq
agentliyinə 2 milyon ABŞ dolları məbləğində
maliyyə töhfəsi verdiyini bildirib.
Ceyhun Bayramov
Azərbaycanın İslam dünyasının məsuliyyətli
və aktiv bir üzvü kimi bundan sonra da müqəddəs
İslam dininin qardaşlıq ruhuna və dəyərlərinə
uyğun olaraq, Fələstin məsələsinin beynəlxalq
hüququn normaları çərçivəsində ədalətli
və dayanıqlı həllini tapmasına göstərdiyi dəstəyi
davam etdirəcəyini diqqətə çatdırıb.
Azərbaycan.-2024.-
6 mart, № 51.- S.2.