Tezliklə bu sözləri keçmiş məcburi köçkün xanımların
hər biri eşidəcək
Bu qadınlar bir-birini tanımır. Olsun ki, heç vaxt heç
qarşı-qarşıya da gəlməyiblər. Ancaq
üç onillik eyni taleyi yaşayıblar. Məcburi
köçkün taleyini...
Hər ikisi ailəsi,
qohum-əqrabası ilə birlikdə namərd
yağının əli ilə yurd-yuvasından perik
düşəndə əvvəlcə bir yataqxanaya, sonra
başqa bir yataqxanaya sığınıb daha sonra isə indi
yaşadıqları yerdə məskunlaşdırılıblar.
Kifayət Quliyeva
Cəbrayıl rayonunun Balyand kəndindəndir. Deyir ki, yüz
il yaşasam belə, kəndimizdən zorla
çıxarıldığımız günü unuda bilmərəm:
"Ayağıyalın, başıaçıq vəziyyətdə
çıxdıq kənddən. Elə bildik axşama
sarı evimizə dönəcəyik. Qaş qaralanda qonşu
kəndə çatdıq və burada məlum oldu ki,
artıq geriyə yol yoxdur. Elə o an ətrafına
toplaşdığımız ağacın altında yerə
çöküb necə hönkür-hönkür
ağladığım yadıma düşəndə indi də
ürəyim dağlanır".
Kifayət
xanım kövrəlir, amma sözünə davam edir:
"Əvvəlcə Sumqayıtda yaşayan
qohumlarımıza pənah gətirdik. Ancaq atalar demişkən,
el elə sığar, ev evə sığmaz. Qohumun
özünün də mənzili geniş deyildi. Sonra da
yataqxana həyatı... Onda dövlətimizin indiki imkanları
yox idi. Həm də qaçqın-köçkün bir
deyildi, beş deyildi. Xeyirxah insanlar kömək etdi. Bir
müddət sonra Bakıda sovet dönəmindən tikintisi
yarımçıq qalmış bir binada məskunlaşdıq.
Həyat yoldaşım bənna idi, Balyanddakı evimizi kərpic-kərpic
özü qaldırmışdı. Torpağı əkib-becərməyi
çox sevərdi. Şəhər həyatına heç
cür alışa bilmədi. Dünyasını vaxtsız dəyişdi.
Kənddən biri altı, biri beş, biri də iki
yaşında gətirdiyim övladlarımı dövlətin
köməyi ilə araya-ərsəyə gətirdik, indi
müstəqil insanlardır..."
Zəngilan
rayonunun Qıraq Müşlan kəndinin sakini Təranə Kərimova
isə doğma yurdu 21 yaşında tərk etməli olub.
Yaxın günlərdə toyu olacaqmış, amma qismət
deyilmiş. Yığılı cehizi yağıya qalıb. Həmkəndlisi
olan həyat yoldaşı, qayınanası, baldızı və
qaynı ilə Bakıda xeyli müddət bir yataqxana
otağında yaşayıblar. Sonra gənc ailəyə bir sənaye
müəssisəsi istifadəsiz olan otaqlarında
sığınacaq verib.
Təranə
xanım deyir ki, müdrik Prezidentimiz, Ali Baş Komandan
İlham Əliyev onların kəndinin işğaldan azad
edildiyini xəbər verəndə hansı hissləri
keçirdiyini söyləməyə söz tapa bilmir.
Keçən il ona qardaşları, ailəsi ilə birlikdə
doğma yerlərə baş çəkmək də qismət
olub.
"Ayağıyalın
şütüyürdüm zalım yağının xaraba
qoyduğu ata yurduma sarı. Bu, əhdim idi. Dəli kimi
ağlayırdım. Amma Bakıya dönəndən sonra xeyli
toxdadım. Tezliklə bizim kənd də yenidən tikiləcək,
abad olacaq. Biz çıraqlarımızı orada yenidən
yandıracağıq. Şəhid qanı bahasına azad olan
o yerlərə həyatı qaytarmaq hər birimizin boynunun
borcudur..."
Təranə Kərimova
o günü hər saat, hər an səbirsizliklə gözləyir.
Kifayət Quliyeva
isə deyir ki, kəndinin azad edildiyini eşidəndə az
qala qışqırıb, sanki bu xəbəri bütün
dünyaya car çəkmək istəyib: "Bir andaca
özümü evimdə-eşiyimdə hiss etdim. İstədim
tanıdığım hər kəsi qonaq
çağıram. Deyəm ki, gəlin, bizim dağlar
qoynundakı gözəl kəndimizi görün...
İnşallah, tezliklə o da olacaq. Prezidentimiz bütün
Qarabağı, Şərqi Zəngəzuru cənnətə
çevirir. Sevinirəm ki, hələ qolumun qüvvəsi,
dizimin taqəti tükənməyib. Mən də gedib kənddə
bir işin qulpundan yapışacam".
Həmişə
evinizdə-eşiyinizdə, gözəl xanımlar! Bu sözlərlə
keçmiş məcburi köçkün qadınların hər
birinə gözaydınlığı verəcəyimiz
günlər də uzaqda deyil.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
8 mart, № 53.- S.5.