Azərbaycan
beynəlxalq "yaşıl
enerji" mərkəzinə
çevrilir
Bu sahə
üzrə Məşvərət
Şurasının Bakıda
keçirilən 2-ci iclasında
mühüm məsələlər
müzakirə olundu
Bu ayın əvvəlində Bakıda
keçirilən "Cənub
Qaz Dəhlizi" Məşvərət Şurası
çərçivəsində nazirlərin iclası sayca 10-cu idi. Keçən ildən başlayaraq bu toplantı ilə yanaşı, "Yaşıl
Enerji" Məşvərət
Şurası çərçivəsində
nazirlərin
iclası da keçirilir.
"Cənub Qaz
Dəhlizi" Məşvərət
Şurasının illik
toplantıları ötən tədbirdən sonra görülən işlərə yekun vurmaqla bərabər, qarşıda dayanan vəzifələri
də müəyyən
edir və bu minvalla layihənin
gerçəkləşməsində müstəsna rol oynayıb. "Yaşıl
Enerji" Məşvərət
Şurasının iclasları da eyni məqsədi
daşıyır. Əlbəttə
ki, bərpaolunan enerji sahəsində.
2024-cü ilin Azərbaycanda
"Yaşıl dünya
naminə həmrəylik
ili" elan olunması, ölkəmizin
COP29-a ev sahibi seçilməsi, Bakıda
"Yaşıl Enerji"
Məşvərət Şurasının
2-ci iclasının keçirilməsi,
əslində, bir-biri
ilə sıx əlaqədardır. Bunun
başlıca səbəblərindən
biri Azərbaycanın "yaşıl
enerji" mənbələrinin zəngin olmasından qaynaqlanır. Ölkəmizin
bərpaolunan enerji mənbələrinin texniki
potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Odur ki, bərpaolunan enerji potensialından səmərəli istifadə
edilməsi məqsədilə
mühüm addımlar
atılır. Hələ
2004-cü ildə "Azərbaycan
Respublikasında alternativ
və bərpaolunan enerji mənbələrindən
istifadə olunması
üzrə Dövlət
Proqramı" qəbul
edilib. Bu proqram bərpaolunan enerji mənbələrinin
istifadəsində əsaslı
dəyişikliklərin həyata
keçirilməsinə və
ölkəmizin bu sahədəki potensialının
dəyərləndirilməsinə imkan verib.
Beləliklə, Azərbaycan
ənənəvi enerji
növlərinə alternativ
olaraq "yaşıl
enerji"nin inkişaf
etdirilməsini də həyata keçirir. Səudiyyə Ərəbistanının
"ACWA Power" və Birləşmiş
Ərəb Əmirliklərinin
(BƏƏ) "Masdar" şirkətləri ilə
240 meqavat gücündə
külək və 230
meqavat gücündə
günəş enerjisi
üzrə pilot layihələrlə başlayan
"yaşıl enerji"
tərəfdaşlığının miqyası və coğrafiyası qısa müddətdə xeyli genişləndi. Az bir vaxtda "Masdar",
"ACWA Power", bp, "Fortescue
Future Industries", "China Gezhouba Group
Overseas Investment", "Total Energies",
"Nobel Energy" və "A-Z Czech
Engineering" şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox olan layihələrə dair əməkdaşlıq sənədləri
imzalandı.
İndi hədəflərə
çatmaq üçün
ardıcıl iş aparılır. Keçən
ilin oktyabrında 230 meqavat gücündə
"Qaradağ" Günəş-Elektrik
Stansiyası istifadəyə
verildi. Həmçinin
"Masdar"la 10 qiqavatadək
həcmdə müqavilələr
bağlanıb. İlkin
mərhələdə quruda
sənaye miqyaslı 1
qiqavat gücündə
günəş və
1 qiqavat gücündə
külək enerjisi, həmçinin 2 qiqavat gücündə dənizdə
külək və inteqrə olunmuş "yaşıl hidrogen" istehsalı layihələrinin
qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi
ilə bağlı İcra Müqaviləsi imzalanıb. Bu çərçivədə Neftçalada
390 meqavatlıq günəş,
Biləsuvarda 445 meqavatlıq
günəş və
Qobustanda 200-300 meqavat gücündə külək-elektrik
stansiyalarının inşası
nəzərdə tutulur.
240 meqavat gücündə
"Xızı-Abşeron" Külək-Elektik Stansiyasının tikinti işləri isə bu enerji obyektinin
2025-ci ildə istismara
verilməsi qrafikinə
uyğun davam etdirilir. "ACWA Power" şirkəti
ilə dənizdə və quruda ümumi gücü 2,5 qiqavatadək külək layihəsinin həyata keçirilməsinə dair
icra müqavilələri
çərçivəsində ötən il Batareya Enerji Saxlama Sistemi və quruda 200 meqavat külək layihələri üzrə
Yol Xəritəsi imzalanıb.
Məlum olduğu
kimi, 44 günlük Vətən müharibəsi
zəfərlə başa
çatandan az sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizi
"yaşıl enerji"
zonası edib. Bu ilin ikinci
yarısında Cəbrayıl
rayonunda bp tərəfindən
240 meqavat gücündə
günəş-elektrik stansiyasının
təməlinin
qoyulacağı gözlənilir.
Həmçinin Cəbrayılda
"Nobel Energy", Füzulidə isə Çin şirkəti ilə günəş-elektrik stansiyalarının
tikintisi üçün
danışıqlar aparılıb.
