Zərif imza

 

 

Bu kiçik yazı özümüz - qadın jurnalistlər barədədir. O jurnalistlər ki, hamının haqqında yazır, amma özünü yaddan çıxarır, haqqında yazan az olur, ya da  heç olmur.

O jurnalistlər ki, Tanrının onlara lütf etdiyi qadınlıq missiyası ilə söz dünyası arasında körpü qururlar, çiyinlərində peşələrin ən çətini olan jurnalistliyin məsuliyyət yükünü, çantalarında isə təkcə qələm, bloknot, diktafon deyil, həm   valokardin, validol daşıyırlar. nəhayət, o jurnalistlər ki, ömür illərini peşəsindən dolayı sevinc kədərli anlarla bir göz qırpımında başa vururlar.

Jurnalist xanımın bloknotunda təkcə yazacağı mövzu ilə bağlı faktlar olmur. O dəftərçədə istənilən məzmunda qeydlər görmək mümkündür - bu gün evə alınacaq ərzağın siyahısını, sabah qonaq gedəcəyi ailəyə alınacaq hədiyyəni, övladının istəyini s.-ni. Hələ bu nədir ki?! İş otağında masanın üstündəki balaca kağız parçalarındakı qeydlər qayğılardan xəbər verir. Bəzən bu yaddaş üçün yazılanları həyata keçirə bilmir, əsasən vaxt maliyyə azlığı üzündən. Bunlar jurnalist xanımın gün ərzində gördüyü işlərin cüzi bir hissəsidir. Daha çoxu ürəyində, ruhunda məskən salır.

Jurnalist qadının üzündə sirli cazibə, ovsunlayıcı təbəssüm olmaz. Olsa da bir an şimşək kimi çaxar keçər. Bəzən bunu da hiss etməz, ya da anlamaz, nəyin olduğunun fərqinə varmaz. Çünki onun  görəcəyi işlərin içində belə yaşantılara çox az yer var.

Jurnalist fəaliyyəti çox vaxt qadından ülvi duyğuları, pak hissləri gizlətməyi tələb edir. Sosial qayğıların, maddi tələbatların təsiri təzyiqi altında bir ruh daşıdığını da unudur bəzən jurnalist xanım. O, arzular, problemlər planlar  fonunda kamilliyini, paklığını zərifliyini qorumağa çalışır.

Jurnalist xanımın saatı yoxdur, ev işlərini qrafikə salmır. Gecəyarısı  sabahın xörəyini bişirir, paltar ütüləyir, evi yığışdırır. bunların arasında beyni dayanmadan çalışır. İşlərini görəndən sonra masa arxasına keçib yazmağa başlayır, bəzən səhərəcən işləyir. Çünki nömrəyə yazı verməlidir.

Yazı yazmaq,  söz söyləmək peşələrin ən çətinidir. Bu çətin peşə ilə məşğul olan 24 saat çalışır, işdə, evdə, yolda beyni dayanmır. Yazının başlığından, süjetindən tutmuş son cümləsinəcən öncə beyində yazılıb sonra kağıza köçürülür. Bəzən "ilişirsən", lazım olan sözü tapmaq üçün hətta dəqiqələrlə fikirləşməli olursan, kiçik bir düşüncənin ətrafında böyük "fırtına" qoparmağın yollarını axtarırsan. çox qəribədir ki, beyində dəyirman kimi fırlanan bu fikirlərin içində birdən hansısa bir məişət qayğısı da yada düşür. Qadın jurnalist vaxtdan vaxt oğurlayıb onu da həll edərək vaxtdan ucada dayanmağı bacarır.

Bəli, sözlə bir dünya qurmaq, yoluna çıxan əngəli aşmaq qadın jurnalistin adi işidir. Sözün içində bişmək, quru faktları, yorucu rəqəmləri incə zərif cümlələrlə "bəzəmək" yalnız xanım jurnalistin məharətidir. Jurnalist cəmiyyətin güzgüsüdür, qadın jurnalist isə həm bu güzgünü hər cür çirkdən qoruyur. Qadın jurnalistin yazısında humanistlik, xeyirxahlıq aydın sezilir. İstər müharibə mövzusu olsun, istərsə ən qəddar cinayətkarlıq hadisəsi - qadın jurnalist ondan yazanda zərif duyğunun təsirindən çıxa bilmir.

Təəssüf ki, Azərbaycan mediası bu peşəyə təsadüfi gələnlərdən xali deyil. Bu təsadüflük qadınlarla bağlı olanda ikiqat məyusluq yaranır. Yazmaq üçün istedaddan savayı, masa arxasında oturmağı bacarmaq da lazımdır. Yaradıcı adam, xüsusilə qadın həmin bacarığın, istedadın sahibidirsə, ortaya qoyduğu "məhsul" da keyfiyyətli olur.  Onun mətbuatda yeri görünür, imzası axtarılır. Əks halda "təsadüflər" sırasına düşmək ehtimalı qaçılmaz olur.

xoş ki, bu gün mediamızda sözü sevən, pərvanə kimi onun başına dolanan qadın jurnalistlərimiz çoxdur. yaxşı ki, onlar zərif imzaları ilə Azərbaycan mətbuatına naxış vurmaqdan yorulmurlar.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 8 mart, № 53.- S.6.