Həyatda ömrünü, sənətdə taleyini yaşadı

 

 

Bütün istedadını, qəlbinin hərarətini sənətə həsr edən görkəmli səhnə xadimi, Xalq artisti Nəsibə Zeynalovanın özünəməxsus yaradıcılıq siması, xüsusiyyətləri vardı. Bu da çox vacib dəyərli keyfiyyətlər idi: aydın, parlaq, sağlam ağıllı gülüşü ilə hər bir tamaşaçıya xüsusi zövq vermək.

Səhnəmizin korifeyinin hər hərəkəti, şux zarafatları, söz-söhbətləri heç vaxt yaddaşlardan çıxmır. Gülüş ustadının yaratdığı obrazlar köhnə zəmanənin - ötən əsrin adamları olsa belə onlar bu gün insanları güldürür, düşündürür həmin qəhrəmanları canlandıran ustad sənətkarı xalqa bir daha sevdirir. Nəsibə xanımın oyunu heç bir zaman təsirsiz qalmırdı, tamaşaçısını həyatın mənası, sənətin yüksək vəzifələri haqqında düşünməyə məcbur edirdi. Daim dolu olan salon hər dəfə onu gurultulu alqışlarla qarşılayır yola salırdı. O, tam, bitkin, mənən cismən kamil surətlərlə ecazkar bir sənət nümunəsi yaradırdı.

Nəsibə xanım Zeynalova parlaq yaradıcılıq yolu keçmiş yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz izlər qoymuşdur. Sənətkarın yaradıcılığına ümumxalq məhəbbəti qazandıran təkcə onun istedadı deyildi, həm insan psixologiyasına bələdlik, həyati bilgilər, müşahidə qabiliyyəti, sənət sevgisi, məsuliyyət ən nəhayət, böyük zəhmətsevərlik idi.

Unudulmaz sənətkarın atası Kərbəlayı Cahangir Azərbaycan teatrının banilərindən olmuşdur. 1916-cı ildə dünyaya göz açan yeganə qızı Nəsibə xanımı Kərbəlayı Cahangir, sözün əsl mənasında, nəzir-niyazla tapmış, bəxtinə min kərə şükür etmişdi. Lakin ailənin bu sevinci uzun sürməmişdi. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədərkən Cahangir Zeynalov ailəsini götürüb İrana gedir. Geriyə qayıdanda isə gəmidəki natəmizlik onun xəstəliyə tutulmasına səbəb olur. Az sonra Kərbəlayı Cahangir həyatla vidalaşır ailənin çətin günləri başlanır...

Nəsibə xanımın həyat yaradıcılıq yolları çox dolaylardan, sərt döngələrdən keçmişdir. Belə ki, gələcəyin böyük aktrisası 14 yaşından etibarən anasına kömək etmək üçün işləmək məcburiyyətində qalmışdı. Lakin qanındakı istedad onu başqa səmtə çəkib aparmağa başlamışdı. Belə ki, oxuduğu orta məktəbin tədbirlərində rəqqasəlik etmiş, milli oyun havalarının incəliklərini öyrənmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olmuşdu. Nəsibə Zeynalova həmin il sənədlərini Bakı Teatr Məktəbinə vermiş yüksək nəticələrlə tələbə adını qazanmışdır. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs almışdır. Tələbə ikən o, Şekspirin "Şıltaq qızın yumşalması"nda Katarina, Jan Batist Molyerin "Don Juan"nında Elvira, Fridrix Şillerin "Mariya Stüart"ında Yelizaveta rollarında oynamışdır.

Yaradıcılıq taleyini artıq Musiqili Komediya Teatrına bağlamış sənətkar uzun illər bu məbədgahdan ayrılmamış, 40 ildən çox işlədiyi bu sənət ocağının repertuar ağırlığını çiyinlərində daşımışdır.

Ustad sənətkarın obrazlar qalereyası olduqca zəngindir. O həm Azərbaycan başqa xalqların dilindən tərcümə olunmuş əsərlərdə, həm klassik, həm çağdaş bəstəkarların müasir mövzularda yazılmış musiqili komediyalarında uğurla çıxış etmişdir. Beləliklə, bir-birindən fərqlənən onlarca komik personajları canlandırmışdır. Nəsibə Zeynalova yaratdığı hər bir obrazın əvəzsiz ifaçısı olmuşdur.

"Dərviş Məstəli Şah"dakı Xanpəridən "Ulduz"dakı Züleyxayadək, "Hacı Qara"dakı Tükəzdən "Qaynana"dakı Cənnət xalayadək, "Beş manatlıq gəlin"dəki Səlbidən "Qızıl toy"dakı Ballıyadək unudulmaz aktrisamız neçə-neçə qadın xarakteri yaratmış, tamaşaçısını güldürmüş düşündürmüşdür. Mütəxəssislər Nəsibə Zeynalovanın Cənnət xalasını, Nargiləsini, Züleyxasını zəngin ifadə vasitələrinə, yumorun milliliyinə, təbii reallığına görə Azərbaycan səhnəsinin nadir inciləri hesab etmişlər.

