Azərbaycan
"yaşıl enerji"nin
həm də tranzitini həyata keçirəcək
Özbəkistan və Qazaxıstan bərpaolunan enerjilərini
ölkəmiz üzərindən
ixrac edəcəklər
Azərbaycan neft,
neft məhsulları və təbii qaz ixracatçısı olmaqla yanaşı, həm də elektrik enerjisi təchizatçısıdır. Bərpaolunan enerji layihələrinə uğurlu
start verməsi bu istiqamətdə ölkəmiz qarşısında
daha geniş perspektivlər açır.
2022-ci il dekabrın
17-də Buxarestdə Prezident
İlham Əliyevin iştirakı ilə
"Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya
və Macarıstan Hökumətləri arasında
"yaşıl enerji"nin
inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Saziş"in
imzalanması deyilənlərə
aydın misaldır. Bu, elektrik enerjisinin
Azərbaycandan keçməklə
Mərkəzi Asiya ölkələrindən Avropaya
nəqli üçün
də imkan yaradır.
Hələ keçən
ilin noyabr ayında Bakıda, İqtisadiyyat Nazirliyində
keçirilən üçtərəfli
görüşdə Mərkəzi
Asiya ölkələrindən
Azərbaycan ərazisi
ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilmişdi.
Tərəflər elektrik
enerjisinin ixracı ilə bağlı birgə müəssisənin
yaradılması və
layihənin iqtisadi əsaslandırılmasına hazırlıq
üzrə razılığa
gəlmişlər. Azərbaycanın,
Özbəkistanın və
Qazaxıstanın iqtisadiyyat
və energetika nazirlərinin iştirakı
ilə keçirilən
həmin görüşdə
qeyd edilmişdi ki, üç ölkənin bərpaolunan
enerjinin inkişafı
və ixracı ilə bağlı yürütdüyü siyasət
Azərbaycana Mərkəzi
Asiya ölkələrindən
Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Belə
ki, Azərbaycan Gürcüstan, Rumıniya
və Macarıstanla birgə 4 QVt elektrik enerjisinin ixracına xidmət edəcək Xəzər dənizi-Qara dəniz-Avropa
enerji dəhlizinin yaradılması üzərində
işləyir. Daha 1 QVt "yaşıl enerji"nin Naxçıvan-Türkiyə-Avropa
marşrutu ilə nəqli nəzərdə
tutulub.
Görüşdə bildirilmişdi ki, Qazaxıstanın və Özbəkistanın həmin
dəhlizlərə çıxış
əldə etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafını,
"yaşıl hidrogen"in,
ammonyakın istehsalı
və təchizatı
üzrə əməkdaşlığı
möhkəmləndirəcək, Orta dəhliz çərçivəsində enerji təhlükəsizliyi
və "yaşıl
layihələr" üzrə
tərəfdaşlığı gücləndirəcək. Tərəflər
Azərbaycanın region
ölkələrinin enerji
sisteminin gələcək
inkişafı üzrə
səylərin koordinasiyası
və sinxronlaşdırılması
ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü
ölkələrin bazarlarına
təchizatı istiqamətində
qarşılıqlı səylərini
təqdir etmişlər.
Nazirlər ölkələrin
bərpaolunan enerji üzrə potensialını
qeyd edərək, alternativ mənbələrdən
alınan elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə
qoşulmağa hazır
olduqlarını bildirmişlər
və görüşün
nəticəsi kimi birgə kommünike imzalanmışdı.
Həmin hadisədən
bir ay sonra
isə Bakıda Azərbaycan, Özbəkistan
və Qazaxıstan arasında Mərkəzi Asiyadan ölkəmizin ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə
olunduğu üçtərəfli
görüşün nəticəsi
kimi Birgə Kommünike qəbul edildi. Sənədi Azərbaycanın iqtisadiyyat
və energetika nazirləri, Özbəkistanın
energetika, eləcə
də investisiya, sənaye və ticarət nazirləri, Qazaxıstanın energetika
naziri imzaladılar.
