COP29-un Azərbaycanda
keçirilməsi qərarı
ölkəmizin beynəlxalq
nüfuzunun təsdiqidir
Yaşıl
dünya naminə həmrəylik ili - 2024
Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə
keçirilməsinə dair qərarı həm yerli, həm də
xarici müşahidəçilər tərəfindən
çox mühüm bir hadisə kimi qiymətləndirilir.
Bu mötəbər
tədbirin ölkəmizdə keçirilməsi qərarı
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da
yüksəldiyini göstərir. Bunun həm siyasi, həm də
iqtisadi əhəmiyyəti var. Bu tədbirin ölkəmizdə
keçirilməsinin mühüm tərəflərindən
biri də odur ki, dünyanın hər yerindən gələcək
70-80 min qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər
edəcək, bu ərazilərimizlə yaxından
tanış olacaq. Bu həm də gələcək illərdə
turizmin inkişafına da güclü təkan verəcək.
Onu da qeyd edək
ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə
Konvensiyası insanın iqlim sisteminə təhlükəli
müdaxiləsinin qarşısını almaq məqsədi
daşıyır. 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində
əsası qoyulan "Tərəflər Konfransı" kimi
nəhəng, 198 üzv dövləti özündə birləşdirən
COP29-un ölkəmizdə keçirilməsi qərarı Azərbaycan
Prezidenti İlham Əliyevin müstəsna əməyinin nəticəsidir.
İlk dəfə 1995-ci ilin martında Berlində təşkil
olunan, hər il keçirilən COP-un katibliyi Bonn şəhərində
yerləşir. Bütün böyük dövlətlər bu
tədbirə evsahibliyi etməyə can atır.
Bundan əvvəlki
tədbir - COP28 keçən il Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərində keçirilib.
COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini
müzakirə etmək və danışıqlar aparmaq
üçün dünya liderlərini, hökumət rəsmilərini,
alimləri, QHT-ləri və digər maraqlı tərəfləri
bir araya gətirən böyük bir tədbir olacağı
gözlənilir. COP tədbirlərində adətən
gündəlik müəyyən edilir və tədbir
zamanı müzakirələrdən sonra yekun sənəd qəbul
olunur. Azərbaycanda keçiriləcək COP29-un gündəliyi
hələ məlum deyil. Güman edilir ki, tədbirin gündəliyi
2024-cü ilin mayında Almaniyada keçiriləcək
Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcək.
İndiyə kimi belə ənənə formalaşıb ki,
illik COP tədbiri keçirilməzdən əvvəl
dünyanın fərqli ölkələrinin iqlim icmasından
olan tanınmış şəxslər və nazirlər
Berlində yığışaraq bu tədbirin də gündəliyini
müzakirə edirlər. Burada nazirlər və diplomatlar
növbəti COP tədbiri - əsas iqlim konfransı
üçün prioritetləri müəyyənləşdirirlər.
Gündəlik müəyyən edildikdən sonra isə zəruri
tədbirlər görülməyə başlanılır.
2015-ci ilin dekabrında BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına üzv ölkələrin 21-ci konfransında
Paris Razılaşması qəbul olunub. Sənədi 171
ölkənin hökumətləri adından dövlət və
hökumət rəhbərləri, xarici işlər, ətraf
mühit nazirləri imzalayıb. Bu sənədi 2016-cı ilin
aprelində Nyu Yorkda, Birləşmiş Millətlər Təşkilatının
Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti
adından Ekologiya və Təbii Sərvətlər naziri
imzalayıb. COP tədbirlərinin məqsədi Paris
Sazişinin tələbi olaraq dünyada karbon qazının
(CO2) miqdarını sənayeləşmədən əvvəlki
dövrdəki kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq
üzrə irəliləyişə nail olmaqdır.
Bundan
başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə
olan ölkələrə iqlim dəyişikliyinin təsirini
azaltmaq və uyğunlaşmaqda kömək etmək
üçün maliyyə yardımına dair fond
yaradırlar. İnkişaf etməkdə olan ölkələrin
artıq üzləşdiyi iqlim dəyişikliyinin
qaçılmaz təsirlərinə və bu təsirlərin
aradan qaldırılması üçün maliyyə və
digər dəstəyə ehtiyacı var. Həmin dəstək
olmadan inkişaf etməkdə olan ölkələr təmiz
enerji mənbələrinə keçid edə, qlobal karbon
qazı ifrazını azalda bilməzlər. COP29 konfransı
iştirakçısı olan ölkələr
üçün yeni öhdəliklər götürmək və
iqlim böhranını həll etmək, bununla bağlı
konkret addımlar atmaq üçün bir fürsətdir.
Əminliklə deyə bilərik ki, Azərbaycan da bu fürsətdən
bacarıqla istifadə edərək "yaşıl
enerji" istehsalını artırmağa nail olacaq.
BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının, Kioto Protokolunun Tərəflər
Görüşünün 19-cu sessiyasının və Paris
Sazişinin Tərəflər Görüşünün
6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində
keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti
İlham Əliyev 13 yanvar 2024-cü ildə Təşkilat
Komitəsinin yaradılması haqqında sərəncam
imzalayıb. Göründüyü kimi, ölkəmiz bu
mühüm tədbirin yüksək səviyyədə
keçirilməsi üçün zəruri olan bütün
işləri görür.
COP29 iqlim dəyişikliyinin
azaldılmasına və "yaşıl enerji"dən
istifadəyə yönəlmiş qlobal təşəbbüslərin
təşviqində mühüm rol oynayan beynəlxalq əhəmiyyətli
bir tədbirdir. COP29 ölkəmizdə "yaşıl
ideyaların" reallaşması istiqamətində
institusional və kompleks tədbirlərin həyata
keçirilməsinə böyük təkan verəcək. Tədbirin
keçiriləcəyi günlərdə dünyanın
aparıcı dövlətlərinin elmi mütəxəssisləri
ölkəmizdə cəmləşəcək. Deməli, həmin
günlərdə sanki dünyanın ürəyi Azərbaycanda
döyünəcək.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
6 mart, № 51.- S.5.