Ötən il işğaldan azad edilən ərazilərdə
olan 12 bölgədə
tikilən yarımstansiya
və su-elektrik stansiyalarının açılışı
olub. 2023-cü ildə
işğaldan azad edilən ərazilərdə
"Azərenerji"nin 9 elektrik
stansiyasının tikintisinə
başlanılıb və
hazırda həmin 9 stansiya da daxil
olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə
ekoloji cəhətdən
təmiz "yaşıl
enerji" istehsal edəcək su-elektrik stansiyalarının tikintisi
davam edir və onların bir neçəsində işlər tamamlanıb.
"Yaşıl Enerji"
Məşvərət Şurasının
2-ci iclasında da məhz bərpaolunan enerjinin inkişafı istiqamətində həyata
keçirilən bu və digər tədbirlərdən bəhs
edilib. Prezident İlham Əliyev martın 1-də
"Gülüstan" sarayında
keçirilən iclasda
çıxış edərkən
bu məsələyə
də toxunaraq deyib:" Bizim bərpaolunan enerji ehtiyatları baxımından
nəhəng potensialımız
var, istər Xəzər dənizində,
istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından biri
olmağı nəzərdə
tuturuq. Artıq qərara alınıb ki, bu layihə
inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki
külək dəyirmanlarından
yeni ötürücü
xətlərlə Qara
dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə,
bunlar bizim planlardır. Əlbəttə
ki, bərpaolunan enerji mənbələrimiz
nə qədər çox olsa, indi elektrik enerjisi
istehsalı üçün
istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq".
Toplantıda vurğulanıb
ki, 2030-cu ilədək
planlaşdırılan 10 QVt
"yaşıl enerji"
güclərinin ilkin mərhələdə 5 QVt-nın
Qara dəniz və Türkiyə üzərindən "yaşıl
dəhliz"lərlə Avropaya
ixracı həmçinin
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın "yaşıl keçid"inə
də töhfə verəcək.
Avropa Komissiyasının
enerji məsələləri
üzrə komissarı
Kadri Simson çıxışında bildirib
ki, enerji təhlükəsizliyinə nail
olmaq və bu mühüm onillikdə enerji keçidinə uğur qazanmaq üçün etibarlı tərəfdaşlar
arasında daha çox dialoq və əməkdaşlığa
ehtiyac var."Azərbaycan qaz təchizatında Aİ üçün
etibarlı tərəfdaş
olmaqda davam edir. Buna görə
biz indi də əməkdaşlığı
"yaşıl elektrik"
enerjisinə qədər
genişləndirməyi araşdırırıq.
Biz artıq bu ilin sonunda
COP29 üzrə Azərbaycanla
əməkdaşlığı səbirsizliklə gözləyirik".
Türkiyənin energetika
və təbii ehtiyatlar nazirinin müavini Nevzat Şatıroğlu
da Məşvərət Şurasının
toplantısını yüksək
dəyərləndirib: "Bu görüşdə belə yüksəksəviyyəli
iştirak region ölkələrinin enerji
təhlükəsizliyi və
"yaşıl enerji"
ilə daha təmiz gələcək
istiqamətində əməkdaşlıq
əzmini nümayiş
etdirir. Mənbələri
və marşrutları
şaxələndirməklə biz enerji təchizatının
uzunmüddətli təhlükəsizliyinə
nail olmalıyıq. Bu nəhəng layihələri sıx əməkdaşlıq yolu
ilə həyata keçirmək olar. Türkiyə Şərqlə
Qərb arasında özünəməxsus yerləşməsi
ilə regionda enerji layihələri üçün əsas vasitəçi kimi xidmət etməkdə davam edir".
Rumıniyanın energetika
naziri Sebastian-Ioan Burduja, BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei, Moldovanın energetika naziri Viktor Parlikov, Bolqarıstanın energetika
nazirinin müavini Iva Petrova və
başqaları enerji keçidi ilə bağlı məsələlərə
toxunaraq bu istiqamətdə ölkəmizin
addımlarını yüksək
dəyərləndiriblər.
Toplantı çərçivəsində
bərpaolunan enerji sahəsində əməkdaşlıq
sənədləri imzalanıb.
Energetika Nazirliyi ilə "Nobel Energy" şirkəti
arasında imzalanmış
Anlaşma Memorandumu Cəbrayıl rayonunda günəş-elektrik stansiyasının
tikintisi və elektrik enerjisi istehsalı, satışı
və istehlakı üzrə əməkdaşlığı
nəzərdə tutur.
Sənədə əsasən,
50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı
isə növbəti mərhələdə olmaqla,
ümumilikdə 100 MVt
həcmində günəş-elektrik
stansiyasının tikintisi
planlaşdırılır.
Energetika Nazirliyi
və İspaniyanın
"Elecnor" şirkəti
arasında da əməkdaşlıq sənədi
imzalanıb. Azərbaycanda
bərpaolunan enerji layihəsi üzrə əməkdaşlığa dair
Anlaşma Memorandumu Qaradağ rayonunda 70 MVt gücündə külək-elektrik stansiyası
layihəsinin həyata
keçirilməsi sahəsində
əməkdaşlığı əhatə edir. Bu çərçivədə
küləkölçmə məlumatlarının toplanması
və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla,
külək və günəş enerjisi layihələrinin inkişafı
üzrə də əməkdaşlıq ediləcək.
Bütün
bunlar göstərir ki, "Yaşıl Enerji" Məşvərət
Şurası qısa müddətdə bərpaolunan
enerji məsələlərinin
müzakirə edildiyi,
görüləcək işlərin
müəyyənləşdirildiyi tədbirə çevrilib.
Bakının evsahibliyi
etdiyi COP29 isə bu məsələlərin
həlli üçün
daha geniş bir platforma olacaq.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
10 mart, ¹ 54.- S.10.