Yel
çərşənbəsi - dörd ilahi başlanğıcdan üçüncüsü
Xalqımızın milli bayramları onun ənənəvi mədəniyyətinin elementlərindən
hesab olunur. İnsanların inancını
əks etdirən bayramlar, el şənlikləri
canlı tarix nümunələridir. Xalqımızın
qədim inancının
daşıyıcısı olan Novruz bayramı
da daim yüksək
hörmətlə qeyd
edilir. Novruz inanclarının əsasında
insana, təbiətə
həyat verən dörd ünsür - Su, Od, Yel
və Torpaq durur. Buna görə
də Novruz bayramına hazırlığa
təzə ilin gəlməsinə dörd
həftə qalmış
başlanılır. Əski
inamlara görə bu çərşənbələrin
hər birində təbiətin dörd ünsüründən biri
dirilmişdir.
İlin Novruzdan
əvvəlki dörd
axır çərşənbəsi
müqəddəs sayılır.
Novruz adətləri bu gün də
ilkin mühafizəkarlığını
qoruyub saxlamışdır.
Novruz çərşənbələrinin
hərəsinin özünəməxsus
mərasimləri var. Mərasimlərdə xalqımızın
dünya və kainat haqqında ilkin təsəvvürləri
öz əksini tapmışdır. Bu mərasimlərin həyata
keçirilməsi Novruzun
əsas ünsürü
olan Su çərşənbəsi ilə
başlayır.
Su çərşənbəsi
ilə bayrama hazırlıqlar başlayır.
Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb.
Buna görə su ilk çərşənbə
kimi qeyd edilir. Xalq arasında
o, "Əvvəl çərşənbə",
"Əzəli çərşənbə",
"Gözəl çərşənbə",
"Sular Novruzu",
"Gül çərşənbə",
"Sel çərşənbə",
"Zəmzəm çərşənbə",
"Çillibeçə çərşənbə" kimi də tanınır.
Su çərşənbəsində
suyun müqəddəs
mahiyyəti ifadə olunur. Su sağlamlıq,
paklıq, tale göstərmə, övladvermə,
müqəddəslik, dirilik,
ölməzlik, xoşbəxtlik
gətirən bir inam rəmzi kimi çıxış edir.
Od çərşənbəsi
Boz ayın çərşənbələrindən biridir. Od ünsürünü,
adətən, təbiətin,
eləcə də, insanın yaradılış
prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz
buna görə də ikinci çərşənbə od
ilə bağlanır.
Bu çərşənbə
"Üskü/Üsgü
çərşənbə", "Üskü gecəsi",
"Adlı çərşənbə",
"Ocaq çərşənbəsi",
"Atəş çərşənbə",
"Xıs çərşənbə",
"Xızır çərşənbə"
adları ilə də tanınır. Od işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq,
paklıq və gözəllik gətirir. Od günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində
müqəddəsliyin, günəşin
rəmzi olmuşdur.
Yel ünsürü
ilə bağlanan çərşənbə xalq
arasında "Yel çərşənbə", "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə"
və "Yelli çərşənbə" kimi tanınır. Yel çərşənbəsi
ilaxır çərşənbələrin
üçüncüsüdür.
"Yel" şifahi
xalq ədəbiyyatımızdan
müasir ədəbiyyatımıza
kimi əksər nümunələrdə öz
əksini tapmışdır.
Xalq bədii nümunələrində və
inanclarda müxtəlif
mənalarda işlənən
"yel", kainatın
yaradılmasında əsas
yer tutan dörd ünsürdən
biridir. Mövsüm nəğmələri içərisində
də yel haqqında bədii nümunələrə rast
gəlinir:
A yel baba, yel baba,
Qurban sənə,
gəl, baba.
Taxılımız
yerdə qaldı,
Yaxamız əldə
qaldı.
A yel baba, yel baba,
Qurban sənə
gəl baba.
Təsəvvüf
ədəbiyyatında külək Səba kimi ifadə olunur.
Səba ruhani aləmdən əsən külək, Allahdan
kamil insanların qəlbinə dolan ruhani nəfəsdir ki, bəşərin
öz əslinə qovuşmasına vasitəçi olur.
Quranda isə yelin Allah tərəfindən
göndərildiyi qeyd edilir. Quranda küləklər müjdəçi
adlandırılır. "Nəml" surəsinin 63-cü ayəsində
oxuyuruq: "Qurunun və dənizin qaranlıqlarında sizə
doğru yol göstərən, küləkləri öz mərhəməti
önündə müjdəçi kimi göndərən
kimdir? Məgər Allahla yanaşı başqa bir
tanrımı var?! Allah Ona şərik qoşduqlarından
ucadır!"
Ağ yel, qara
yel, xəzri, gilavar...
Əski inamlarda
Yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir
missiyanı yerinə yetirmək üçün dünyanı idarə edən
qüvvə tərəfindən göndərilən bir
qüvvə kimi göstərilir. O kömək edici, cəzalandırıcı
funksiyaya sahibdir. Əski etiqadlardan qaynaqlanan materiallarda "qara nəhr"də
yatmış dörd cür külək - Ağ yel, qara yel, xəzri,
gilavar yer üzünə çıxır. Hərəsinin də
öz donu olur. Bu donların rəngləri də mifik
dünyagörüşündən qaynaqlanır. Ağ yel - ağ libasda, qara yel -
qara libasda, xəzri
- göy libasda, gilavar qırmızı libasda təsvir edilir.
