Su
qıtlığını aradan qaldırmağın
sadə yolu:
İTKİNİN QARŞISINI MAKSİMUM ALMAQ
Son illərin qışı qış kimi keçmir. Qar yağmır, dağlıq
ərazilərə düşən
qar da əvvəlki kimi bol olmur.
İlboyu başıqarlı
görməyə alışdığımız
dağlar indi hətta yanvar, dekabr aylarında belə boz görünür.
Aran ərazilərə qarın
düşməməsi isə
bir ayrı dərddir. Bütün bunlardan sonra iş o yerə çatıb ki, mülayim
və yağıntısız
keçən qışda
qar ehtiyatlarının
toplanması azalır
və bu da su qıtlığına gətirib çıxarır.
Ekologiya və Təbii
Sərvətlər Nazirliyindən verilən məlumata görə,
qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə
Böyük və Kiçik Qafqazın yüksək
dağlıq ərazilərində qarölçmə işlərinə
başlanılıb. Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya
Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, mütəxəssislər
tərəfindən Böyük Qafqazın Balakən, Zaqatala,
Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar
rayonlarının və Kiçik Qafqazın Daşkəsən,
Gədəbəy, Göygöl, Kəlbəcər,
Laçın, Şuşa, Xocavəndin ərazilərindən
axan çayların hövzələrində aparılacaq
qarölçmə işləri 31 marşrut üzrə 4
qrupdan ibarət ekspedisiya tərəfindən həyata
keçiriləcək, qar örtüyünün
hündürlüyü, çəkisi ölçülərək
sıxlığı və sululuğu təyin olunacaq.
Martın 7-dən başlanan qarölçmə işi həmin
ayın 17-dək davam edəcək.
Su
qıtlığı bəşəriyyətin məhvinə
səbəb olacaq fəlakətlərdəndir. Dünyanın
hər yerində bu problemlə bağlı "SOS"
siqnalı verilir və onu beynəlxalq səviyyədə
aradan qaldırmağın yolları üzərində iş
aparılır. Hər il bir ölkədə
baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransı (COP) da məhz bu məqsədə xidmət edir. Noyabrda Bakıda
keçiriləcək COP29-un gündəliyində yer alan
prioritetlərdən biri də su ehtiyatlarının
toplanması istiqamətində görüləcək işlərə
dəstək vermək olacaq.
Hər il Azərbaycanda
su çatışmazlığı, onun yaratdığı
problemlər barədə xəbərlər yayılır.
Paralel olaraq həmin problemin həll edilməsi istiqamətində
nəzərdə tutulan tədbirlər barədə məlumatlar
verilir. Məsələn, belə məlumatların birində
yağış və kanalizasiya sularının təmizlənib
məişətdə, əkinçilikdə istifadə
olunmasının mümkünlüyü bildirilib. Eləcə
də dəniz suyunun
duzsuzlaşdırılıb istifadəyə
yararlı hala gətirilməsi də reallaşır. Həmçinin
payız-qış aylarında torpağa düşən bol
yağış və qar suyundan səmərəli istifadə
edərək su ehtiyatı yaratmağın problemin həlli
istiqamətində atılan vacib addım olduğu gündəmdədir.
Ötən həftə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Zaur Mikayılov Milli Məclisdə "Ölkənin su təsərrüfatı:
problemlər və yeni çağırışlar"
mövzusunda keçirilən dinləmələrdə bildirib
ki, Azərbaycanda su ehtiyatı məhduddur: "Ölkənin
yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da 30
faizi respublikada formalaşır, 70 faizi isə qonşu ölkələrdən
daxil olur. Son illər baş verən iqlim dəyişiklikləri
səbəbindən respublikamızda yerüstü su
ehtiyatları kəskin azalıb, 2022-ci ildə cəmi 17
milyard kubmetr təşkil edib. Bu, çoxillik
planlarımızın 57 faizidir. Bunun da 4,8 milyard kubmetri daxildə
formalaşıb, qalanı isə qonşu ölkələrdən
daxil olub. Yeni su mənbələrinin yaradılması tələb
olunur. Tullantı sularının təchizatının
yaxşılaşdırılması bizim siyasətin prioritet
istiqamətlərindəndir". Sədr onu da
vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə
su anbarlarının tikintisi davam edir. Artıq
Xaçınçay və digər su anbarlarının,
suvarma kanallarının tikintisi başa çatdb, Şuşa
şəhərində içməli su sisteminin yenidən
qurulması işlərinə başlanıb. Hazırda Xankəndi,
Xocalı, Qubadlıda içməli su sistemləri qurulur və
bərpa edilir.
Azərbaycanda su
ehtiyatlarının azalması və onun fəsadlarının
qarşısının alınması Prezident İlham
Əliyevin də diqqətindədir. Dövlətimizin
başçısı "Euronews" telekanalına verdiyi
müsahibədə bu barədə belə deyib: "Bəli,
düşünürəm ki, bu, bizim ümumi
"yaşıl enerji" gündəliyimizin və məsuliyyət
hissimizin bir hissəsini təşkil edir. Çünki
qazıntı yanacağı ilə zəngin ölkələr
"yaşıl enerji"yə keçiddə ön
sıralarda olmalıdır. Biz bunu ənənəvi
ehtiyatlarımız çatışmadığına görə
etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə
etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan
enerjiyə sərmayə yatırmaq üçün istifadə
etməklə töhfə verək və buna ehtiyacın
olduğuna dair ümumi bir anlayış yaradaq. Biz hər il
bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin
getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz
kənarında, hətta burada Bakının mərkəzində
yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin
fəsadlarını, təhlükəli fəsadlarını
görürük, çaylarımızda su azalır,
dağlarımızda qar azalır, Xəzər dənizində
suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə
bu məsələ ilə məşğul olmasaq,
hamımız əziyyət çəkəcəyik".
Qeyd edək ki,
2023-cü ildə Azərbaycanda içməli suyun 39 faizi,
suvarma suyunun isə 50 faizdən çoxu itkiyə gedib. Son 4
ildə içməli su itkisi 44 faizdən 39 faizə endirilsə
də, bu, öyünülən rəqəm deyi. Deməli, bu
sahədə görülən iş hələ çoxdur.
Çünki su qıtlığını aradan
qaldırmağın sadə və səmərəli yolu
itkini maksimum azaltmaqdır.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
10 mart, № 54.- S.10