"İslam
sülh, mərhəmət, dözümlülük və ədalət
dinidir"
“Müxtəlifliyin
qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə”
mövzusunda beynəlxalq konfransın
iştirakçılarına
Hörmətli
konfrans iştirakçıları.
Sizi “Müxtəlifliyin
qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə”
mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda
salamlayıram. Bugünkü tədbirin İslam aləmi
üçün mübarək Ramazan ayının
başlaması və “İslamofobiya ilə Beynəlxalq
Mübarizə Günü” ərəfəsində
keçirilməsi rəmzi məna kəsb edir.
Təəssüflər
olsun ki, dünyada islamofobiya meyilləri sürətlə
artmaqdadır. İslamın potensial təhlükə mənbəyi
kimi aşılandığının, müsəlmanlara
qarşı şübhə, ayrı-seçkilik və
açıq nifrətin gündən-günə daha geniş
yayıldığının şahidi oluruq. İslamofobiya ilə
Mübarizə Gününə dair BMT-nin Qətnaməsində
də qeyd edildiyi kimi dini inanclarla bağlı
ayrı-seçkilik, dözümsüzlük və şiddət
hallarının çoxalması dərin narahatlıq
doğurur.
Acınacaqlı
haldır ki, hazırda islamofobiya özünü demokratik hesab
edən bir sıra Qərb ölkələrinin dövlət
siyasətinin tərkib hissəsini təşkil edir. Son bir ildə
dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin
80 faizi bu ölkələrin payına düşür.
İslamofobiyanın ən yüksək səviyyəyə
çatdığı və rəsmi ideologiya kimi tətbiq
olunduğu bəzi Avropa ölkələrində müqəddəs
kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd
Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr
edilməsi və sair təhqiramiz hərəkətlər
söz azadlığı kimi qələmə verilir. Fransa
özünün ənənəvi neokolonializm siyasəti ilə
bərabər müsəlmanlara qarşı
açıq-aşkar təzyiq və diskriminasiya siyasəti
yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil
edir. “Dünyəvilik” adı altında sırf müsəlmanların
hüquq və azadlıqlarının məhdudlaşdırılmasına
yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar
qəbul edir. Bu ölkədə məscidlər, müsəlman
mədəniyyət mərkəzləri və qəbiristanlıqlar
müxtəlif formalarda təhqirlərə məruz qalır,
müsəlman vətəndaşlar
sıxışdırılır.
Müsəlmanların
hisslərini təhqir edən bu cür təzahürlərlə
mübarizə aparmaq, cinayətkarları məsuliyyətə
cəlb etmək əvəzinə, həmin ölkələrin
hökumətləri islamofob əhvali-ruhiyyəni daha da
qızışdırır, müsəlmanlara qarşı təqibləri
təlqin edir və bu kimi mövzuları davamlı olaraq
gündəlikdə saxlamağa çalışırlar. Təəssüflər
olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları
da anti-İslam fəaliyyətini həyata keçirirlər.
Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament
Assambleyası islamofobiyanı təşviq edən və bu
ideologiya əsasında siyasət yürüdən platformalara
çevrilmişdir.
Hazırkı
mənfi tendensiya bəzi qlobal media qurumlarının fəaliyyətində
də özünü büruzə verir. Bu qurumlar tərəfindən
İslam dininə, İslam mədəniyyətinə
qarşı məqsədyönlü şəkildə fəaliyyət
aparılır, İslamın gerçək mahiyyətini təhrif
etməklə onu terrorla eyniləşdirmək, ləkələmək
və qaralamaq cəhdləri həyata keçirilir.
Biz vüsət
almaqda olan və dinimizi gözdən salmağa yönəlmiş
bu meyilləri qəti şəkildə pisləyirik. İslam
sülh, mərhəmət, dözümlülük və ədalət
dinidir. Dünya xəritəsinə baxdıqda, terrordan ən
çox əziyyət çəkənlərin məhz
müsəlmanlar olduğunu görə bilərik.
Azərbaycan
da islamofobiyadan əziyyət çəkən ölkədir.
