"Qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır"

 

 

Prezident İlham Əliyevin "Euronews"a müsahibəsi geniş rezonans doğurub

 

 

 

"Cənub qaz dəhlizi" layihəsinə başlananda bu ideyanı dəstəkləyənlərlə yanaşı,  onun gələcəyinə inanmayanlar şübhə ilə yanaşanlar da az deyildi. Belə bir mövqe sərgilənirdi ki, guya Azərbaycan bu ideyanı reallaşdırmaqda aciz qalacaq onu həyata keçirə bilməyəcək.

"Lakin biz əzmli idik bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi". Bu sözləri Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 10-cu "Yaşıl Enerji" Məşvərət Şurasının 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibəsində deyib.

Beləliklə, Azərbaycan aparıcı beynəlxalq maliyyə institutlarını dəvət etdi, ölkələr şirkətlər arasında yüksək əməkdaşlıq münasibətləri yarada bildi: "Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var".

Azərbaycan bu layihənin reallaşması ilə enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişdirə bildi.

Digər tərəfdən isə bərpaolunan enerji layihələrinin həyata keçirilməsində, həqiqətən , Azərbaycanın tutduğu mövqe uğurludur. Dövlət başçısı belə hesab edir ki, bu, bizim ümumi "yaşıl enerji" gündəliyimizin məsuliyyət hissimizin bir hissəsini təşkil edir: "Çünki qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik".

Qeyd etmək lazımdır ki, bütün dünyada ekologiya ciddi problemlərlə üzləşdiyi kimi, Azərbaycanda da vəziyyət o qədər asan deyil. Dünyada baş verən ekoloji problemlərin böyük bir qismi Azərbaycanda özünü büruzə verməkdədir. Belə ki, hər il Xəzər dənizi getdikcə daha da dayazlaşır, dənizdə yaşayan heyvanların sayı növləri seyrəlir. Baş verən ağrılı prosesləri izləmək üçün heç böyük biliklərə ehtiyac yoxdur, bir çox halda sadə müşahidələr çox şeyi sezməyə imkan verir. Qlobal iqlim dəyişikliyinin fəsadları göz qarşısındadır. Çaylarımızda su azalır getdikcə quruyan çayların sayı sürətlə artmaqdadır. Əgər həmişə dağlarda ilboyu qar qalardısa, indi bu da belə deyil. Qar həm az yağır, həm daha tez əriyir. Daha dəhşətlisi isə Xəzər dənizində suyun səviyyəsinin azalmasıdır. Bir sözlə, ekoloji problemlərin buketi Azərbaycanı bütün imkanlarını səfərbərliyə almağa sövq edir.

Dövlət başçısı qeyd edir ki, əgər biz indidən enerji məsələləri ilə məşğul olmasaq, gələcəkdə hamımız əziyyət çəkəcəyik. Bu istiqamətdə bərpa-olunan enerji layihələri xüsusi əhəmiyyət kəsb edir.

Burada Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına diqqət yetirmək yerinə düşərdi. Belə ki, onların hesablamalarına görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 157 giqavat təşkil edir. Dövlət başçısının mövqeyi belədir ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə edilməli və daxili bazarda təbii qaz istehlakı azaldılmalıdır.

"Euronews" Prezident İlham Əliyevin müsahibəsində maraqlı mövqeyini dəstəklədi: "Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyil... Onlar ətraf mühitin mühafizəsi və "yaşıl enerji"yə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir".

Prezident İlham Əliyev belə hesab edir ki, artıq bu işdə bir qədər mövzu dəyişilməlidir: "Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi "neft lənətinə" düçar olmamağı bacardıq".

Azərbaycanın bir çox neft ölkəsindən fərqi onda oldu ki, biz nefti inkişafa çevirdik, sərvətlərin ədalətli paylanmasını təmin etdik. Dövlət başçısı onu diqqətə çatdırdı ki, son 20 ildə biz ölkədə yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Bu rəqəmin 10 dəfə aşağı düşməsi böyük göstəricidir. Eyni zamanda qazıntı yanacağının təhlükəli olması və günahın  bu ehtiyata sahib olan ölkələrin üstünə yıxılmasını Prezident İlham Əliyev təəssüf hissi ilə qeyd etdi: "Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və "yaşıl enerji" gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin".

Faktiki olaraq Azərbaycan dünya iqtisadiyyatı qarşısında enerji resurslarından daha səmərəli istifadə etmənin yeni yollarını təqdim edir.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2024.- 6 mart, № 51.- S.5.