Xankəndidə separatizmi simvolizə edən binalar sökülür

 

 

Ermənistan münaqişə dövründə nəinki əhalisini zorla çıxardığı Qərbi Azərbaycanda, hətta illərlə işğalda saxladığı Qarabağda da azərbaycanlılara məxsus tarixi abidələri, yaşayış binalarını, dini ocaqları tamamilə dağıdıb məhv edərək izini silməyə çalışmışdır.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra bütün dünya Ermənistanın Qarabağda törətdiyi vandalizmə şahidlik etmişdir. Bu gün bütün dünya işğaldan azad olunmuş Azərbaycan ərazilərində erməni vandalizminin izlərini görür.

Azərbaycan torpaqlarını işğalçılardan azad etdikdən sonra dəfələrlə dünyanın aparıcı KİV-inə, beynəlxalq təşkilatlara, UNESCO-ya müraciət edib ölkəmizə dəvət edərək erməni vandalizminə şahidlik etmələrini israrla xahiş etmişdir. İşğaldan azad olunmuş ərazilərdə olan tarixi-mədəni abidələrin demək olar ki, hamısı erməni vandalizmindən bu ya digər formada ziyan çəkib.

Vətən müharibəsindən sonra Ermənistan mətbuatı Azərbaycanın ermənilərə məxsus dini abidələri dağıtması haqqında böhtan, yalan kampaniyası apararaq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdı. Erməni ideoloqları hesab edirlər ki, yalandan hay-həşir salmaqla Qarabağda törətdikləri cinayətləri ört-basdır edə biləcəklər. Azərbaycana qarşı qərəzli kampaniya aparmağa həvəsli olan Ermənistanın əlinə indi yeni "fürsət" düşüb. Azərbaycan hökuməti işğal dövründə Ermənistanın Xankəndidə qanunsuz inşa etdiyi binaların sökülməsi haqqında qərar verib. Mətbuatdan da məlum olduğu kimi, artıq bir neçə gündür ki, Xankəndidə qanunsuz tikilmiş, separatizmi simvolizə edən binalarda söküntü işləri aparılır. Xatırladaq ki, Xankəndi Azərbaycan ərazisi olduğu üçün sovet dönəmində orada inşa edilən bütün binalar şəhərin baş planına uyğun olaraq Ulu Öndərin rəhbərliyi ilə təsdiqlənib Azərbaycan SSR tərəfindən şəhərdə tikinti işləri aparılıb. Orada görülən bütün tikinti işlərinin xərci Azərbaycan Respublikasına ayrılan büdcə hesabına ödənilib.

Ermənistan Qarabağı işğal etdikdən sönra separatçılar şəhərdə baş plana uyğun olmayan erməni arxitekturası üslubunda, şəhərin ümumi mənzərəsinə xələl gətirən yöndəmsiz binalar tikiblər. Bu azmış kimi, separatizmi simvollaşdırmaq məqsədi ilə bu binalara qondarma adlar da qoyublar. Bu gün Xankəndidə söküntüsü aparılan, separatçıların "Parlament" adlandırdıqları bina əsl şeytan yuvası olub. İki xalq arasında düşmənçiliyi bu binada oturan quldurlar, erməni cəlladları salıb. Azərbaycana qarşı bütün işğal soyqırımı planları bu binalarda cızılıb, qanlı qərarlar bu terror yuvasında qəbul olunub. Söküntüsü aparılan binalardan biri "Arsaxı azad etmiş döyüşçülər" ittifaqının binasıdır. Yəni erməni düşüncəsi ilə desək, Arsaxın müharibə veteranlarının binası... Məlumdur ki, silahlı terrorçulardan ibarət dəstə kimi fəaliyyət göstərən YERKRAPA münaqişə dövründə minlərlə günahsız azərbaycanlının qətlə yetirilməsində fəal iştirak edib. Bu gün Azərbaycan əleyhinə siyasi kampaniya aparan erməni mətbuatı, KİV-i yönləndirən erməni ideoloqları heç özlərinə sual veriblərmi ki, görəsən, bu terrorçular haranı kimdən azad ediblər? Bəlkə Azərbaycan ərazisində illərdir düşmənçilik toxumu səpib günahsız insanları qətlə yetirən terrorçuların cəmləşdiyi binaya "tarixi status" da verib qoruyaq. Erməni faşizminin, erməni işğalının simvoluna çevrilmiş bu qanunsuz tikililərin sökülməsində qeyri-adi nəsə axtarmaq ancaq axmaq adamların ağlına gələ bilər. Görünən budur ki, ağır məğlubiyyət ermənilərin ağıllarını da əllərindən alıb, normal düşüncədən məhrum olublar.

Ermənilərin "tarix xəstəliyi"nə tutulmaları heç təzə mövzu deyil. Harada bir bina varsa öz adlarına çıxıb ona "tarixi status" verirlər. Bu gün söküntüsü aparılan binalar Qarabağda separatçılıq hərəkatı başlayandan sonra tikilən qanunsuz tikililərdir. Hazırda Azərbaycanda ölkənin müxtəlif yerlərində tikilən belə qanunsuz tikilinin sökülməsi haqqında yüzlərlə fakt var. Buna siyasi don geyindirmək əslində siyasi nadanlıqdır. Unutmayaq ki, nadanlıq da ermənilərin ən yaxşı bacardıqları işdir.

Xatırladaq ki, Ermənistan həvəslə Şuşada da "parlament binası" inşa edirdi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu yalnız Ermənistan ordusunu darmadağın etmədi, onların arzularını da gözlərində qoydu. Ermənistanın yersiz hay-küy salması onu göstərir ki, hələ də sərsəm iddialarından əl çəkməyiblər. Azərbaycanın öz ərazisində hansı qərarı verib, hansı addımı atması öz işidir. Bu cür sərsəmləmələrlə, yersiz iddialarla yalnız özlərini gülünc vəziyyətə salırlar.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 7 mart, № 52.- S.8.