Ermənistan tərəfindən torpaqlarımızın 30
illik işğalının ən ağır fəsadlarından
biri də bəşəri əhəmiyyətə malik mədəni
irsimizin, o cümlədən İslam dininə aid abidələrin
qəsdən dağıdılması və məhv
olunmasıdır. İlkin araşdırmalara görə
işğal dövründə 65 məscidin yerlə-yeksan
edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər
getdikcə daha da artır və İslam irsinə qarşı
erməni vandalizminin çoxsaylı yeni nümunələri
ortaya çıxır. Bundan əlavə, bu ərazilərdə
yüzlərlə müsəlman qəbiristanlığının
məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid
və türbələrimizin təyinatının dəyişdirilərək
saxtalaşdırıldığı, bir çox hallarda isə
tövlə kimi istifadə olunaraq orada dinimizdə haram
sayılan heyvanların saxlanıldığı faktları
aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim
deyil, bütün dünya müsəlmanlarının hisslərini
təhqir edir.
Eyni zamanda,
Ermənistan ərazisində yerləşən Azərbaycanın
İslam tarixi-mədəni irsinin məhv edilməsi
böyük məyusluq doğurur. Azərbaycan UNESCO-ya
müraciət edərək Ermənistanda illər ərzində
dağıdılmış mədəni və dini abidələrimizin
vəziyyətinin qiymətləndirilməsinin
aparılması məqsədilə bu ölkəyə texniki
missiyanın göndərilməsinə
çağırış etmişdir. Əfsuslar olsun ki,
UNESCO indiyə kimi bu çağırışa cavab verməmişdir.
Biz Azərbaycanın
çoxmillətli və çoxkonfessiyalı ölkə
olması ilə fəxr edirik. Burada bütün dinlərin və
etnik qrupların nümayəndələri əmin-amanlıq
şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə
milli sərvət kimi qorunan dini bərabərlik və
inklüzivlik Azərbaycan xalqının həyat tərzidir,
onun güc mənbəyidir. Bundan irəli gələrək, təbiidir
ki, multikultural dəyərlərə hörmət bizim
dövlət siyasətimizin prioritet istiqamətlərindən
birini təşkil edir.
Ölkəmiz
dünya miqyasında da sülh, dinc birgəyaşayış,
humanizm dəyərlərinin təbliği və təşviqi
üçün əlindən gələni əsirgəmir.
Azərbaycan müxtəlif mədəniyyətlər
arasında ahəngdar münasibətləri dəstəkləyir,
qarşılıqlı anlaşmaya nail olunması naminə
sivilizasiyalar və mədəniyyətlərarası dialoq zəminində
davamlı olaraq bir çox qlobal təşəbbüslər
irəli sürür. May ayında Bakıda keçiriləcək
və artıq yaxşı ənənəyə
çevrilmiş Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu bunun bariz nümunələrindəndir.
XXI əsrdə
islamofobiya, ksenofobiya və irqçiliyə yer
olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir
din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək
yanlış yanaşmadır. Dindən siyasi məqsədlər
üçün istifadə yalnız cəmiyyətlər
daxilində nifaq və qarşıdurma yaratmağa xidmət
edir. Bu təzahürlər, eyni zamanda, insanlığı
humanizm ideallarından və ümumbəşəri dəyərlərdən
məhrum edir, nəticədə sivilizasiyalararası
münaqişələrə gətirib çıxarır.
Bugünkü
tədbir Azərbaycanın müasir dövrün
çağırışlarından olan islamofobiya ilə
mübarizə əzmini nümayiş etdirir. Əminəm ki,
konfrans islamofobiyaya qarşı birgə səylərlə
mübarizəyə, dinlərin və inancların müxtəlifliyinə
hörmətə əsaslanan tolerantlıq və sülh mədəniyyətinin
təşviqi ilə bağlı yeni təşəbbüslərin
irəli sürülməsinə töhfə verəcəkdir.
Sizə ən
xoş arzularımı yetirir, konfransın işinə
uğurlar diləyirəm.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 7 mart 2024-cü il
Azərbaycan.-2024.-
10 mart, ¹ 54.- S.1.