Azərbaycan Prezidentinin qətiyyəti
ilə reallaşan layihə
Bakıda
keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində nazirlərin
10-cu və "Yaşıl Enerji" Məşvərət
Şurası çərçivısində nazirlərin 2-ci
iclası Azərbaycanın uğurlu enerji strategiyasından xəbər
verir. Bu bir daha sübuta yetirir ki, "Cənub qaz dəhlizi"
bütövlükdə region üçün uğur hekayəsidir.
Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə
danışan Milli Məclisin deputatı Vüqar Bayramov
söyləyib ki, "Cənub qaz dəhlizi"nin
reallaşması regionun enerji təhlükəsizliyinə
mühüm töhfə verib: "Xüsusilə də son
geosiyasi, regional və iqtisadi dəyişikliklər fonunda
"Cənub qaz dəhlizi" nəinki Avropa
İttifaqının, bütövlükdə regionun enerji təhlükəsizliyinin
güclənməsində həlledici rol oynayıb. Etiraf etmək
lazımdır ki, "Cənub qaz dəhlizi"nin
reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində
mümkün olub. Nəzərə almaq lazımdır ki, bu
layihənin müzakirəsi zamanı fərqli yanaşmalar sərgilənirdi,
hətta bəzi ölkələr, o cümlədən Avropa
İttifaqı layihənin smetasına görə ona tərəddüdlə
yanaşırdılar. Amma dövlətimizin mövqeyi, Azərbaycan
Prezidentinin siyasi iradəsi bu layihənin reallaşmasına
imkan yaratdı. Daha sonra baş verən geosiyasi hadisələr,
Rusiya-Ukrayna müharibəsi, eləcə də Avropa
İttifaqının enerji mənbələrinin şaxələndirilməsi
və digər işlər bir daha təsdiqlədi ki, Azərbaycanın
bu məsələdə mövqeyi strateji əhəmiyyət
daşıyırdı".
Deputatın sözlərinə görə, "Cənub
qaz dəhlizi" layihəsinin reallaşması
bütövlükdə region üçün kifayət qədər
böyük hadisədir: "Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində nazirlərin
10-cu və "Yaşıl Enerji" Məşvərət
Şurası çərçivəsində nazirlərin 2-ci
iclaslarında səsləndirilən fikirlər də bunu təsdiq
edir. Açıq-aydın ortadadır ki, yeni dövrdə
artıq yeni çağırışlar var. Azərbaycanda
"yaşıl enerji"yə keçid müşahidə
olunur. Ümumiyyətlə, regionda alternativ mənbələrdən
enerji istehsalına ən çox sərmayə yönəldən
ölkələrdən biri olaraq Azərbaycanın qısa
zamanda "yaşıl enerji" hasilatını
artırması və ixracını təşkil etməsi
gözləniləndir.
"Azərbaycanla Avropa İttifaqı arasındakı
anlaşmaya əsasən, 2026-cı ildən sonra ölkəmizdə
istehsal edilən "yaşıl enerji" Gürcüstan, eləcə
də Qara Dəniz vasitəsilə Avropaya
çatdırılacaq. Bu isə ondan xəbər verir ki, Azərbaycan
Avropaya yalnız ənənəvi enerji resursları məhsulları
ilə deyil, həm də innovativ "yaşıl enerji"si
ilə daxil ola biləcək. Azərbaycan hətta 2026-cı
ildən sonra Avropa İttifaqına nəql etdiyi mavi qazın həcmini
20 milyard kubmetrə qədər artırmağı nəzərdə
tutub. Bu, bir daha göstərir ki, Azərbaycan həm öhdəliklərinə
və strateji əməkdaşlığa sadiqdir, həm də
enerji keçidi prosesini dəstəkləyir və ona töhfə
verir. Son iclas da bir daha təsdiqlədi ki, "Cənub qaz dəhlizi"
region üçün nəinki əhəmiyyətini qoruyub
saxlayıb, hətta davamlı bir layihəyə çevrilib.
Deməli, Azərbaycan hələ uzun müddət regionun
enerji təhlükəsizliyinə töhfə verməyə
davam edəcək", - deyə müsahibimiz əlavə
edib.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.7.