Bütün
vəzifələr uğurlu yerinə yetirilir
Azərbaycan
Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə
görüşü olub
Martın
6-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail
Mişustin ilə görüşü olub.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham
Əliyev və Rusiya Hökumətinin sədri Mixail
Mişustin birgə foto çəkdirdilər.
Görüş
iştirakçılarını salamlayan Prezident İlham
Əliyev dedi:
- Hörmətli Mixail
Vladimiroviç.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda
bir daha görməyimə şadam.
Bilirəm ki, dünən
sizin həmkarınızla
çox məhsuldar görüşünüz olub.
O, səhər mənə
yaxşı nəticələr,
gələcək planlarımız
haqqında məruzə
edib. Biz ili uğurla başa vurmuşuq. İkitərəfli
qarşılıqlı fəaliyyət
nəzərdə tutduğumuz
qaydada inkişaf edir. Artıq iki ildən bir az çoxdur
ki, biz müttəfiqlik qarşılıqlı
fəaliyyəti çərçivəsində
əməkdaşlıq edirik,
əlaqələrin möhkəmləndirilməsi
üzrə qarşıya
qoyulmuş bütün
vəzifələr uğurla
yerinə yetirilir.
İqtisadi-ticari sahəyə
gəldikdə, həmçinin
hesab edirəm ki, nəticələr tamamilə
qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı
göstəricidir. Artıq
4,5 milyard dollar səviyyəsinə
yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər
zamanı əldə olunmuş razılaşmalar
çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı
ticarətdə daha böyük artımın
şahidi olacağıq.
Şadam ki, sənaye
kooperasiyası layihələri
reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir.
Rusiyanın Azərbaycandakı
şirkətləri yeni istehsal
sahələri, xidmət
mərkəzləri yaradırlar.
Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa
kömək edir.
Sizin səfərinizdən
əvvəl materiallara
baxdım, kənd təsərrüfatı üzrə
bir-birimizi tamamlayırıq.
Bizə lazım olanı sizdən əldə edirik və bu, əks
istiqamətdə də
həyata keçirilir.
Həmçinin sevinirik
ki, razılaşdığımız kimi, Rusiya bazarına
Azərbaycan kənd təsərrüfatı məhsullarının
tədarükünün böyük
həcmdə artması
uğurla davam edir.
Əlbəttə ki, Sizin
də dünən geniş bəhs etdiyiniz nəqliyyat-logistika
sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb.
Burada həm tranzit daşımalarının,
həm də ikitərəfli yük daşımalarının artdığını
görürük. Şimal-Cənub
Beynəlxalq Nəqliyyat
Dəhlizi ölkələrimizi
birləşdirən layihədir.
Bildiyiniz kimi, biz
bütün zəruri
məsələlərin reallaşdırılması
üzrə fəal qarşılıqlı fəaliyyət
göstəririk. Azərbaycan
ərazisində, eləcə
də Rusiya ərazisində infrastruktur
mövcuddur, yeganə
lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir.
Əlbəttə ki,
humanitar sahə. Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri
üçün nümunə
ola bilər. Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan
tələbə rus dilində təhsil alır. Həmçinin
324 orta məktəbdə
təhsil rus dilindədir. Biz onilliklər ərzində
xalqlarımızı birləşdirən
bütün yaxşı
cəhətləri qorumuşuq
və qarşılıqlı
fəaliyyət göstərdiyimiz
ictimai-siyasi formasiyadan
asılı olmayaraq, xalqlarımız arasında
dostluq əlaqələri
həmişə dövlətlərarası
münasibətlərin bünövrəsi
olub. Bu gün isə dövlətlərarası münasibətlərin
forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi
bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət
tərəfindən də
dəstəklənir. Beləliklə,
əminəm ki, ötən il olduğu kimi, biz bu ili
də yaxşı nəticələr ilə
başa vuracağıq.
Müttəfiqlik qarşılıqlı
fəaliyyətimiz ölkələrimizin
və xalqlarımızın
rifahı naminə möhkəmlənəcək, həmçinin
bu, regional sabitliyin və təhlükəsizliyin mühüm
amilidir.
Sizi bir daha salamlayıram və səfərinizin artıq başa çatdığını nəzərə
alaraq, yaxşı yol arzulayıram. Əlbəttə, hesab edirəm ki, dövlət başçılarının
müntəzəm görüşləri
nümunəsində olduğu
kimi, hökumət rəhbərləri səviyyəsində
də belə müntəzəm görüşlərin
keçirilməsi faydalı
olardı.
x x
x
Rusiya Federasiyası
Hökumətinin sədri
Mixail Mişustin dedi:
-Hörmətli
İlham Heydər oğlu.
