Tarixi İpək yolu mərkəzi dəhliz rolunu oynamağa başlayır

 

 

Son illər baş verən hadisələr fonunda şimal dəhlizlərindən istifadənin təhlükəli hal alması bu marşrutlara olan inamı azaldıb. Xüsusən Rusiya-Ukrayna müharibəsinin başlaması ilə yüklərin daşınmasında digər dəhlizin maraq obyektinə çevrilməsi gündəmdədir. Bu baxımdan 2014-cü ildə yaradılan, ilk vaxtlarda bir çox dövlətlərin maraq dairəsində olmayan Orta dəhliz müasir çağırışlar fonunda əhəmiyyətini artırır.

Artıq narazı ölkələr Avropa Asiyanı birləşdirən ən qısa marşrut üzrə yük daşımalarının təhlükəsiz şəraitdə həyata keçirilməsində maraqlıdırlar.

Mövzu ilə əlaqədar "Azərbaycan" qəzetinə danışan Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Rusiya-Ukrayna savaşı başlayandan Orta dəhliz getdikcə mərkəzi dəhliz rolunu oynamağa başlayıb.

Deputat bildirib ki, bu dəhliz üçün yeganə problem marşrutun daha çox ölkənin ərazisindən keçməsi tələbi ödəmək üçün insfrastrukturun tam hazır olmaması ilə bağlı idi: "Dəhliz boyu ölkələr artıq bununla bağlı xeyli optimallaşdırıcı addımlar atıblar. Bu yaxınlarda Qazaxıstan parlamenti qanunvericilik aktı qəbul etdi. Türkiyə ilə Qazaxıstan arasında yüklərin daşınma vaxtı bu akt nəticəsində təxminən iki dəfədən çox azalacaq. Avropa Komissiyası da Orta dəhliz boyunca insfrastruktura 10 milyard avro vəsait ayrılmasını planlaşdırır. Hətta bu dəhlizin varlığı maraqlarına çox da cavab verməyən ölkələr onun bütün gücü ilə işləməsini istəyirlər".

Sahib Alıyev gələcəkdə Orta dəhlizin qarşısında indikindən daha artıq imkanlar açılacağını bildirib. Statistika da  göstərir ki, bu dəhlizin üzərindən daşınan yüklər sürətlə artmaqdadır. Çox sevindirici haldır ki, bu dəhliz üzərindəki ölkələr arasında belə bir çağırışa daha çox hazır olan dövlət məhz Azərbaycandır.

Deputat vurğulayıb ki, Azərbaycan lap əvvəldən nəqliyyat habına logistika mərkəzinə çevrilməsi üçün əlindən gələni edib. Növbəti mərhələdə ölkəmiz üçün önəmli olan dəhliz boyunca dəyər zəncirinin yaradılmasıdır. Hazırda bununla bağlı hazırlıqlar gedir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 8 mart, № 53.- S.9.