Poeziyamızın ağsaqqalı - Molla Vəli Vidadi

 

 

Yüz, hətta bəzi mənbələrdə yüz ildən çox ömür sürdüyü yazılıb. Ancaq Molla Vəli Vidadi əsri adlayan yaşı ilə deyil, eyni zamanda müdriklik, dəyərli öyüd-nəsihətlər təlqin edən əsərləri ilə poeziyamızın ağsaqqalı hesab edilə bilər.

O, 1709-cu il martın 17-də dünyaya gəlib. Uşaqlığı və ilk gəncliyi Şəmkirdə keçib. Təhsilini də orada alıb. Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindən olan atası Məhəmməd ağa dövrünün savadlı, açıqfikirli adamlarından idi. Gələcəyin şairi uşaqlıq illərindən mükəmməl təlim-tərbiyə alıb. Atası vəfat etdikdən sonra Şəmkiri tərk edib, Qazaxa gəlib. Poyluda təhsilini davam etdirib. Ərəb, fars dillərini mükəmməl öyrənib. Poyludan Şıxlı kəndinə gedib. Orada mirzəlik və məktəbdarlıq edib. Buna görə Molla Vəli adı ilə tanınıb.

Şairin həyatı barədə ən dürüst mənbə sayılan əsərlərindən məlum olur ki, o, bir müddət Qarabağ xanlığında da yaşayıb, Tiflisdə İraklinin sarayında da xidmət edib. Hansı səbəbə görəsə, Tiflisdə həbs edilib. Həbsdən qurtulduqdan sonra Şıxlıya dönüb. Uzun ömrünün sonunadək həmin kənddə yaşayıb.

O, aşiqanə şeirlər də yazıb. Ancaq gördüyü haqsızlıqlardan, dövrünün hərc-mərcliyindən, bəylərin, ağaların zülmündən doğan qüssə, kədər, ümidsizlik, eləcə də mənəvi tənhalıqdan şikayət şair Molla Vəli Vidadinin yaradıcılığında əsas yer tutur. Bu duyğulara el-obasından kənarda yaşadığı vaxtlarda keçirdiyi qəriblik, el-oba həsrəti də əlavə olunub. "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərini həmin hisslərlə qələmə alıb.

 

Dəli könül, gəl əylənmə qürbətdə,

Bir gün olur vətən deyib ağlarsan.

Yadlar ilə ömür çürür həsrətdə,

Bir gün olur vətən deyib ağlarsan.

 

- deyən şair vətəninə, yurduna bağlılığını səmimi şəkildə əks etdirib.

Ümumiyyətlə, hansı mövzuda, necə bir ovqatda yazmasından asılı olmayaraq, Molla Vəli Vidadinin bütün əsərlərinə səmimiyyət hakimdir.

Molla Vəli Vidadi realist şairdir. Şair vətənini çox sevdiyini, əməyə, zəhmətsevərlərə böyük ehtiram bəslədiyini şeirlərində əks etdirib.

Şair həm heca, həm də əruz vəznində əsərlər yazıb. Şeirləri öz dövründə dillər əzbəri olub. "Müsibətnamə" əsərini isə Molla Vəli Vidadi Şəki xanı Hüseyn xan Müştaqın faciəli ölümünə həsr edib.

Haqqında yazılanlara görə elmi, savadı ilə, mənəvi keyfiyyətləri, dürüstlüyü, haqqsevərliyi ilə müasirləri arasında böyük hörmət qazanan Molla Vəli Vidadi vaxtının çoxunu ibadətdə keçirirmiş. Bu məziyyətlərinə görə o, sayılıb-seçilir, xətri əziz tutulurdu. Amma bu möhtərəm insandan narazı qalanlar da az olmayıb.

Molla Vəli Vidadinin dərin kədəri, mənəvi əzabı müasiri, dostu, bəzi mənbələrə görə hətta qohumu olan Molla Pənah Vaqiflə məşhur  deyişməsində də təsvir olunub. Vaqif özündən yaşlı şairi könlündə dünyanın dərdinə, əzab-əziyyətinə yer verdiyi üçün qınayırdı:

 

Ey Vidadi, sənin bu puç dünyada

Nə dərdin var ki, zar-zar ağlarsan?

Ağlamalı günün axirətdədir,

Hələ indi səndə nə var, ağlarsan?

 

Şair Vidadi isə hələ gənclik havası ilə yanıb-tutuşan şair Vaqifə öyüd-nəsihət edirdi:

 

Ağlamaq ki, vardır, məhəbbətdəndir,

Şikəstəxatirlik mərhəmətdəndir,

Əsl bunlar cümlə mürüvvətdəndir,

Olsa ürəyində, betər, ağlarsan!

 

Molla Vəli Vidadi yüz yaşında, 1809-cu il mayın 13-də Qazaxda, Şıxlı kəndində dünyadan köçüb.

Molla Vəli Vidadinin şeirləri kitab şəklində ilk dəfə 1939-cu ildə nəşr olunub. Şairin əsərlərini Həmid Araslı lüğət və şərhlərlə birlikdə 1977-ci ildə təkmilləşdirilmiş şəkildə çap etdirib.  Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Molla Vəli Vidadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Araşdırıcılar Azərbaycan ədəbiyyatının klassik nümayəndələrindən olan şairin irsinin az qisminin məlum olduğunu qeyd ediblər. Ancaq bu əsərlər də Molla Vəli Vidadinin adını Azərbaycan ədəbiyyatı tarixində yaşada bilib.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 10 mart, № 54.- S.11.