Hörmətli dostlar.
Əvvəlcə, Sizi fevralın 7-də keçirilən
növbədənkənar Azərbaycan
Prezidenti seçkilərində
inamlı qələbə
münasibətilə səmimi-qəlbdən
təbrik etmək istəyirəm. Bu, Sizin səylərinizlə və
rəhbərliyinizlə ölkənizdə
əldə olunan bütün nailiyyətlərə
Azərbaycan xalqı tərəfindən verilən
yüksək qiymətdir.
Əlbəttə, fürsətdən
istifadə edərək,
Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən səmimi və xoş arzularını çatdırmaq
istəyirəm.
Biz Azərbaycan Hökumətinin
hörmətli başçısı
Əli Hidayət oğlu Əsədovla daim təmasdayıq və müntəzəm görüşlər keçiririk.
Elə bu yaxınlarda - dekabrda Moskvada Müstəqil Dövlətlər Birliyinin
forumunda görüşmüşük,
ondan əvvəl isə Soçidə görüş olub. Mənə elə gəlir ki, bu yaxınlarda Azərbaycana səfərim olub. Sizi əmin etmək istəyirəm
ki, dövlətlərimizin rəhbərləri arasında
qəbul olunan qərarların hamısı
daimi nəzarətdədir,
hökumətlərimiz tərəfindən
icra olunur.
Dünən geniş
ikitərəfli gündəliyi
müzakirə etdik. Siz bir neçə
istiqaməti xatırlatdınız,
sənaye sahəsində
daha çox layihələr var. Biz, həmçinin
nəqliyyat maşınqayırması
sahəsində birgə
layihələr barəsində
düşünürük. Eyni zamanda, qarşılıqlı
iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də
var. Kənd təsərrüfatı
sahəsi üzrə də işləyirik. Siz tamamlama haqqında
danışdınız. Həmçinin
əczaçılıq üzrə
bir sıra məsələlərimiz mövcuddur.
Dünən bu sahədə işlərin
gücləndirilməsinə dair razılıq əldə etdik. Belə desək, bu gün bizim
qarşılıqlı layihələrimizin
bütün palitrası
nəzarətimizdədir. Qarşılıqlı
iqtisadi-ticari dövriyyə
rəqəmləri də
bunu göstərir. Siz 17 faizlik artım barədə danışdınız. Bu, belədir.
Həmçinin demək
istəyirəm ki, bizim
keçid məntəqələrimizdə
daşıma gücləri
5 dəfə artıb.
Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir. Biz, həmçinin burada logistika üzrə bütün müvafiq layihələri davam etdiririk. Siz Şimal-Cənub dəhlizini
qeyd etdiniz. Həqiqətən, 30 milyon
ton ciddi həcmdir və əlbəttə
ki, məntəqələrdə dar yerlərin qalmaması üçün
çoxlu iş görülməlidir.
Həmçinin demək
istəyirəm ki, biz atanız
hörmətli Heydər Əlirza
oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirini böyük ehtiramla keçirdik. Rusiyada onu xatırlayırlar,
xatirəsini əziz tuturlar.
Mədəni mübadilə.
Bu sahədə qarşılıqlı
fəaliyyətlə bağlı
məsələlər üzrə
çoxlu layihələr
və ideyalar var. Bu gün Rus Dram Teatrında oldum, orada mədəniyyət
sahəsində qarşılıqlı
fəaliyyətdən bəhs
etdilər. Biz əlaqələrimizin,
o cümlədən Azərbaycan
Mədəniyyət Nazirliyi
ilə əməkdaşlığın
genişləndirilməsi üzrə
razılıq əldə
etdik. Çoxlu sayda tədbirlərin keçirilməsi üzrə
Yol xəritəsi üzərində
işləyirik. Əlbəttə,
Azərbaycanın hörmətli
mədəniyyət və
incəsənət xadimlərini
Rusiyada, Moskvada görməyə şad olacağıq.
Sizə və həmkarlarıma Rusiya nümayəndə heyətinə
göstərilən səmimi,
ənənəvi mehriban
qəbula görə təşəkkür edirəm.
Prezident İlham Əliyev:
Sağ olun.
x x
x
Dövlətimizin başçısı
Rusiya Prezidentinin səmimi və xoş arzularına görə minnətdarlığını
bildirdi, onun da xoş arzularını
Vladimir Putinə çatdırmağı
xahiş etdi.
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.1-2.