Körpə qəlblərin həyat döyüntüsü

 

 

Anadangəlmə ürək qüsuru olan uşaqlar  İcbari Tibbi Sığorta vasitəsilə əməliyyat edilərək sağlamlıqlarına qovuşdurulurlar

 

 

 

Doğulduqdan sonra övladında ürək qüsurunun olduğunu öyrənəndə sanki gənc ananın qəlbinə ox sancılmış, qədəmləri qırılmışdı. Çarəsiz ana balasını bağrına basaraq başını onun sinəsinə qoymuş, zəif-zəif döyünən körpə qəlbinin həyat nəğməsini dinləyə-dinləyə acı göz yaşları tökmüşdü...

Hələ yaşamışdı ki, övladı cəmi 7 aylıq idi. Amma bu körpə canıyla gözlərinin qarşısında ölüm-dirim savaşı verirdi. Hər ötən gün isə həyata tutunmaq şansı daha da azalırdı...

"Sevinc Tanrıdan ilk övlad payımızdır. Onun  doğuluşu ailəmizə sevinc bəxş etmişdi. Amma bir neçə həftə əvvəl qızımı yüksək hərarətə görə xəstəxanaya aparandan sonra öyrəndiyimiz xəbərlə sevincimiz üzümüzdə soldu. Müayinə zamanı məlum oldu ki, anadangəlmə ürək qüsuru var. Təcili əməliyyat olunmalıdır. Yoxsa hər an onu itirə bilərik..."

Bir neçə gün əvvəl anadangəlmə ürək qüsuruna görə əməliyyat olunan körpənin anası Yaqut (adlar şərtidir) xanımla Liv Bona Dea Hospitalında həmsöhbət olduğumuz zaman bu kövrək duyğularını bizimlə bölüşdü.

Gənc ana danışır ki, övladının ürək əməliyyatı olunacağı təqdirdə sağalacağını eşidəndə çox seviniblər, lakin böyük maddi vəsait tələb edən bu əməliyyata imkanlarının çatmayacağı gerçəkliyi ilə üz-üzə qalanda sanki dünyaları başlarına uçub: "Demə, təlaşımız nahaq imiş. Bizə bildirdilər ki, dövlətimiz bu əməliyyatları öz vəsaiti hesabına həyata keçirir. İcbari tibbi sığorta sayəsində tezliklə qızım əməliyyat olundu. Getdikcə sağlığı yerinə gəlir.

Biz heç zaman öz imkanımızla bu cür bahalı əməliyyatı etdirə bilməzdik, o zaman isə... Bilirsiniz, övladımın xəstəliyini biləndə, mən bu həyatdan əlimi üzdüm, çünki onsuz yaşaya bilməzdim... Sağ olsun dövlətimiz, bizim kimi imkansız ailələləri, mənim kimi çarəsiz anaları övlad sınağı ilə üz-üzə qalmağa qoymur..."

 

 

 

Uşaqların sağlamlığı dövlətin prioritetidir

 

 

 

Uşaqlar bizim gələcəyimizdir. Uşaqların sağlamlıqlarının layiqincə təmin olunması hər zaman dövlət siyasətinin prioriteti olub. Prezident İlham Əliyevin şəxsi diqqəti sayəsində bu istiqamətdə mühüm işlər həyata keçirilib. 2021-ci il aprelin

1-dən etibarən isə bütün ölkə üzrə tətbiqinə başlanılan icbari tibbi sığorta sayəsində uşaqların sağlamlıqlarına qovuşması üçün yeni mühüm imkanlar açılıb. Bu imkanlara anadangəlmə ürək qüsurlarının aradan qaldırılması, yəni xəstəliyin ödənişsiz müayinəsi müalicəsi daxildir. Anadangəlmə ürək qüsuru olan xəstələrin əməliyyatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində növbəlilik prinsipi əsasında həyata keçirilir.

Qaydaya əsasən, anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar tibb müəssisələri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasının uşaq kardioloji şöbəsinə yönləndirilməlidir. Şöbədə aparılan müayinələrdən sonra son diaqnoz qoyulur əməliyyat üçün tibbi göstəriş olduğu təqdirdə özəl tibb müəssisələrinə göndəriş verilir.

 

 

 

Belə uşaqların 90 faizindən çoxunda ürək qüsurları tamamilə düzəlir

 

 

 

Uşaq ürək-damar cərrahiyyəsi uzmanı Şiraslan Baxşəliyev məlumat verir ki, anadangəlmə qüsurlar dedikdə, uşaq doğulduqda onun müxtəlif orqanlarında olan çatışmazlıqlar anomaliyalar nəzərdə tutulur. Onların içərisində ən çox rast gəlinəni isə anadangəlmə ürək qüsurlarıdır. Anadangəlmə ürək qüsurları hər yüz canlı doğumdan bir uşaqda görünür ki, bu da çox böyük rəqəmdir. Həkim bildirir ki, anadangəlmə ürək qüsurlarının fərqli formaları var. Məsələn, ürəkdə qulaqcıqlararası  ya mədəcikarası çəpər qüsurları olur. Daha mürəkkəb qüsurlar da var ki, bunlardan biri damarlardakı darlıqlardır, belə körpələr doğulan zaman onların dərisində göyərmələr müşahidə edilir. Məsələn, ağciyər arteriyasına gedən damarda darlıq olduğuna görə həmin uşaqların qanındakı oksigen miqdarı aşağı olur.

