Teatr onun həyatının mənası idi

 

10 Mart Milli Teatr Günüdür

 

 

Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilmiş, insanların milli şüurunun inkişafına güclü təsir göstərmişdir. Dramaturgiya tariximizin hər bir inkişaf mərhələsində milli teatrımız orijinal aktyor məktəbi ilə əlamətdar olmuş, mahir səhnə mədəniyyətinə malik sənətkarlar istedadlı rejissorlar nəsli yetişdirmişdir.

Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hacıağa Abbasov, Hüseynqulu Sarabski, Səməd Mənsur, Mirzağa Əliyev, Sidqi Ruhulla, Fatma Muxtarova, Ülvi Rəcəb, Mustafa Mərdanov, İsmayıl Osmanlı, Nəsibə Zeynalova, Leyla Bədirbəyli başqa görkəmli teatr xadimlərinin fəaliyyəti sayəsində məhz teatrımız bir-biri ilə üzvi vəhdətdə olan iki xətt üzrə - Avropa rus klassiklərinin, Azərbaycan dramaturqlarının əsərləri əsasında inkişaf etmişdir. Bu iki istiqamət ölkə teatrında milliliklə bəşəriliyin, Şərq mentaliteti, sənət spesifikası ilə Avropa teatr ənənələrinin vəhdətini yaratmışdır. Bu vəhdət isə Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayaraq onun xarakterik xüsusiyyətinə çevrilmişdir.

 

 

 

Sələflərinin ənənələrini uğurla davam etdirən aktrisa

 

 

 

Görkəmli teatr xadimi, xalq artisti, səhnəmizin gözəllik pərisi Leyla Bədirbəylinin yaradıcılıq irsi hər zaman hamı tərəfindən yüksək dəyərləndirilmişdir. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyəti, məlahəti təbiiliyi sayəsində dramaturqlarımızın dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Leyla Bədirbəyli o unudulmaz sənətkarlarımızdandır ki, uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmişdir. Aktrisa "Arşın mal alan" filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən teatr səhnəsində ekranlarda məharətlə canlandırdığı, mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli teatr kinematoqrafiyamızı daha da zənginləşdirmişdir. O, mənalı ömür yolunda çox rəsmi adlar, titullar qazanmışdı: "İstiqlal" ordeninə layiq görülmüş, Azərbaycanın Xalq artisti, görkəmli teatr xadimi, SSRİ Azərbaycanın dövlət mükafatları laureatı olmuş daha neçə-neçə adlara, mükafatlara layiq görülmüşdür.

Leyla xanım 1920-ci ildə o illərin gərgin siyasi hadisələri ilə qaynayan Bakıda dünyaya göz açmışdı. Əslən Şəmkirin Dəllər kəndindən idi. Atası Ağalar bəy , anası Bikə xanım da Şəmkir bəyzadələrinin nəslindən sayılırdılar.

L.Bədirbəyli məktəbdə oxuya-oxuya dram, rəsm dərnəklərinə gedirdi. Ədəbi gecələrdən, konsert mərasimlərindən qalmırdı. Beləcə, yavaş-yavaş o da ecazkar sənət aləminin dogma simasına çevrilirdi. 1937-ci ildə isə 17 yaşlı Leyla xanım Azərbaycan Dövlət Filarmoniyasında təşkil edilmiş rəqs ansamblına dəvət alır. Bundan sonra 1937-1942-ci illərdə ansamblın solisti kimi çalışmağa başlayır. Düz beş il burada zərif, incə rəqsləri ilə könülləri oxşayır. Elə burada sonralar "həyatımın günəşi" adlandıracağı böyük ustadla, dahi Üzeyir Hacıbəyli ilə tanış olur. Filarmoniyada mahnı rəqs ansamblının yaradılması Üzeyir bəyin təşəbbüsü idi. Leyla xanım bu ansamblla 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edir.

1941-ci ildə "Səbuhi" filmində Tubu, 1942-ci ildə "Sovqat" filmində Ayna rollarını canlandırır. O dövrün Adil İsgəndərov, Rza Təhmasib, İsmayıl Dağıstanlı, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Rəsul Rza kimi görkəmli teatr, kino, ədəbiyyat xadimləri bu gənc istedadın ifalarını, rollarını diqqətlə izləyirdilər. Onun yüksək aktrisalıq potensialını görürdülər bu potensialdan istifadə etməyə çalışırdılar. Məhz bu korifeylərin məsləhəti ilə Leyla Bədirbəyli 1942-ci ildə M.Əzizbəyov adına Akademik Dram Teatrına gəlir. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olur.

 

 

 

Səhnəmizin gözəllik pərisi

 

 

 

Leyla Bədirbəylinin M.İbrahimovun "Məhəbbət" tamaşasında Zəhra rolu böyük anşlaqla qarşılanır. Sonra isə A.Ostrovskinin "Tufan" əsərində Klaşa obrazını yaradır. Ardınca teatr səhnəsində "Pəri Cadu" tamaşasında Pəri, "Vaqif'" Gülnar Xuraman, "Xanlar"da Mehriban, "Solğun çiçəklər"də Sara, "Almaz"da Almaz, "Şərqin səhəri" əsərində Dilarə, "Xoşbəxtlər"də İncə, "Əliqulu evlənir"də Qumral, "Kəndçi qızı"nda Göyərçin, "Uzaq sahillərdə" Anjelika, "Otello"da Dezdemona, "Canlı meyit"də Liza digər rolları böyük məharətlə canlandırır.