Birgə Kommünikedə
bərpaolunan enerji mənbələrinə fokuslanan
enerji mübadiləsi,
"yaşıl hidrogen"
və "yaşıl
ammonyak"ın inkişafı
və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində
əməkdaşlıq kimi
məsələlər əks
olundu. Sənədə
əsasən, tərəflər
elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması
və layihənin iqtisadi əsaslandırılmasına
hazırlıqla bağlı
razılığa gəldilər.
Birgə Kommünikeyə
uyğun olaraq regionda üçüncü
ölkələr bu layihədə iştirak edə bilər.
Nazirlər bu dəfə də ölkələrin bərpaolunan
enerji sahəsində potensialını vurğulayaraq,
alternativ mənbələrdən
alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bir daha qeyd etdilər.
Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksəkgərginlikli
xətlərin çəkilməsi
imkanlarının araşdırılmasına
maraq ifadə olundu. Onlar həmçinin
təsdiqlədilər ki,
"yaşıl enerji"nin
ötürülməsi layihəsinin
inkişafı iştirakçı
ölkələrin iqtisadiyyatları
və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək,
milli enerji sənayelərinə yeni təkan verəcək.
Bu günlərdə
Azərbaycanın energetika
naziri Pərviz Şahbazovun Qazaxıstana səfəri çərçivəsində
həmin ölkənin
energetika naziri Almasadam Satkaliyev ilə görüşü
zamanı da enerji sahəsində əməkdaşlığın xüsusi rolu qeyd edilib. Enerji
əlaqələrinin karbohidrogen
sektoru ilə yanaşı, bərpaolunan
enerji üzrə genişləndirilməsinin Hökumətlərarası
Komissiyanın fəaliyyətində
prioritet istiqamətlərdən
olduğu bildirilib. Elektrik enerjisinin Mərkəzi Asiyadan Azərbaycana, buradan isə Avropaya ixracı ilə bağlı Azərbaycan-Qazaxıstan-Özbəkistan
arasında üçtərəfli
görüş zamanı
əldə edilmiş
razılaşmaya uyğun
işlərin gedişatı
da nəzərdən keçirilib. Qafqaz regionu və Mərkəzi Asiyanın enerji sistemlərini sualtı kabel vasitəsilə əlaqələndirən
layihənin texniki-iqtisadi
əsaslandırma (TİƏ) prosesinə başlanması
məqsədilə görüləcək
tədbirlər müzakirə
edilib.
Bundan başqa,
Azərbaycanın və
Qazaxıstanın energetika
nazirlikləri arasında
enerji sahəsində strateji tərəfdaşlığa
dair saziş layihəsinin hazırlanması
ilə bağlı məsələlər barədə
fikir mübadiləsi aparılıb. Eləcə
də Qazaxıstan neftinin Azərbaycandan keçməklə çoxistiqamətli
tranziti üzrə praktiki addımlar atılması, bu xüsusda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri
ilə illik 1,5 milyon ton neftin
nəqli ilə bağlı razılaşmanın
həyata keçirilməsi,
tədarük həcminin
tədricən artırılması
istiqamətində SOCAR və
"KazMunayQaz" arasında
əməkdaşlıq yüksək
qiymətləndirilib.
Deyilənlərə onu əlavə edək ki, Qazaxıstan
BTC layihəsinin həyata
keçirilməsində Azərbaycanı
daim dəstəkləyib.
O cümlədən 1999-cu ildə
İstanbul şəhərində
kəmərin marşrutunu
müəyyənləşdirən sənədi Azərbaycan,
Cürcüstan, Türkiyə,
ABŞ prezidentləri ilə
birgə Qazaxıstanın
dövlət başçısı
da imzalamışdı.
Bu kəmərə xeyli müddətdir Qazaxıstan nefti də vurulur.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
8 mart, № 53.- S.11.