Müxalifət Paşinyana qarşı separatçılardan istifadə edir

 

 

Hayastan müxalifəti qarşıdakı günlərdə planlaşdırdığı aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyir.

Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.

Ümumiyyətlə, 2018-ci il inqilabından sonra Hayastanda xalq arasında nüfuzunu itirən Sarkisyan-Koçaryan koalisiyasına havadarlıq edənlər artıq başqa adlar üzərində axtarışa başlayıblar. Qatı rusiyayönlü siyasi qüvvələrin yaratdığı "Birgə" alternativ ictimai-siyasi hərəkatı hökuməti devirmək məqsədilə kütləvi etirazlara başlamağı planlaşdırır.

Bununla yanaşı, müxalifət hakimiyyətə gəlmək üçün xaricdən, indiki halda Rusiyadan da yardım alacağına ümid bəsləyir.  "4rd.am" nəşri yazır ki, Hayastanda hakimiyyət çevrilişi istisna olunmur: "Məlumata görə, danışıqlar prosesi ilə paralel olaraq müxtəlif platformalarda başqa diqqətçəkən müzakirələr gedir. Diplomatik mənbələrdən alınan məlumatlara görə, mümkün Hayastan-Azərbaycan razılaşmasının maraqlı mərkəzləri, xüsusən Qərb, sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemə çevrilə biləcəyini anlayaraq bu günlərdə alternativ, "ehtiyat" variantının müzakirəsi ilə bağlı fəallıq nümayiş etdirir. Həmin mərkəzlər başa düşürlər ki, müqavilə imzalanandan sonra Paşinyanı hakimiyyətdə saxlamaq nəinki qeyri-mümkün ola, həm məqsədəuyğun olmaya bilər. Buna görə onlar "B" planı tapmağa çalışırlar". Qeyd olunur ki, Paşinyanın dəyişdirilməsi məsələsi həm öz siyasi maraqlarını qorumaq onları sona qədər irəli aparmaq, gələcəkdə regional proseslərdən kənarda qalmamaq baxımından əsasdır. Müvafiq olaraq, bir neçə mümkün namizəd müzakirə edilir ki, onlar da təbii olaraq Qərb qanadına aiddir. Yeri gəlmişkən, namizədlər arasında Paşinyanın komandasının bəzi nümayəndələri ilə yanaşı, hazırda Hayastanın daxili siyasi həyatında fəal olmayan fiqurların da olduğu barədə məlumatlar var.

Xatırladaq ki, bu günlərdə Hayastanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib ki, müxalifət Qarabağdan köçən ermənilər vasitəsilə ölkədə çevriliş etmək istəyir. O, müxalifətin hakimiyyət əleyhinə hərəkətlərinin Zəngəzurdan dəhliz verilməsi ilə nəticələnəcəyini bildirib: "Küçələrdə sirk nümayəndələri kimi dolaşan şəxslər Qarabağdan köçənlərin emosiyaları ilə oynayırlar. Sakinləri küçə döyüşlərinə başlamağa, çevriliş etməyə çağırırlar. Qarabağın guya xilası üçün çevriliş etdilər, nəticədə oranı itirdik. İndi Ermənistanda Qarabağdan köçən şəxslər vasitəsilə çevriliş etmək istəyirlər. Son məqsədləri Zəngəzurdan Azərbaycana dəhliz verməkdir".

Bu arada Hayastanda konstitusiya islahatları konsepsiyasının layihəsi artıq hazırlanıb. Yerli media yazır ki, Ədliyyə Nazirliyi ölkənin əsas qanununun hansı maddələrinə yenidən baxılmasının nəzərdə tutulduğunu açıqlamayıb, lakin qeyd edib ki, konsepsiya layihəsində idarəetmə forması, prezidentin səlahiyyətlərinin əhatə dairəsi ilə bağlı fundamental insan hüquqlarına aid fəsildə sosial, iqtisadi mədəni hüquqların qeyd edilməsi ilə əlaqədar müddəalar var.

Dövlət səlahiyyətlərinin özəl qurumlara verilməsini nəzərdə tutan müddəa da layihədə yer alıb. Nazirlikdən bildirilib ki, konstitusiya islahatları komissiyasına hüquqşünas David Akopyan rəhbərlik edir. Komissiyanın tam tərkibi açıqlanmır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 12 mart, № 55.- S.12.