Makron Fransanı rüsvay edib

 

 

"Fransa anti-Azərbaycan siyasətini 44 günlük Vətən müharibəsindən sonra daha qabarıq nümayiş etdirir. Bu ölkənin əleyhimizə yönəlmiş cəhdləri isə nəinki nəticə vermir, əksinə, Fransanın imicini zədələyir. Lakin Makron hökuməti siyasi baxımdan o qədər kasad səbatsızdır ki, məğlubiyyətlərinin fərqinə varmır   öz absurd mövqeyindən əl çəkmir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, Makron hakimiyyətinin yürütdüyü yarıtmaz siyasət Fransa dövlətini bütün dünyada rüsvay edib: "Cənubi Qafqazda hərbi mövcudluğuna nail olmağa çalışan Fransa prezidentinin, demək olar ki, atdığı bütün addımlar fiaskoya uğrayır. Rəsmi Paris Ermənistana missiya göndərir, onlara silah sataraq revanşistləri yeni münaqişələrə həvəsləndirir. Makron artıq iki ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsinə münasibət bildirərkən dünya dövlətlərini hər zaman Ukraynaya dəstək göstərməyə çağırsa da, özü bu ölkəyə heç bir ciddi yardım göstərmir. Sadəcə olaraq, özünü dünyanın gözündə guya geosiyasi məsələlərdə həlledici qüvvə kimi qələmə verir".

Deputatın sözlərinə görə, Fransanın ermənipərəst siyasi xətti artıq ikrah doğuracaq səviyyəyə çatıb. Bütün sferalarda ancaq Ermənistanın maraqları naminə var-gəl edən bu ölkə regiondakı yeni reallıqları qəbul etmək istəmir. Cənubi Qafqazda daim münaqişə ocağının mövcud olmasına maraq göstərdiyi üçün İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğramış Ermənistanı yenidən silahlandırmağa çalışır. Lakin Makronun erməniləri ciddi şəkildə dəstəklədiyi bu dövr ərzində Ermənistanda siyasi iqtisadi vəziyyət daha da pisləşib.

"Fransanın çirkin planlarından biri neomüstəmləkəçilik siyasətini Qafqaza gətirməkdir. Fransızlar Afrikadan qovulduğu, koloniyalarda etirazların səngimədiyi bir dövrdə Makron hakimiyyətinin belə cəhdləri əbəsdir. Xüsusilə Fransanın müstəmləkəçilik siyasətinin ard-arda ifşa olunduğu vaxtda Makronun belə xam xəyallara qapılması mənasızdır", - deyə müsahibimiz əlavə edib.

Məlahət İbrahimqızı Fransada Natəvanın heykəlinə qarşı edilən vandallıq aktına da münasibət bildirib. Qeyd edib ki, bu fakt Fransada anti-Azərbaycan ünsürlərin çoxluq təşkil etdiyini, bu ölkədə azərbaycanofobiyanın baş alıb getdiyini sübuta yetirir: "Natəvanın heykəlinə qarşı törədilmiş bu vandalizm aktına görə Paris cavab verməlidir. Fransa bu məsələ ilə bağlı  heç bir addım atmayıb, bizdən üzr istənilməyib. Bu, tamamilə qəbuledilməzdir".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 12 mart, № 55.- S.9.