İgidlik, mərdlik
Azərbaycan xalqının
canında, qanındadır.
Mübarizədən çəkinməyi,
döyüşdən qaçmağı
bu xalqın övladları tarix boyu özlərinə ar bilib, qorxaqları,
cəsarətsizləri qınayıblar.
Cəsurlara, qəhrəmanlara
isə sonsuz ehtiram, sevgi göstəriblər.
Bəşəriyyət İkinci Dünya müharibəsi fəlakəti
ilə üzləşəndə
Azərbaycan xalqı da çox çətin
sınaqdan mərdliklə
çıxdı. O zaman
respublikamız Sovet İttifaqının tərkibində
idi. İkinci Dünya müharibəsi
1939-cu il sentyabrın
1-də iki imperialist ittifaq arasında başladı. Ancaq keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) da
təhlükədən uzaq deyildi. Müharibənin
ilk günlərindən
alman qoşunları
SSRİ sərhədlərinə yaxınlaşdı. 1940-cı ilin
iyulunda Adolf Hitlerin: "Rusiya gərək məhv edilsin! Müddəti -
1941-ci ilin yazı!",
- deməsi müharibənin
qaçılmaz olduğunu
təsdiqlədi.
1941-ci il iyunun
22-də faşist Almaniyası
Sovet İttifaqına hücum etdi. SSRİ-nin tərkibində olan digər respublikalar kimi Azərbaycan da İkinci Dünya müharibəsinə qatıldı.
Bu dəhşətli savaş SSRİ, eləcə
də Azərbaycan tarixinə Böyük Vətən müharibəsi
kimi yazıldı.
Böyük Vətən
müharibəsində faşizmə
qarşı müharibədə
respublikamızın əraziləri
hərbi əməliyyat
meydanına çevrilmədi.
Ancaq Azərbaycan o dəhşətli müharibənin
əvvəlindən sonunadək
fəal iştirak etdi. Respublikamız həm sərvətləri,
həm də insan qüvvəsi ilə faşizmə qarşı müharibədə
ön sırada oldu. Azərbaycanlılar ön cəbhədə də, arxa cəbhədə
də böyük rəşadət göstərdilər.
Bakı nefti alman komandanlığının
xüsusi diqqətindəydi.
Tarixçilər qeyd
ediblər ki, Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti
ələ keçirmək
idi. Plana əsasən, faşistlər
Bakını 1941-ci il
sentyabrın sonunadək
işğal etməli,
zəngin neftini ələ keçirməli
idi.
Tarixi faktdır
ki, Böyük Vətən müharibəsinin
ilk günlərində
faşizmə qarşı
vuruşmaq üçün
Azərbaycanda 4 mindən
çox oğlan və qız cəbhəyə getmək
üçün könüllü
olaraq hərbi komissarlıqlara müraciət
etdi. 1941-ci ilin avqust ayınadək xalq qoşunu dəstələrinə təxminən
123 min nəfər yazıldı. Həmin ilin axırında xalq qoşunu dəstələrində 187 min
nəfər döyüşçü
vardı ki, onlardan da 30 min nəfərdən çoxu qadın idi. Azərbaycanda
1941-1945-ci illərdə 640 min nəfərdən çox səfərbər
edilərək cəbhəyə
göndərildi. Onlardan
300 min nəfəri həlak oldu. O qəhrəmanların övladları
XX əsrin sonlarında
doğma Vətənin
başının üstünü
yenidən qara buludlar alanda ayağa qalxdılar...
1980-ci illərin
sonlarında Sovet Sosialist Respublikaları İttifaqı
çökməkdə idi. Azərbaycanın müstəqilliyini
tələb edən xalqımızın qətiyyəti tənəzzüldə
olan, lakin hələ də gücünü itirməmiş
Sovet İttifaqının rəhbərlərini hiddətləndirirdi.
Belə bir vaxtda, 1988-ci ildə SSRİ-dən hər cür
yardım alan qəsbkar Ermənistan Azərbaycana qarşı
torpaq iddiası irəli sürdü. Təcavüzkar ermənilərin
əsassız iddialarına və separatçı
çıxışlarına etiraz edən silahsız gənclər
fevralın 22-də Ağdamdan Xankəndiyə
yürüş etdilər. Onlar Əsgəran ərazisində
ermənilərin atəşinə məruz qaldılar. İki
azərbaycanlı gənc ermənilər tərəfindən
qətlə yetirildi.
Ermənistanın
Azərbaycana qarşı yenidən başlatdığı
münaqişənin alovları getdikcə Qarabağı
bürüdü. 1990-cı ilin yanvarında Sovet
İttifaqı rəhbərliyi azərbaycanlıların haqq səsini
boğmaq, qətiyyətlərini qırmaq üçün Azərbaycana
qoşun yeritdi. Respublikamızın paytaxtında yanvarın
19-dan 20-nə keçən gecə sovet ordusu hissələrinin,
xüsusi təyinatlı dəstələrin, daxili
qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin
sıx yaşadığı digər regionlarından olan
ehtiyatdakı hərbçilərin iştirakı ilə qətliam
törədildi. Ancaq Sovet İttifaqı rəhbərliyi məqsədinə
çata bilmədi. O dəhşətli gecədə dinc,
günahsız övladları gülləbaran ediləndə,
tanklarla üstlərindən keçiləndə də Azərbaycan
xalqı mərdliyi, igidliyi ilə bütün dünyanı
heyrətləndirdi.
Ermənistan
Qarabağı, Şərqi Zəngəzuru müharibə
ocağına çevirəndə respublikamızın
bütün bölgələrindən igid oğullar,
qızlar döyüşə yollandılar. Onlar düşmənə
qarşı qəhrəmanlıqla vuruşdular. Ancaq Birinci
Qarabağ müharibəsində Ermənistan xarici
havadarlarının köməyi, gücü ilə Azərbaycanın
iyirmi faiz ərazisini işğal edə bildi.
Otuz ilə
yaxın işğalçı Ermənistanın silahlı
qüvvələri Azərbaycanın Qarabağ və Şərqi
Zəngəzur ərazilərini işğal altında
saxladı. Bir milyon soydaşımız məcburi
köçkün kimi yaşamaq məcburiyyətində
qaldı.
Ermənistan
silahlı qüvvələrinin növbəti təxribatı
nəticəsində 2020-ci il sentyabrın 27-də İkinci
Qarabağ müharibəsi başladı. Ali Baş
Komandanın qismən səfərbərlik əmri ilə igid
oğullar Qarabağ və Şərqi Zəngəzur
torpaqları uğrunda mübarizəyə qalxdılar.
Qırx dörd gün ərzində Azərbaycanın qəhrəman
oğulları erməni qəsbkarlarını diz
çökdürdülər. Müzəffər Azərbaycan
Ordusu otuz ilə yaxın işğalda qalmış ərazilərimizi
azad etdi.
Birinci Qarabağ
müharibəsində də, İkinci Qarabağ müharibəsində
də, ötən ilin sentyabrında aparılan lokal xarakterli
antiterror əməliyyatlarında da Azərbaycanın qəhrəman
övladları göstərdilər ki, ataları, babaları
kimi mərd və igiddirlər. Onlar sinələrini
düşmən güllələrinə sipər edərək
Vətənin candan əziz olduğunu bir daha təsdiq etdilər.
O qəhrəmanlar bir daha göstərdilər ki, Vətənə
sevgi, sədaqət bu xalqın varlığındadır. İllər, qərinələr,
əsrlər dəyişsə
də, bu, heç zaman dəyişməyəcək.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.10.