Tarixi roman ustasının tarixə dönən ömür yolu

 

 

Nənəsi Seyid Rübabənin dizinin dibində əyləşib axşam gördüyü yuxusunu danışırdı: "Gördüm, bir bulağın başındayam. Uzanıb su içirəm. Doqaqlarımdan tökülən damlalardan suyun üzündə xırda ləpəciklər əmələ gəlir". Nənəsi onun saçlarını oxşaya-oxşaya gülümsəyirdi: "Qızım, Fatimeyi-Zəhraya danışarsan yuxunu. Sən elə bir adam olacaqsan ki, sözün aləmə yayılacaq...

Ömrünün ahıl çağlarında uşaqlıq illərinin bu əziz xatirəsi tez-tez canlanırdı gözlərinin önündə. Seyid Rübabə haqlı çıxmışdı. Sevimli nəvəsi Əzizə Cəfərzadə yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor kimi tanınmışdı..."

O, 1921-ci ildə Bakıda dünyaya gəldi. Ailənin ilki deyildi. Ancaq  valideynlərinə övlad sevincini o, bəxş etdi. Ata-anasının ilki çox yaşamamışdı. Əzizə Cəfərzadədən sonra dünyaya gələn uşaqlardan ikisi uzunömürlü oldu. O, evin birinci övladı, iki qardaşın tək bacısı kimi böyüdü. Uşaq ikən onların ən çox qayğılarına qalan, qəhrini çəkən ana nənələri Seyid Rübabə oldu. Bu müdrik qadın gələcəyin görkəmli yazıçısının həyatında, dünyagörüşünün formalaşmasında böyük rol oynadı.

Əzizə Cəfərzadəni 1930-cu ildə nənəsi Bakıdakı 38 saylı orta məktəbin birinci sinfinə apardı. Amma Seyid Rübabə dindar qadın idi. Nəvəsinin ərəb dilini, Qurani-Kərimi də öyrənməsini istəyirdi. Balaca Əzizə əvvəlcə şəkili axund kimi tanınan Axund Hacı Fərəcullahdan, sonra isə Şeyxülislam Həkimzadədən dərs aldı. O, ərəb əlifbasını, ərəb və fars dillərini öyrəndi. "Qurani-Kərim" barədə biliyini təkmilləşdirən isə anası Böyükxanım oldu.

Əzizə Cəfərzadə ağlı kəsəndə ailələrinin bütün yükünün Seyid Rübabənin çəkdiyini gördü. Atası Məmməd Şamaxının Tağılı kəndində (indi Hacıqabul rayonunun ərazisi hesab olunur) yaşayırdı. Orda ikinci dəfə evlənmişdi.

Əzizə xanımgilin çətin günləri nənəsinin İrana gedişi ilə başladı. Anası bir müddət işlədi. Sonra evdə dərs dedi. Lakin bununla ailəni dolandırmaq mümkün deyildi. Seyid Rübabənin bərəkətli sandığı bir müddət dolanışıqlarına kömək etdi. Amma köməksiz qalan Böyükxanıma dayaq lazım idi. Evin böyük uşağı, artıq texnikum tələbəsi olan ondördyaşlı Əzizə işə düzəldi. Sonra makinaçılıq kursuna getdi. Oranı bitirib əvvəlcə "Bolşevik neftçi" qəzetində, sonra "Maarif-mədəniyyət" jurnalında işlədi.

1937-ci ilin dəhşətli repressiya günlərində Əzizə Cəfərzadənin "Ədəbiyyat və incəsənət" qəzetində "Əzrayıl" adlı ilk hekayəsi dərc olundu.

SSRİ məkanında yaşayan gənclərin çoxu kimi, o da təyyarəçi Çkalova bənzəmək istəyirdi. Cəhdləri Əzizə xanımı arzusuna çatdıra bilmədi.

1941-ci ildə müharibə başladı. Cəbhələrə gedənlərin sayı artdıqca məktəblər müəllimsiz qaldı. Xüsusilə kənd yerlərində pedaqoq çatışmırdı. Az-çox savadı olan qızlar dərs demək üçün kəndlərə göndərilirdi. Əzizə Cəfərzadə də Ağsu rayonunun Çaparlı kəndinə müəllim təyin olundu. Çaparlı xatirələri sonralar "40 ilə bərabər 4 il" əsərinə çevrildi.