Azərbaycan mifik
təfəkküründə yel yol göstərən, bələdçi
funksiyasını yerinə yetirir. Yel baba yolunu azan
insanların qarşısına çıxır, onlara yolu
tapmaqda köməkçi olur. O, azanlara yumaq ip verərək
bu vasitə ilə onları düz yola çıxarır.
İp
yumağın səridi,
Təri zəhmət
təridi,
Havaya isti gəldi,
Suyun buzu əridi.
Yel bir varlıq
kimi götürülür, ilahi qüvvənin iradəsinin
ifadəsi kimi çıxış edir, bu səbəbdən
də Yel babanın şərəfinə xüsusi mərasimlər,
ayinlər keçirilir. Bu mərasim dörd ilahi
başlanğıcdan üçüncüsü olan Yel
çərşənbəsində icra olunur. Yellə
bağlı nəğmələr, bayatılar söylənilər. Yel baba köməyə
çağırılar.
Əcdadlarımız
inanmışlar ki, Yel baba xırmana gəlməmişdən
qabaq oradan taxıl bitkiləri götürməzlər. Belə
inanc var ki, sovrulandan sonra ilk buğda götürənin
oğlu olar. Buna əsaslanaraq deyə bilərik ki, əski
inanclarda Yel baba rabitə yaradan vasitə hesab edilirdi. Ən
maraqlı rituallardan
biri isə qızların küləyə "ərə
getmə" mərasimidir. Taxıl döyümü vaxtı
boğanaq qalxarsa, qızlar deyir: "Boğanaq gəlmə, sənə
gedəcəyəm".
Yel çərşənbəsi
günü, digər çərşənbələrdə
olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir.
Evlərdə plov, əsasən də, südlü plov,
bulğur aşı bişirilir. Süfrəyə dənli
bitkilərdən hazırlanmış çərəzlərdən,
quru meyvələrdən və şirniyyatlardan ibarət
xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə
başlanır, səməni cücərdilir, bəzi evlərdə
isə azca boy atmış səməninin belinə
qırmızı qurşaq bağlanır. Bu ərəfədən
başlayaraq bayram üçün yeni geyimlər
alınır. Yel çərşənbəsində xüsusi
ayinlər də icra olunur; Yel çərşənbəsində
söyüd ağacının altından keçərlər
ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində
Yel dağına ziyarətə gedərlər.
Bu gecə
Xızır Nəbi sevgililərə buta verir
Xalq arasında
yellə bağlı inanclar üstünlük təşkil
edir. Bəzi bölgələrdə külək bərk əsərkən
evin ilk övladı
sonbeşik uşaqla
canamazı (namaz qılınan parça) əncir
ağacına bağlayaraq söyləyir:
Mən anamın
ilkiyəm,
Ağzı qara
tülküyəm,
Xəzri yat,
gilavar yat...
Külək,
sürmə at,
Gəl, ələkdə,
yat!
Bu şeir
parçası bəzi bölgələrdə son misraları
dəyişməklə dolunun dayandırılması
üçün də oxunur. Yel çərşənbəsində
isə yel əsmədikdə "Külək
çağırdı" mərasimini icra edirlər.
Ulularımızın
inancına görə, Yel çərşənbəsində
vədə küləkləri Xızır Nəbinin əmri
ilə məhəbbət qanadına çevrilərək
ürəkdən-ürəyə əsərək sevgini aləmə
yayır. Məhz bu səbəbdən də, oğlanlar bu
çərşənbədə qız seçməyə
çıxarlarmış. İnama görə, bu gecə
Xızır Nəbi sevgililərə "Abi-kövsər"
suyu içirib buta verir. "Ağ yelə tuş olasan səni",
"Üstündən ağ yellər əssin" kimi
alqışlarımızın da bu inancdan doğduğunu desək,
yanılmarıq. Hətta inanca görə, Yel çərşənbəsində
ata-ananın xeyir-duası olmadan qaçırılan qıza
xeyir-duanı əli
butalı Xızır Nəbi verir. Bu çərşənbədə
qəfəsdəki quşların satın alınıb
"Azat-bezat, məni cənnətdə gözət" deyərək havaya
buraxılması da inanclarımızdandır. Bəzi hekayələrimizdə
bu motiv öz yerini tutur. Xahiş, arzu yazılan çərpələnglərin
göyə buraxılması bu çərşənbənin ayinlərindəndir. Xızır Nəbi
ilə təmasda olmaq üçün icra olunan "Yelləncəkdə
yellənmə" mərasimi də bu çərşənbənin
rituallarındandır.
Yellə bağlı atalar sözləri
də çoxluq təşkil edir:
"Yelə verdiyin düşmənə qismət
olar". "Yelə qoşulan çox uzağa getməz".
"Yel aparan yelinki, yerdə qalan mənimki". "Yelin
işi elnən deyil, külnəndi". "Küləklə
yatanın cin atı olar". "Yelin zarafatı qovmaqla
başlanır".
Səhər
ORUCOVA,
filologiya elmləri
doktoru, professor
Azərbaycan.-
2024.- 12 mart, ¹ 55.- S.11.