Azərbaycan ərazisində nə separatizmə, nə də onun simvollarına
yer var
Xankəndidə erməni
faşistlərinin fəaliyyət
göstərdikləri binanın
sökülməsi bu
gün separatçılar
tərəfindən "erməni
mədəniyyəti"nə və "memarlıq abidələri"nə qarşı
atılan addım kimi qiymətləndirilir. Bu yerdə bir
atalar sözü yada düşür: "Ay doğar gədiyindən,
utan bir dediyindən".
Amma ermənilər
heç vaxt dediklərindən utanmayıblar.
Utansaydılar, az qala dünya səviyyəsində hay-küy
qaldırıb Xankəndidə
erməni "tarixi abidələri"nə divan
tutulduğunu iddia etməzdilər. Əlbəttə,
biz uzun illərdir erməni təbliğatının gülünc
və komik çalarlara boyanmasının
şahidiyik. Amma gəl ki, "bu xına o xınadan deyil". Yorulmadan böğazlarını
yırtsalar da ki, Xankəndidə "ermənilərə məxsus
tarixi binalar" dağıdılır - faydası
yoxdur. Çünki sökülən "tarixi
bina" yox, separatçı şeytan
yuvasıdır ki, ona da Azərbaycanda
yer yoxdur.
Məgər bunu
anlamaq o qədər çətindir? İkinci
Dünya müharibəsinin
sonunda Berlini alman faşistlərindən
azad edən koalisiya qüvvələri
250 min binası olan şəhərin 30 mindən artığını
sökmüşlər. Bununla onlar Berlini həm də alman
faşizminin simvollarından azad etmişlər. Nə oldu, başqaları faşizm
simvollarından azad ola bilər, biz yox?! Belə
çıxır ki, ərazilərimizi işğal edəsən,
bir milyondan artıq insanı evindən-eşiyindən didərgin
salasan, minlərlə insanı qətlə yetirəsən və
30 il kəndləri və şəhərləri aramsız
dağıdasan və sonda layiqli cəzanı alanda ağı
deyib dünyanı haylayasan və dünya da sənə ürəyiyananlıq etməlidir?!
Erməni mətbuatında
belə sərsəm iddiaların sayı-hesabı yoxdur. Hətta
elə xəbərlər var ki,
Haaqa Konvensiyasının maddələrinə istinadən bizi
ittiham etməyi belə özlərinə ar bilmirlər. Yəni
bu cür həyasızlıqla Xankəndidə erməni
faşistlərinin simvolunun sökülməsinə cidd-cəhdlə
siyasi don geyindirmək istəyirlər. Amma onun fərqinə
varmırlar ki, uydurulan bütün yalanlar lətifə səviyyəsindən
başqa bir cəhd deyil. Bu ucuz hay-küyün hətta öz
çaplarında belə heç bir siyasi çəkisi
yoxdur.
Çünki
ortada reallıq var. O da bundan ibarətdir ki, uzun illər tarixi
Xankəndi şəhəri Azərbaycan SSR-in tərkibində
sürətlə inkişaf edirdi. Hələ Ulu Öndərin
respublikamıza ilk rəhbərliyi dövründə Xankəndinin
baş planı təsdiqlənmiş,
həmin plan çərçivəsində şəhərdə
geniş tikinti-quruculuq işləri aparılmışdı.
Faktiki olaraq Xankəndi milli memarlıq baxımndan Azərbaycanın
şəhərlərindən biri kimi inkişaf etmişdi.
Təəssüf
ki, Qarabağ və Şərqi Zəngəzur işğal
edildikdən sonra hakimiyyəti ələ keçirən erməni
quldur dəstələri bütün regionda Azərbaycan
memarlıq nümunələrinə aid nə vardısa,
hamısını məhv etdilər. Xankəndinin
simasını isə büsbütün dəyişdilər və
hər yerdə faşist rejimini təmsil edən tikililər
peyda oldu. Xankəndinin baş planı yerli-dibli unuduldu, əvəzində
bu qədim Azərbaycan şəhəri bir-birindən əcaib
erməni memarlığını yamsılayan obyektlərin
ünvanı oldu. Faktiki olaraq tikilən azdan-çoxdan nə
vardısa, Xankəndinin inkişafına yox, erməni
faşist ideologiyasının təbliğinə yönəldildi.
Bu baxımdan ermənilərin sökülməsini
bağıra-bağıra car çəkdikləri
"parlament binası" da işğalı əbədiyyətə
qədər uzatmağa yönələn addımdan savayı
bir şey deyil. O bina ki, oradan Qarabağın, Şərqi Zəngəzurun qəddarcasına işğalı
həyata keçirilib, regionun azərbaycanlı əhalisinə,
milli-mənəvi dəyərlərinə amansız divan
tutulub. Həmin binada ermənilər Azərbaycana qarşı
ən alçaq işğal planlarını
reallaşdırıblar, ən humanist dəyərlərimizi
ayaqlayan soyqırımı ideyalarını
hazırlayıblar. Bu binada oturanlar 30 ildən yuxarı
bütün Azərbaycan dövlətinə və xalqına qənim
kəsiliblər. Faktiki olaraq bu binadan işğal
altındakı ərazilər faşist ideologiyası ilə
idarə edilib. Qısası, bu bina 30 ildən yuxarı
amansız faşist ideologiyasına xidmət edən ilan
yuvası olub. Burada çalışanlar 30 il günahsiz
insanların, o cümlədən qocaların, qadınların
və uşaqların qətlini törədiblər. Belə
bir yuvanı yerlə bir etməyib nə etməliydik ki?!
Azərbaycan
öz torpaqlarında vacib saydığı addımları
bundan sonra da atacaq. Erməni
separatçıları da bilməlidirlər ki, onların
Qarabağda və Şərqi Zəngəzurdakı faşist
izlərini silmək bizim halal haqqımızdır və bu
haqqı əlimizdən heç kəs ala bilməz.
Bahadur
İMANQULİYEV,
Azərbaycan.-2024.-
10 mart, № 54.- S.9.