Latviya Azərbaycanla strateji tərəfdaşlıq
əlaqələrinə xüsusi əhəmiyyət verir
Martın
6-da Milli Məclisin sədri Sahibə Qafarova Latviyanın
ölkəmizdəki səfiri Edqars Skuya ilə
görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan ilə Latviyanı dost və
tərəfdaş ölkələr kimi dəyərləndirən
S.Qafarova ikitərəfli münasibətlərimizin zəngin
tarixə malik olduğunu qeyd edib. Vurğulanıb ki,
qarşılıqlı təmaslar, ali və yüksək səviyyəli
səfərlər ölkələrimiz arasında əməkdaşlığın
genişlənməsinə töhfə verir.
Söhbət
zamanı parlamentlər arasında əlaqələrin daha da
inkişafı ilə bağlı perspektivlərə dair fikir
mübadiləsi aparılıb. İkitərəfli əlaqələrin
inkişafında parlamentlərarası əməkdaşlığın
mühüm rol oynadığını bildirən Milli Məclisin
sədri dostluq qruplarının fəaliyyətini qeyd edib. O,
parlament diplomatiyasının əhəmiyyətini nəzərə
alaraq, əməkdaşlığın həm ikitərəfli,
həm də beynəlxalq və regional parlament platformaları
çərçivəsində gücləndirilməsinin əhəmiyyətini
vurğulayıb. S.Qafarova bəzi beynəlxalq təşkilatlarda
Azərbaycana qarşı ikili standartların mövcud
olduğunu diqqətə çatdırıb.
Görüşdə
regionda mövcud olan vəziyyət barədə də
müzakirə aparılıb.
Səfir
Edqars Skuya ölkəmizdə gedən inkişaf proseslərinin
onda dərin təəssürat yaratdığını
söyləyib. Diplomat ölkəmizi BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi
üçün seçilməsi münasibətilə təbriklərini
çatdırıb.
Latviyanın
hər zaman Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini deyən səfir
ölkəsinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə
xüsusi əhəmiyyət verdiyini qeyd edib. Onun sözlərinə
görə, son dövrlərdə iki ölkə arasında
iqtisadi sahədə, o cümlədən işgüzar dairələr
arasında əlaqələr daha da genişlənməkdədir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.3.