Xankəndidə
separatçılığın və terrorçuluğun izləri
aradan qaldırılır
"Ermənilərin işğal dövründə
Xankəndidə Azərbaycana düşmən münasibətlərini
təbliğ etmək məqsədilə tikdikləri
binaları sökmək tamamilə düzgün
addımdır. Nəzərə almaq lazımdır ki, Xankəndi
neytral şəhər deyil və başqa dövlət tərəfindən
idarə edilmir. Xankəndi əzəli və əbədi Azərbaycan
ərazisi olduğuna görə orada nəyi necə inşa
etmək ölkəmizin daxili işidir. Əlbəttə ki,
qanunsuz tikililər sökülməlidir".
Bu fikirləri "Azərbaycan" qəzetinə
açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov
deyib. Deputat qeyd edib ki, Vətən müharibəsindən
sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa
və quruculuq işləri o qədər sürətli və
keyfiyyətlidir ki, hamının diqqətini cəlb edir. Bu
uğura sevinənlər, eləcə də bunu qəbul etməyənlər
və özünə dərd edənlər məlumdur.
Deputat söyləyib ki, Qarabağ və Şərqi Zəngəzur
tarixi Azərbaycan torpaqlarıdır: "Azərbaycan tarixi
torpaqlarını düşmən işğalından azad
etdi. Bu gün artıq həmin ərazilərdə hansı
şəhərin və kəndin necə inşa ediləcəyi,
su anbarlarının harada tikiləcəyi, abidələrin necə
bərpa olunacağı Azərbaycanın öz işidir. Xankəndidə
o binalar ki, sökülür, deməli, doğrudan da,
sökülməli imiş. Vaxtilə Azərbaycan xalqına
qarşı soyqırımı planları
hazırlayanların yuvasına çevrilən binalar bizə
lazım deyil. Azərbaycan dövləti kəndlərimizi,
şəhərlərimizi oda-alova vermək üçün
planlar hazırlanan şeytan yuvalarını niyə qoruyub
saxlamalıdır?! Ermənilərin 30 illik işğalı
dövründə separatizmin simvoluna çevrilən binalar,
ucaldılan heykəllər, bütün obyektlər, əlbəttə
ki, dağıdılacaq".
Anar İsgəndərovun sözlərinə görə,
Vətən müharibəsində Azərbaycan öz
torpaqlarını işğaldan azad etdi. Müharibədən
dərhal sonra isə həmin ərazilərimizdən yenidənqurma
işlərinə başlanıldı. İndi bunu
gözü götürməyən ermənilər guya onlara məxsus
binaların, heykəllərin sökülməsini uydurub
bar-bar bağırırlar.
"Yüz illər boyu erməni xislətini başa
düşməmişdik, bizə bu barədə heç nə
deməmişdilər. Sovet
hökumətinin xalqlar dostluğu siyasəti bizə başqa
ideoloji xətti təlqin edirdi.
Ancaq biz, nəhayət, dərk etdik ki, erməni bizə
qonşu olsa da, həm də düşməndir. Bu mənada
Azərbaycan xalqı erməni xislətinə artıq
yaxşı bələddir. Əslində, onların bina, abidə,
heykəl dərdi yoxdur, sadəcə olaraq
işğalçılıq və separatçılıq
ruhu hayları dinc oturmağa qoymur. Azərbaycan dövləti
isə ermənilərin xalqımıza qarşı törətdikləri
vəhşilikləri, işgəncələri heç vaxt
yaddan çıxarmayacaq. Ermənistan və havadarları nə
oyundan çıxırlarsa- çıxsınlar, bizi öz
haqq yolumuzdan döndərə bilməyəcəklər",
- deyə müsahibimiz əlavə edib.
Deputat yekunda qeyd edib ki, Ermənistanın Xankəndidəki
qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə
çalışması tamamilə əsassız və qəbuledilməzdir.
Onların riyakar cəhdlərinə baxmayaraq, işğal
dövründə tikilən belə binalar söküləcək.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
10 mart, № 54.- S.9.