"Anadangəlmə ürək qüsurlarının bir qismi tamamən əlamətsizdir sadəcə, exokardioqrafiya ilə müəyyən  olunur. Amma onların çox hissəsinin, kritik olan hissəsinin əlamətləri var", - deyən uzman həkim qeyd edir ki, uşaq doğulduqdan sonra tez-tez nəfəsalma, yaxşı qidalanmama, az qidalanma, qidalanmaya rəğmən yaxşı çəki ala bilməmə, qidalanan zaman yorulma, göyərmə sair əsas rast gəlinən əlamətlərdir. Qüsurların bir hissəsi invaziv yolla, çox hissəsi isə cərrahi yolla, açıq ya qapalı ürək əməliyyatı ilə bərpa olunur: "Sevindirici haldır ki, müasir tibbin vəziyyəti imkan verir ki, bu uşaqların 90 faizindən çoxunda ürək qüsurları tamamilə aradan qalxsın onlar normal həyata davam etsinlər".

 

 

 

Ürək xəstələrinin valideynləri üçün çox böyük imkanlar yaradılıb

 

 

 

Həkim söyləyir ki, anadangəlmə ürək qüsurları ilə bağlı icra olunan açıq ürək əməliyyatları tibbi olaraq həm reanimasiya dövrünü əhatə etməsi, həm xəstəxanada uzun yatış, həm ixtisaslı kadrlar tələb etməsi baxımından bahalı müdaxilələr sayılır bu, bütün dünyada belədir: "Buna görə hər bir valideynin bu əməliyyatı etdirməyə maddi imkanı çatmırdı, çox az qisim valideyn bunu qarşılaya bilirdi: "Anadangəlmə ürək qüsurlu uşaqların əməliyyatları Azərbaycanda icbari tibbi sığortanın Xidmətlər Zərfində əks olunandan sonra, demək olar ki, vəziyyət düzəlib. Bu, ilk növbədə valideynlər üçün çox böyük imkandır. İcbari tibbi sığortanın tətbiqi həmçinin bu işlə məşğul olan peşəkar tibbi heyətin işlərinin asanlaşmasına gətirib çıxarıb. Bir misal da çəkim. Elə anadangəlmə ürək qüsurlu xəstələr var ki, hələ icbari tibbi sığortanın  tətbiqindən əvvəl onlara diaqnoz qoyulub, əməliyyat məsləhət  görülüb, amma onu qarşılayacaq maddi imkanları olmadığına görə xəstə evə gedib üstündən 2-3 il keçib. Həmin xəstələr bu əməliyyatın icbari tibbi sığorta ilə edilməsinin mümkün olduğunu eşidəndən sonra təkrar bizə müraciət edirlər. Artıq belə əməliyyatlar icra etmişik.

 

 

 

"Bu imkanı bizə yaratdığına görə dövlətimizə minnətdaram"

 

 

 

37 yaşlı Xəyalə Şərifova deyir ki, anadangəlmə ürək qüsuru olan 12 yaşlı övladı Elmir dövlət hesabına əməliyyat olunub. Oğlunun artıq dörd gündür ki, əməliyyatdan çıxdığını bildirən valideyn sevinclə bildirir ki, hazırda övladının vəziyyəti stabildir: "Doğulandan sonra bildik ki, Elmirin ürəyində damar darlığı var, ürək qulaqcıqları  dəyişilməlidir. Əvvəl bir dəfə əməliyyat olundu, lakin ikinci əməliyyat da lazım idi. Bu, riskli əməliyyat idi. Bunu etdirməyə isə maddi imkanımız çatmırdı. Eşidəndə ki, əməliyyatı icbari tibbi sığorta ilə qarşılamaq mümkündür, sevincimizdən ağladıq. Şükür Allaha, tezliklə övladım sağlamlığına qovuşacaq. Bu imkanı bizə yaratdığına görə dövlətimizə minnətdaram. İllərdir ki, hər anım oğlumu itirmək qorxusu ilə keçirdi. Artıq bu dəhşətli hisslər yoxdur, dövlətimiz, peşəkar həkimlərimiz sayəsində həyata qaytarılan Elmirlə birgə elə bilirəm ki, mən həyata yenidən gəlmişəm..."

Bəli, bu dünyadakı ən müqəddəs missiyalardan biridir uşaqlara yenidən yaşam vermək, fidanların körpə qəlblərinin həyatdan qopmasının qarşısını

almaq...

Yer üzündəki ən müstəsna missiyadır anaların üzünü güldürmək, çöhrələrindəki qəmi sevinclə əvəz etmək...

Və bütün bunların özü yaşamın davam etməsi anlamına gəlir...

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 8 mart, ¹ 53.- S.7.