Orta dəhlizin iki əsas ölkəsi
Kasım-Jomart TOKAYEV: "Bu səbəbdən
Astana ilə Bakı kompleks addımlar atır"
Xəbər verildiyi kimi, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə səfəri ərəfəsində "Azərbaycan" qəzetinə müsahibə vermişdir.
Dost dövlətin başçısı müsahibəsində iki ölkə, eləcə də dünya üçün xüsusi əhəmiyyət daşıyan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əhəmiyyətindən danışmışdır: "Yeni geosiyasi reallıqlar kontekstində transkontinental ticarətin təşviqində və inkişafında ölkələrimizin rolu sürətlə artır. Hətta xəritəyə ötəri nəzər salmaq belə Mərkəzi Asiya və Cənubi Qafqazın unikal coğrafi mövqeyindən xəbər verir. Bu səbəbdən Qazaxıstan da Azərbaycan kimi ölkənin logistika və nəqliyyat potensialının gücləndirilməsi istiqamətində aktiv siyasət yürüdür. Bunun bizim qarşımızda dayanan strateji əhəmiyyətli vəzifə olmasını gizlətmirəm. 2030-cu ilə qədər 11 min km dəmir yolu xətti təmir etmək və 5 min km-dən çox yeni dəmir yolu çəkmək niyyətindəyik. Bu, ölkənin nəqliyyat imkanlarını xeyli artıracaq. Orta dəhliz kimi də adlandırılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun transkontinental ticarətin təşviqində və inkişafında rolu bu gün sürətlə artıb. Bunu həmin marşrut üzrə yükdaşımaların həcminin 2022-ci ildə iki dəfə artaraq 1,7 milyon ton, 2023-cü ildə isə əlavə 65 faiz artaraq 2,7 milyon tona çatması sübuta yetirir. Gələcəkdə bu həcmin ildə 10 milyon tona çatacağını gözləyirik. Bunun üçün həm tələbat, həm də texnoloji imkanlar mövcuddur. Bu səbəbdən Astana ilə Bakı bu sahədə kompleks addımlar atır. Bunun bariz nümunəsi 2022-ci ilin sonlarında Aktauda imzalanan Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində "Orta dəhlizin inkişafı üzrə 2022-2027-ci illəri əhatə edən Yol Xəritəsi"dir.
Qazaxıstan Prezidenti həmçinin vurğulamışdır ki, Xəzər sahillərindəki dəniz limanlarımızın genişmiqyaslı müasirləşdirilməsinə xüsusi diqqət yetiriləcək: "Bundan əlavə, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolçuları tərəfindən yükdaşımaların həcmini artırmaq üçün "bir pəncərə" formatında xidmət göstərəcək "Middle Corridor Multimodal Ltd" birgə müəssisəsi yaradılıb. Marşrut boyunca ən son rəqəmsal texnologiyalardan istifadə olunacaq. Bunun üçün biz kəsintisiz rəqəmsal dəhliz hazırlamış transmilli PSA Sinqapur şirkətini cəlb etdik. Biz dəmir yolu nəqliyyatı sahəsində innovativ həllərin tətbiqi üçün "Huawei", "Wabtec", "Alstom" kimi qlobal şirkətlərlə fəal əməkdaşlıq edirik. Onlar bu sahəni daha rəqabətli və səmərəli edəcəklər. Marşrutun gələcək inkişafı və onun digər nəqliyyat dəhlizləri ilə əlaqəsi də perspektivli hesab olunur ki, bu da Cənubi Qafqazla Türkiyənin Qazaxıstan, Mərkəzi Asiya ölkələri, Avrasiya İqtisadi Birliyi (AİB) və Çinlə daha geniş transregional inteqrasiyası üçün əlavə imkanlar təmin edəcək. Ümumiyyətlə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük potensiala malikdir və təbii ki, bu mühüm layihənin həyata keçirilməsində Qazaxıstanla Azərbaycanın rolu olduqca böyükdür. Bu arteriyanın inkişafı ticarət dinamikasının genişlənməsinə töhfə verməklə yanaşı, Şərqlə Qərb arasında əlaqələndirici körpü kimi ölkələrimizin mövqeyini möhkəmləndirəcək".
Cənab Kasım-Jomart Tokayevin də dediyi kimi, Azərbaycan və Qazaxıstan Orta dəhlizin önəmli ölkələrindən sayılır. Xüsusilə Zəngəzur dəhlizinin açılması Çinin Avropa və Türkiyə üzərindən Asiya, həmçinin Şimali Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirməsinə daha böyük imkanlar yaradacaq. Belə ki, ilkin hesablamalara görə, Zəngəzur dəhlizi Orta dəhlizin daşınma qabiliyyətini ildə 8-10 milyon tona qədər artırmağa imkan verə bilər.
Onu da vurğulayaq ki, görülən tədbirlər sayəsində son iki ayda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib və bunun nəticəsində həmin konteynerlərin Gürcüstan limanlarına çatması cəmi 12 gün çəkib. Məlumat üçün bildirək ki, əvvəllər bu müddət təxminən 40-50 gün idi.
Xatırladaq ki, Orta dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə" prinsipi tətbiq olunur.
Görülən işlər öz müsbət bəhrəsini verir, ticarət tərəfdaşlarımızın bu marşruta olan güvəni daha da artır. Bunun sayəsində Orta dəhliz üzərindən yükdaşımanın dinamikası yüksələn xətlə davam edir. Təkcə ötən il Orta dəhliz vasitəsilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 faiz çoxdur.
Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizin Orta dəhlizin fəaliyyət göstərməsi üçün gördüyü işləri yüksək qiymətləndirərək demişdir: "Təbii ki, biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib".
Rüstəm
KAMAL,
Azərbaycan.-2024.-
13 mart, № 56.- S.6.