Çaparlıdan qayıdandan sonra Azərbaycan Dövlət Universitetinə daxil oldu. Üç dəfə universitetdən çıxarıldı. Birində Tofiq Fikrətin ərəb əlifbasıyla yazılmış kitabını əlində tutdular. Digər qovulmalarının da səbəbi təxminən belə idi. Axır ki, ekstern yoluyla imtahan verib məktəbi bitirdi.

Əzizə Cəfərzadə ilk qismətinin ən böyük hədiyyəsi saydığı qızı Səmanı müharibə illərində itirdi. Qızı üç yaşında vəfat etdi.

1948-ci ildə ilk kitabı çapdan çıxmalı idi. "Hekayələr"in sınaq nüsxələrini mətbəədə görən tənqidçi Cəlal Məmmədovun qəzetdə məqaləsi işıq üzü gördü. Bu zaman Moskvada ədəbi mühit yenə gərginləşdi. Rusiyadan sonra növbə digər respublikalara da çatdı. Moskvanın göstərişi ilə Əzizə Cəfərzadənin "Hekayələr" kitabının sınaq nüsxələri yandırıldı. O, bundan sonra daha çox elmi sahəyə meyil etdi. Ancaq ədəbiyyatdan həmişəlik uzaqlaşmadı.

1951-ci ildə kiçik qardaşı, on yeddi yaşlı universitet tələbəsi Əhmədin Stalinə yazdığı şeir ələ keçdi. O, həbs edilərək sürgünə göndərildi.

O, 1955-ci ildə uşaqkən eyni məhəllədə yaşadığı, aviasiya məktəbinə qəbul olunmaq üçün bir yerdə imtahan verdiyi Məmmədlə qarşılaşdı. Artıq peşəkar təyyarəçi olan Məmmədin evlənmək təklifini qəbul etdi. Məmməd Kamçatkaya işləməyə göndəriləndə Əzizə xanım da onunla getdi.

İlk kitabının sevincini 1963-cü ildə yaşadı. Sonralar neçə-neçə əsəri nəşr olundu. Alim kimi də, yazıçı kimi də istedadını göstərə bildi. Cild-cild əsərlərin, elmi araşdırmaların müəllifi oldu. Ancaq əsərləri Əzizə Cəfərzadəyə yalnız sevinc gətirmədi. Xüsusilə də tarixi romanlarına görə yazıçını tənqid edənlər, faktları təhrif etməkdə günahlandıranlar az olmadı. Ən çox Şah İsmayıl Xətaiyə həsr etdiyi "Bakı 1501" romanına görə tənqid edildi. Yazıçı bu tənqidlərin heç birini əsaslı saymırdı. Deyirdi ki, mən heç bir faktı dönə-dönə araşdırmadan, dəqiqləşdirmədən tarixi romanlarıma gətirməmişəm.

Əzizə Cəfərzadə tarixi roman ustası sayılır. Ancaq o, "Sahibsiz ev", "Əllərini mənə ver", "Sənsən ümidim", "Xəyalım mənim" kimi mövzusu müasir həyatdan götürülmüş bir sıra povestlərinin, "Qızımın hekayələri", "Anamın nağılları", "Çiçəklərim", "Pişik dili"  başqa uşaqlar üçün hekayə və nağılların da müəllifidir.

Vəfalı həyat yoldaşı Məmməd bilirdi ki, Əzizə xanımın vəsiyyətinə görə son mənzili əzizlərinin dəfn olunduğu Tağılı kənd qəbiristanlığı olacaq. Ona "Sən harada, mən də orada" deyirdi. 1995-ci ildə kənddə qonaq olduqları vaxt o, insult keçirdi. Tağılıda gözlərini əbədi yuman Məmməd orada torpağa tapşırıldı. 1999-cu ildə Əzizənin böyük qardaşı Məmməd, bir il sonra isə Əhməd həmişəlik köçdü Tağılı məzarlığına. Əzizə Cəfərzadə səksən bir yaşında, 2003-cü ildə vəfat etdi. Doğmalarının uyuduğu Tağılı məzarlığında torpağa tapşırıldı.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 8 mart, № 53.- S.6.