Yüksək
beynəlxalq etimadın
növbəti nümunəsi
Ümumdünya Şəhərsalma Forumunun
On Üçüncü Sessiyası
Bakıda keçirilən
ən irimiqyaslı tədbirlərdən biri olacaq
Bakı şəhəri
uzun müddətdir ki, qlobal səviyyədə
keçirilən beynəlxalq
tədbirlərin əsas
ünvanı kimi tanınır. İndiyə kimi paytaxtımız saysız-hesabsız müxtəlif
məzmunlu mötəbər
tədbirlərə evsahibliyi
edib. Hətta onların bir qisminin keçirilməsi ənənə halı alıb və təsadüfi deyil ki, Bakıda təşkil edilən tədbirlər dünyada sülhə, mədəniyyətlər
və sivilizasiyalararası
dialoqa böyük töhfələr verir.
Tədbirlərlə bağlı Azərbaycan Hökuməti ilə BMT arasında Saziş imzalanıb
BMT-nin İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası- COP29 bu
il Azərbaycanda keçiriləcək. Bakı iki həftə dünyanın mərkəzi
olacaq və təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
Prezident İlham
Əliyevin dediyi kimi, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən
biridir və ölkələrin təmsilçiliyi
nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bu tədbirin Azərbaycanda keçirilməsi
ölkəmizə olan
yüksək ehtiramdan
xəbər verir.
2026-cı ildə isə
Bakı daha bir mötəbər beynəlxalq tədbirə
evsahibliyi edəcək.
Söhbət Ümumdünya
Şəhərsalma Forumunun
On Üçüncü Sessiyasından
gedir. Bu tədbirin Azərbaycanda keçirilməsinin hüquqi
bazasını təşkil
edən "Azərbaycan
Respublikası Hökuməti
ilə Birləşmiş
Millətlər Təşkilatı
arasında Ümumdünya
Şəhərsalma Forumunun
On Üçüncü Sessiyasının
2026-cı ildə Bakı
şəhərində keçirilməsi
üçün Ev Sahibi Ölkəyə dair Saziş"
2023-cü il dekabrın
22-də Bakı şəhərində
imzalanıb. Sazişi
Azərbaycan Hökuməti
adından Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat")
icraçı direktoru
Maimunah Mohd Şərif imzalayıblar.
Milli Məclisin
martın 6-da keçirilən
iclasında təsdiq edilən bu saziş Azərbaycan və BMT arasında xüsusi imtiyazlar və immunitetlər, ölkə ərazisinə
sərbəst giriş-çıxış
hüququ, texniki avadanlığın və
tədbir üçün
tələb olunan malların idxal-ixrac icazələri, forumun səmərəli fəaliyyətini
təmin etmək üçün tələb
oluna bilən mühafizə və digər təşkilati məsələləri tənzimləyir.
Azərbaycanın şəhərsalma
sahəsində uğurları
qlobal səviyyədə
yüksək qiymətləndirilir
Ümumdünya Şəhərsalma
Forumu (ÜŞF) 2001-ci ildə
Birləşmiş Millətlər
Təşkilatı tərəfindən
dünyanın üzləşdiyi
ən aktual problemlərdən biri olan sürətli urbanizasiya və onun şəhərlərə,
iqtisadiyyatlara və iqlim dəyişikliyinə
təsirini tənzimləmək
məqsədilə təsis
olunub. Şəhərsalma
sahəsində ən
mötəbər və
genişmiqyaslı iştirakçılığa
malik, iki ildən bir dünya şəhərlərindən
birində keçirilən
forum urbanizasiyanın bütün aspektləri ilə məşğul olan minlərlə iştirakçıya şəhərlərin
necə qurulduğu, planlaşdırıldığı və idarə edildiyi barədə təcrübə və biliklərini bölüşmək
imkanı verir.
Forumun ilk sessiyası 2002-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində
təşkil olunub. Sonrakı illərdə forumun sessiyaları Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur kimi tanınmış şəhərlərdə keçirilib.
ÜŞF-in bu ilə planlaşdırılan
12-ci sessiyası noyabr
ayında Misirin paytaxtı Qahirədə təşkil olunacaq.
Mühüm və
beynəlxalq xarakterli tədbir olan ÜŞF-nin On Üçüncü
Sessiyasının Bakıda
keçirilməsi barədə
qərar Azərbaycanda
şəhərsalma sahəsində
uğurların qlobal səviyyədə qiymətləndirilməsinin,
habelə ölkəmizin
yüksək nüfuzunun
nümunəsidir. Eyni
zamanda belə bir tədbirə evsahibliyi etmək Azərbaycanın öz nailiyyətlərini və
şəhərsalma ilə
bağlı təcrübəsini
nümayiş etdirmək
üçün əhəmiyyətli
bir imkandır. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə
çevrilib. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə ermənilər
tərəfindən dağıdılan
şəhərlərimizin bərpası istiqamətində
görülən, bu sahədə tətbiq olunan innovativ yeniliklər dünyanın
diqqətini cəlb etməkdədir. 30 ilə
yaxın davam edən işğal müddətində dağıdılmış
şəhərlərimizin bərpası həm də Azərbaycanda şəhərsalma ilə
bağlı ən müasir təcrübənin
qazanılması ilə
müşayiət olunur.
Ona görə Azərbaycan şəhərsalma
ilə bağlı qlobal
gündəliyə daha
böyük töhfələr
verə bilər. Bu baxımdan, Bakıda keçiriləcək
tədbir çərçivəsində
həm Azərbaycan, həm də xarici ölkələrdən
maraqlı tərəflər
bir araya gələrək və geniş fikir mübadiləsi apararaq şəhərsalma ilə
bağlı yeni bilik və təcrübə
ilə paylaşmaq imkanını əldə
edəcəklər.
Bütövlükdə, Ümumdünya Şəhərsalma
Forumunun On Üçüncü
Sessiyası Azərbaycanda
keçiriləcək ən
irimiqyaslı tədbirlərdən
biri olacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.1;3.