"Həyatını qura bilməyənlər, onun diktəsinə tabe olanlar aciz
insanlardır. Mübariz
insanlar bütün çətinliklərə qalib
gəlib özlərini
tanıda bilirlər. Kənddə çoxuşaqlı
ailədə fiziki məhdudiyyətlə dünyaya
gəlmişəm. Sağ
əlim dirsəkdən
aşağı yoxdur.
Atam çox çətin adam idi. Ona bir
söz demək üçün günlərlə
fikirləşib, sonra
anamı "elçi
salardıq". Atam nəinki idmanla məşğul olmağıma,
heç ali təhsil almağıma razı deyildi. Deyərdi ki, "qız uşağı nədir, oxumaq nədir? Mübarizə apararaq həyatda istədiklərimə nail
olmuşam. Əminəm
ki, həyat mübarizləri sevir..."
Redaksiyamızın qonağı
üçqat dünya
və dördqat Avropa çempionu Aynur Məmmədova öz həyat hekayəsini danışır:
"Doğulduğum Ucar
rayonunun Təzə Şilyan kəndində nə idman zalı
var idi, nə də idmanla məşğul olmağa şərait. Bir yandan da
atamın qadağaları...
Uşaqlıqda ən
böyük arzum ali məktəbdə oxumaq, müəllim, yaxud da televiziya
aparıcısı olmaq
idi.
Həyatımı komplekslə
yaşamışam. Yeniyetmə
dövrünə çatanda
dərk etdim ki, mən əlilliyimə
görə başqalarından
fərqlənirəm. Amma
bunu özümə dərd etmədim. Anam hər zaman
mənə deyirdi ki, "sən dərslərini oxu, mən sənə hər cəhətdən yardımçı olacağam".
Atama gecə-gündüz
yalvarırdım ki, ali təhsil almağıma, oxumağıma
icazə versin. Ali məktəbə qəbul olmaq üçün sənəd
verməyə gedəndə
atamın qorxusundan anam mənimlə qonşu Göyçay rayonuna getmədi. Qadağalara baxmayaraq yoluma davam etdim.
Azərbaycan İqtisad
Maliyyə Kollecində
oxudum. Daha sonra təhsilimi davam etdirmək üçün Bakıya
gəldim. İkinci təhsilimi Azərbaycan Dövlət İdman Akademiyasında aldım.
Bakıya gəldikdən
sonra öyrəndim ki, Paralimpiya Komitəsi var. Oraya müraciət etdim. Atıcılıqla məşğul olmağımı
uyğun bildilər..."
1998-2004-cü ilə qədər atıcılıqla
məşğul olan Aynur Məmmədova bu idman növü
üzrə respublika birincisi və ikincisi olur...
Aynur xanım deyir ki, sağ
əlinin olmadığı
üçün sol əllə məşq etmək çox çətin idi: "Özümə deyirdim ki, Aynur, sən
fiziki məhdudiyyətinlə
yox, fiziki məhdudiyyətə qalib
gəlməyinlə fərqlənməlisən.
2009-cu ildə Parataekvondo
idman növü yarandı. Boyum, fiziki imkanlarım bu idman növü
ilə məşğul
olmağım üçün
daha münasib idi. Mən 2010-cu ildən parataekvondo ilə məşğulam.
Ailəm bu idman növu ilə məşğul olmağıma razılıq
verməsə də, fikrimdən daşınmadım".
Aynur Sankt-Peterburqda
keçirilən dünya
çempionatında üçüncü
yerə çıxaraq
bürünc medala sahib olub. Elə
hər şey də ilk uğurdan
sonra başlayıb. Bu, onun həyatını
dəyişib. Kirayədə
yaşayan, hətta aylıq kirayə pulunu verməyə maddi imkanı olmayan idmançı Neftçi İdman Klubuna üzv olur. İdmançı kimi bu klubdan
maaş alan Aynura Taekvondo Federasiyası da məvacib verir. 2011-ci ildə Moskvada keçirilən Avropa çempionatında birinci
yerə sahiblənən
Aynur 2012-ci ildə Cənubi Amerikada keçirilən dünya çempionatında birinciliyi
qoruyub saxlaya bilib. 2014-cü ildə Antalyada keçirilən Avropa çempionatında yenə birinci yeri qazanıb. 2014-cü il Moskvada keçirilən
dünya çempionatında
ikinci yerdə qərar tutan idmançı 2015-ci ildə
Samsunda və Soçidə keçirilən
dünya çempionatlarında
birinci yeri qazanıb. 2016-cı ildə
Polşada Avropa çempionatında 3-cü yerə
layiq görülən
idmançımız 2018-ci ildə Bolqarıstanda Avropa çempionatında birinci yer, 2019-cu ildə İtaliyada da Avropa çempionatında
birinci yerə sahiblənib. 2021-ci il Avropa təsnifat turneri lisenziya
yarışında yenə birinci yeri tutub.
Aynur xanım
2016-cı ildən "Əlilliyi olan uşaq və gənclərin
idmana inteqrasiyası" İctimai Birliyinin sədridir. Eyni
zamanda 2011-ci ildən Fövqəladə Hallar Nazirliyinin
İdman Sağlamlıq Klubunun Fiziki hazırlıq şöbəsində
təlimatçı kimi fəaliyyət göstərir.
Aynur xanım
deyir ki, FHN İdman Klubunun vasitəçiliyi ilə 39
saylı tam orta məktəbin idman zalında Bakı Təhsil
İdarəsi tərəfindən təyin olunmuş əllərində
problemi olan qızlar və oğlanlar komandasına məşqçilik
edir. Məqsədi fiziki məhdudiyyətli uşaqların cəmiyyətə
inteqrasiya olunmasına yardımçı olmaq, idman
yarışlarında yuksək nəticələr əldə
edərək bayrağımızı beynəlxalq
yarışlarda ucaltmaqdır.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.- 6 mart, № 51.- S.11.