Azərbaycan logistika sahəsində daha ciddi mərkəzə çevriləcək

 

 

"Son vaxtlar çaxnaşmaların əsas məğzi məhz logistik yollarla bağlıdır. Çünki dövlətlər logistik marşrutları öz əllərində saxlayaraq daha çox gəlir, dividend əldə etmək istəyirlər".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat bildirib ki, bu baxımdan Orta dəhlizin açılmasında maraqlı olan olmayan dövlətlər var. Orta dəhliz təkcə Azərbaycan üçün deyil, Orta Asiya, Yaxın Şərq, Avropa, Türkiyə üçün çox əhəmiyyətli marşrutdur.

Vahid Əhmədov bu layihənin həyata keçirilməsinin qarşısının alınmasında müəyyən maraqlı qüvvələrin olduğunu desə , hesab edir ki, Orta dəhliz çəkiləcək. "Hətta ola bilər ki, bu ilin sonuna kimi istifadəyə verilsin. Çünki dəhlizin açılmasında maraqlı olan kifayət qədər böyük dövlətlər var. Hazırda dəhlizlə bağlı işlər sürətlə gedir. Orta dəhliz mütləq çəkiləcək istifadəyə veriləcək. Azərbaycan da bu yoldan kifayət qədər dividend əldə edəcək", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, əlverişli coğrafi mövqedə yerləşən  Azərbaycan həm Avropa, həm Asiya üçün əhəmiyyətli dövlətdir. Ona görə dəhlizin ölkəmizin ərazisindən keçməsinin bizim üçün böyük əhəmiyyəti var. Orta dəhlizin açılmasına mane olanların səbəbi Azərbaycanın güclənməsidir.  Ölkəmiz logistika mərkəzinə çevrilir.

Böyük layihələrdən biri olan "Bakı-Tbilisi-Qars" dəmir yolunun çəkilməsi zamanı da müəyyən problemlərin yarandığını xatırladan V.Əhmədov deyib ki, hətta bəzi dövlətlər bu yolun çəkilməsinə razı olmayıb: "Buna baxmayarq, Prezident İlham Əliyevin iradəsi nəticəsində bu dəmir yolu çəkildi. Azərbaycan müstəqil, güclü dövlətdir. Bölgədə Türkiyə-Azərbaycan birliyi güclüdür, beləliklə, müsəlman ölkələrinin belə güclənməsi bəzilərini narahat edir".

Deputat bildirib ki, Orta dəhlizin çəkilməsi Azərbaycanın logistika sahəsində daha ciddi mərkəzə çevrilməsinə dəlalət edəcək: "Dövlət başçısının fikri qətidir, bu dəhlizlə bağlı ciddi işlər gedir. Kimin istəyib-istəməməsindən asılı olmayaraq, Prezident İlham Əliyevin iradəsi nəticəsində bu dəhliz açılacaq. Bu yol açılacağı halda bir il ərzində uğurlu nəticəsini görəcəyik, çünki Çin kimi böyük dövlət dəhlizin açılmasında çox maraqlıdır".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 10 mart, № 54.- S.8.