Ermənistan
tərəfindən saxlanılan
əsgər Ruslan Pənahov Bakıya gətirilib
Bir neçə
gün əvvəl Laçın rayonu ərazisindəki xidməti
mövqelər arasında
hərəkət edərkən
əlverişsiz hava şəraitində istiqaməti
itirərək azan və Ermənistan hərbçiləri tərəfindən
saxlanılan əsgər
Ruslan Pənahov Vətənə qaytarılıb.
AZƏRTAC xəbər verir ki, R.Pənahov
martın 5-də təyyarə
ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib.
Aeroporta jurnalistlərə
açıqlama verən
Ruslan Pənahov qeyd edib: “Vətənə
qayıtmaq çox yaxşı hissdir. Hazırda səhhətim normaldır. Özümü
yaxşı hiss edirəm”.
R.Pənahov onu
Vətənə geri qaytardığı üçün
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü
ifadə edib. “Mən bilirdim ki, Prezident İlham
Əliyev məni xilas edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Ruslan Pənahovun
Azərbaycana qaytarılması
dövlətimizin gücünü,
regionda söz sahibi olduğunu, yaratdığı yeni reallıqların bölgə
ölkələri tərəfindən
qəbul edildiyini bir daha göstərdi.
Düzdür, Ermənistan
tərəfi əsgərin
geri qaytarılmasını
özünün xoş
niyyəti kimi qələmə verməyə
çalışır. Amma
bu, əslində, qətiyyən belə deyil. Çünki əgər Ermənistanın
xoş niyyəti olsaydı, məsələni
bu qədər uzatmazdı. Ermənistan bu addımı ölkəmizin heç bir vətəndaşını
darda qoymayacağını,
onlara sahib çıxdığını, bunun üçün nə lazımdırsa etməyə qadir olduğunu artıq dərk etdiyi üçün atıb.
Təbii, Azərbaycan
dövləti dəfələrlə
bəyan edib ki, heç bir vətəndaşını,
hərbçisini darda
qoymayacaq və onlara yardım göstərmək, geri, Vətənə qayıdışını
təmin etmək üçün bütün
zəruri tədbirlər
görüləcək. Bunu
artıq Ermənistan da anlayır. Ona görə də vəziyyətin daha da gərginləşməməsi,
ölkəmizin Ermənistana
növbəti dərsi
verməməsi üçün
rəsmi İrəvan,
belə demək mümkündürsə, qabaqdangəlmişlik
edərək əsgərimizi
Azərbaycana qaytarmağa
razılaşıb.
Eyni zamanda, bildirməliyik ki, əsgərimizin geri qaytarılması Azərbaycan
dövlətinin qətiyyəti,
Ermənistana verilmiş
ultimatumun nəticəsidir.
Azərbaycan Vətən
müharibəsində Qələbə
qazanmaqla Ermənistan ordusu barədə mifi darmadağın edib, hərbi, iqtisadi və digər cəhətlərdən
İrəvandan üstün
olduğunu sübuta yetirib. Ona görə
də Ermənistan artıq qəbul edir ki, Azərbaycan
Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Dövlətimizin başçısı
bununla bağlı bildirib: “Ermənistan tam dərk etməlidir
ki, biz istənilən
hərbi vəzifəni
icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”. İrəvan
onu da yaxşı
başa düşür
ki, ölkəmiz heç bir şəhidinin, qətlə
yetirilən günahsız
vətəndaşının qisasını yerdə qoymur və qoymayacaq. Azərbaycan ona qarşı törədilən hər
bir təxribata adekvat cavab verib.
“Fərrux”, “Sarıbaba-Qırxqız”,
“Qisas” əməliyyatları,
həmçinin 19-20 sentyabr
tarixli antiterror tədbirləri düşmən
təxribatlarına verilmiş
layiqli cavabların, sadəcə, bir neçəsidir. Ona görə də Ermənistan anladı ki, bu dəfə
bu hadisənin üzərindən təxribat
törədərsə, nəticələr
onlar üçün
daha acınacaqlı ola bilər. Bu gün Azərbaycan
Ordusu həm peşəkardır, həm
vətənpərvərdir, həm də bacarıqlıdır. Bizim
qisasımızı döyüş
meydanında aldığımızı
dəfələrlə vurğulayan
Prezident İlham Əliyev bəyan edib: “Biz həm
İkinci Qarabağ müharibəsi zamanı,
həm antiterror əməliyyatı zamanı
qisasımızı cinayətkarlardan
aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə
kapitulyasiyaya imza atmağa məcbur etdik”.
Ermənistanla qarşılıqlı
şifahi anlaşmaya əsasən, hava şəraitindən asılı
olaraq azıb əsir düşən hərbçilər qısa
zamanda, heç bir qeyd-şərt olmadan geri qaytarılmalıdır.
Ermənistan öz ənənəsinə sadiq
qalaraq bu dəfə də anlaşmanı pozdu. Baş vermiş hadisədən öz məqsədləri üçün,
siyasi manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışan Ermənistan
bu dəfə də bunu bacara
bilmədi. Azərbaycan
dövlətinin qətiyyəti
və ciddi xəbərdarlığı qarşısında
baş əyməyə
məcbur oldu. Çünki bu gün qarşısında
1990-cı illərin Azərbaycanı
deyil, güclü, qüdrətli, qalib Azərbaycan var. Rəsmi İrəvan artıq qəbul edir ki, Azərbaycana
qarşı bütün
iddialarından əl çəkmək məcburiyyətindədir.
Çünki onun üçün bir yol var – dövlətimizin
başçısının dediyi kimi: “... yeganə yol Azərbaycanın bütün
şərtlərini qəbul
etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.
Bir sözlə,
Ermənistan tərəfinin
növbəti təxribat
cəhdi fiaskoya uğradı. Azərbaycan
isə hər zaman olduğu kimi, bu dəfə
də heç bir vətəndaşının,
əsgərinin, zabitinin,
insanının taleyinə
biganə qalmadığını
bütün dünyaya
göstərdi. Bu hadisə həm də Azərbaycanın regionda baş verən hadisələrdə
diktə edən tərəf olmasının
növbəti əyani
təzahürüdür.
Azərbaycan.-2024.- 6 mart, ¹ 51.- S.12.