Nəsibə xanımın yaratdığı obrazlar həyatiliyi real bədii təsvirləri ilə fərqlənirdi. Aktrisa bəzən gözlənilməz, ancaq mənalı məzmunlu, yerinə düşən ifadə vasitələri ilə yaratdığı tamaşaçıya çatdırdığı uğurlu improvizələrin müəllifi idi. O, müxtəlif epizodlarda rəqsdən, mahnıdan hərəkətlərdən məharətlə istifadə edirdi, xalq yumorundan, lətifə söyləmək qaydalarından lazımınca bəhrələnirdi. Oynadığı əsərin məzmununa, mövzusuna, bədii dəyərlərinə tam yiyələnməyə nail olur, tipik xarakterlər yaratmağı bacarır, hər bir obrazın forma ilə məzmununun vəhdətini vacib sayırdı. Mütəxəssislər, eləcə obrazın xarakterini hərəkətlə, yəni yerişi, oturuşu-duruşu ilə çatdırmaqda musiqili komediya sahəsində Nəsibə xanım kimi mahir bir sənətkar olmadığını söyləyirlər.

Nəsibə Zeynalovanın istedadı kinoda, ekran əsərlərində əbədiləşib. O, "Ögey ana"da Fatmanisə, "Böyük dayaq"da Telli, "Ulduz"da Züleyxa, "Qayınana"da Cənnət xala, "Molla Fətəlinin sərgüzəştləri"ndə Gülüstan, "Bəyin oğurlanması"nda Əsli xala obrazlarını böyük ustalıqla yaradıb. Aktrisa eləcə saysız-hesabsız televiziya tamaşalarında, yumoristik səhnəciklərdə, intermedialarda çıxış edib. Bundan əlavə, "Azərbaycanfilm" kinostudiyasının çoxsaylı ekran əsərlərində çəkilib.

Nəsibə xanımın bir aktrisa kimi xoşbəxtliyi həm onda idi ki, böyük bir əsərdə kiçik, hətta epizodik rol oynasa da, yadda qalırdı. Onun ifası o qədər təbii, duzlu-məzəli idi ki, tamaşaçının hafizəsinə həmişəlik həkk olunurdu. Aktrisanın dilindən qopan bir çox fikir, söz sonralar hətta zərbi-məsələ çevrilirdi.

Nəsibə Zeynalova yaradıcılığının mahiyyəti bir onda idi ki, məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə istiqamətləndirə bilirdi. Aktrisa satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, onlardan bol-bol istifadə edirdi. Bununla belə, janrın estetik prinsip meyarlarına heç bir xələl gətirmirdi.

Nəsibə xanım sözə çox həssas imiş. Klassik operettalarda oynayarkən obrazın sözlərinə bir kəlmə əlavə etməz, yaxud təhrifə yol verməz, xələl gətirməzdi. Ancaq müasir musiqili komediyalarda oynayarkən vəziyyətə uyğun olaraq bəzi əlavə sözlər işlədər, müəyyən ifadələrdən istifadə edərdi. Bunu xüsusilə librettosu nisbətən zəif olan əsərlərdə edir, obrazın sözlərinin məntiqini gücləndirirdi.

Görkəmli aktrisa Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi korifey sənətkarlarla tərəf-müqabili olub. Hər biri ilə bənzərsiz ifa nümayiş etdirib. Azərbaycanın çağdaş teatr tarixində Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan üçlüyünün özünəməxsus yeri görünür. Səhnə taleyi bu üçlüyü çox sıx birləşdirmişdi. Bu vəhdət oynanılan hər bir əsərin uğuru ilə nəticələnirdi. Ən uğurlu teatr tamaşalarından olan "Hicran"ın nailiyyətləri məhz bu üçlüyün istedad əməyindən qaynaqlanıb.

Təkrarsız səhnə yaradıcılığına görə Nəsibə Zeynalova 1960-cı ildə respublikanın Əməkdar, 1967-ci ildə Xalq artisti adlarına, 1974-cü ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

Görkəmli səhnə xadimi, gülüş ustadı Nəsibə Zeynalova artıq 20 ildir dünyasını dəyişib. Buna baxmayaraq, onun tamaşaçısına bəxş etdiyi xoş ovqat, gözəl əhvali-ruhiyyə, gülüş təbəssüm həmişə bizimlədir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 8 mart, № 53.- S.6.