Bir maraqlı faktı qeyd edək ki, 1945-ci ildə "Arşın mal alan" filmi çəkilməyə başlayanda Gülçöhrə roluna Leyla Bədirbəylidən başqa 100-dən artıq namizəd vardı. Sovet hakimiyyətinin qurulmasından ötən 25 il ərzində Azərbaycanda kifayət qədər qadın aktrisa yetişmişdi. Onların çoxu Gülçöhrə roluna çəkilmək imkanında idi. Bu rola çəkilmək istəyən aktrisaların hamısı sınaq çəkilişlərində olur. Ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişində iştirak etmir. Filmə isə yalnız Üzeyir bəyin dəvəti təşəbbüsü ilə gəlir. Rza Təhmasib böyük bəstəkarın tövsiyəsini nəzərə alaraq Gülçöhrə roluna Leylanı çəkməyə razılıq verir. Leyla Bədirbəyli dünya ekranlarına çıxan "Arşın mal alan" filmində ən böyük sənət uğurlarından birinə nail olur.

Böyük sənətkar Gülçöhrə roluna görə dövrün ən böyük təltiflərindən olan "Stalin" mükafatına layiq görülür. Bütün Sovetlər İttifaqında bu mükafatı daşıyan üç qadından biri olur. "Arşın mal alan"a görə yaradıcı qrup, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə SSRİ Dövlət mükafatına da layiq gorülür.

Leyla Bədirbəylinin kinoda "Arşın mal alan"dan sonrakı aktrisa taleyi yetərincə uğurlu keçir. Onun çəkildiyi filmlərin tematik dairəsi geniş, qəhrəmanları müxtəlifdir. O, əlliyə yaxın bədii, bədii-televiziya, qısametrajlı bədii filmdə çəkilir. O, həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadınların obrazlarını yaradırdı. Onun "Fətəli xan" "Koroğlu" filmlərində yaratdığı Tuti Bikə Nigar obrazları təkcə sevimli ərlərinin etibarlı həyat yoldaşları deyil, həm igid, cəsur məsləkdaşlarıdır.

 

 

 

Sənətə sonsuz sevgi məsuliyyət

 

 

 

Leyla xanımın teatr səhnəsində, kinoda, ekranda qazandığı bütün uğurların təməlində müstəsna istedadından başqa bir mühüm sirr var. Bu, Leyla Bədirbəylinin öz sənətinə sonsuz sevgisi bir o qədər böyük məsuliyyəti idi. Teatr xadimləri xatırlayırlar ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsərində Sara rolunu oynayarkən sonuncu pərdə bitəndən sonra heç vaxt başqa aktyor aktrisalarla birgə tamaşaçılarla sağollaşmaq üçün səhnəyə çıxmazdı. Səbəbini izah edəndə deyərmiş ki, axı tamaşanın finalında Sara ölüb, o, yenidən səhnədə necə görünə bilər?!

Böyük sənətkar istedadlı bir aktrisa kimi tamaşaçı qəlbini necə sehirlədiyinin fərqində idi. O, oynadığı rolun təsirinin tamaşadan sonra da qalmasını istəyirdi. Çalışırdı ki, tamaşaçılar teatr qapılarından o təsirlə çıxsınlar.

 

 

 

Məşəqqətli ilhamlı günlər

 

 

 

Həyatı ilə bağlı ona verilən sualı böyük sənətkar vaxtilə belə cavablandırmışdı: "Mənim həyatımı uzun bir yola bənzətsək, bu yol heç həmişə hamar olmayıb. Sevinc dolu günlərim olub, kədərli günlərim . Bir sözlə, məşəqqətli ilhamlı günlər yaşamışam. Amma heç vaxt sızıldayıb, ah-uf eləməmişəm".

İlk dəfə on altı yaşında ikən o zaman rəqqas kimi eyni səhnədə çıxış etdikləri Fərəc Cavanşirovla ailə həyatı qurmuşdu. Bir il sonra onların Cavanşir adlı oğlu dünyaya gəlmişdi. Amma bu evliliyin ömrü qısa çəkmişdi. Leyla xanım ikinci dəfə Kamil Aslanovla ailə həyatı qurmuşdu. Kamil Aslanov diş həkimi olsa da, rəqsə böyük maraq göstərirdi. O  da Leylanı rəqs səhnəsində görüb bəyənir, elçi göndərir. Beləcə, xoşbəxt sayıla biləcək yeni bir ailə həyatının təməli qoyulur.

Əfsus ki, ömrün qürubuna doğru xoşbəxt günləri bir-birinin ardınca faciələr əvəz edir. Həyat yoldaşı Kamil Aslanov xaricdə ağır yol qəzasına düşür həlak olur. Bu hadisədən bir il sonra isə aktrisanın böyük qızı Laləni Bakıda maşın vurur. O da 48 yaşında dünyasını dəyişir. Bu iki hadisədən sonra Leyla Bədirbəyli depressiyaya düşür. Özünə qapanır. Heç kimlə görüşmək, danışmaq istəmir. Yalnız 1999-cu il yanvarın 1-də bu böyük aktrisanın sənətinə, şəxsiyyətinə hər zaman yüksək dəyər verən Ulu Öndər Heydər Əliyev ona "İstiqlal" ordenini təqdim edərkən evdən çıxıb ictimaiyyət arasında görünür. Elə həmin il noyabrın 23-də 79 yaşında dünyadan köçür.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 10 mart, № 54.- S.11.