Qərbin
antiazərbaycançı şəbəkəsi
ifşa olunur
"Ölkəmizdə fəaliyyət göstərən
bəzi media qurumlarının Qərb siyasi dairələri tərəfindən maliyyələşdirilməsində
məqsəd Azərbaycanda
qarışıqlıq yaratmaqdır.
Ona görə də Toplum TV-nin fəaliyyətinə hüquqi müstəvidə
qiymət verilməsi ilə bağlı müvafiq
tədbirlərin həyata
keçirilməsindən sonra
Qərbin bəzi siyasi dairələrinin köhnə ab-havada danışacaqları, Azərbaycanı
insan haqlarının və demokratik dəyərlərin pozulmasında
ittiham edəcəkləri
istisna edilmirdi".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Elman Nəsirov deyib. Deputat bildirib ki, Qərb
institutları və onların maliyyələşdirdiyi
qurumlar Azərbaycana qarşı yenə qarayaxma kampaniyasına başlayıblar: "Azərbaycanı
guya insan hüquq və azadlıqlarının pozulması,
mediaya qarşı təqib siyasətinin həyata keçirilməsi
və digər bu kimi məsələlərdə
ittiham edirlər. Lakin gün kimi aydındır ki, bu ittihamların
heç bir əsası yoxdur. Əvvəla ona görə ki, demokratik inkişaf yolunu seçmiş və bu yolda
inamlı addımlarla
irəliləyən Azərbaycan
belə ucuz vasitələrə ehtiyac
duymur. İkincisi isə, demokratiya bir prosesdir, yəni orada son nöqtə yoxdur. Demokratiyanın zirvəsində olduğunu
iddia edən dövlətlər birmənalı
olaraq yanılır və dünya ictimaiyyətini də yanıltmağa çalışırlar.
Sadəcə, demokratiya
yolunu seçən dövlətlər hər
dəfə növbəti
mərhələyə keçid
edir və prosesi davam etdirirlər.
Azərbaycan da demokratik
inkişaf yolu ilə gedir və bu istiqamətdə
çox ciddi islahatlar həyata keçirir".
Elman Nəsirovun sözlərinə
görə, ayrı-ayrı
şəxslər və
yaxud hansısa media qurumu ilə bağlı hüquq-mühafizə
orqanlarının hərəkətə
keçməsinə gəlincə
isə, burada günahkar onların elə özləridir:
"Ölkəmizdə media qurumları və ya jurnalistlər heç bir halda siyasi mövqelərinə
görə təqib olunmurlar. Toplum TV-nin bir neçə
əməkdaşının saxlanılmasının səbəbi
isə axtarış zamanı aşkarlanan cinayət əməlləridir.
Məhkəmə həmin
şəxslərlə bağlı
müvafiq qərarlar qəbul edəcək. Ortada cinayət əməli varsa, bu əməli törədənlərin siyasi
baxışları, onların
əqidəsi və sairə kimi amillərin məsələyə
heç bir aidiyyəti yoxdur. Cinayət törədilirsə,
cinayətkar cəzalandırılmalıdır".
Deputat vurğulayıb
ki, heç kim qanunun fövqündə dayana bilməz və heç kimin toxunulmazlıq hüququ yoxdur: "Demokratik inkişaf yolunu seçmiş bütün hüquqi dövlətlərdə cinayət
faktı aşkarlandığı
halda, onu törədən mütləq
cəzalandırılır. Əksinə, cinayətkarların
cəzasız qalması
dövlətin sütunlarına
çox ciddi zərbə vurar və ictimaiyyətdə dövlətə inamsızlıq
yaranar. Bu gün xalqımız dövlət
siyasətini birmənalı
müdafiə edir. Çünki bizim işimiz haqq işidir və heç kim daxili işlərimizə qarışa bilməz. Bu nöqteyi-nəzərdən Qərbin
bəzi siyasi dairələri təzyiqlərini
dayandırmalıdırlar və
baş verənlərdən
dərs almalıdırlar".
Elman Nəsirov yekunda deyib ki, Qərbin maliyyələşdirdiyi növbəti
media qurumunun ifşa olunması ilə xarici mediada ölkəmizə qarşı
aparılan qarayaxma kampaniyası genişlənib.
Lakin ölkəmizi hədəfə
alan əsassız ittihamlarla dolu materiallar dərc edən, bizə qarşı təzyiqlərini
artıran Qərb siyasi dairələri belə cəhdləri ilə Azərbaycanı öz daxili məkanını qeyri-qanuni
fəaliyyətlərdən qorumaqdan çəkindirə
bilməz.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.- 8 mart, № 53.- S.9.