İşğaldan
azad edilmiş ərazilərin bərpasında
Qazaxıstanın xüsusi payı var
Dostluq
və qardaşlığın əsl nümunəsi
Martın
12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart
Tokayev Füzuli şəhərində inşa olunan
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin
açılış mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.
Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev dedi:
- Sizi burada,
müqəddəs Azərbaycan torpağında görməyimə
çox şadam.
Bildiyiniz kimi, mən
dünən və bu gün ölkənizdə dövlət səfərindəyəm.
Çox şadam ki, bu səfər tam uğurla - dövlətlərimiz
arasında çoxşaxəli əməkdaşlığın
gələcək inkişafına ən ciddi təkan verəcək
son dərəcə mühüm sənədlərin
imzalanması ilə başa çatır. Biz qardaş
xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq.
Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin
hökumətlərinin görəcəyi böyük iş həcmləridir,
çünki razılaşmalar çox ciddidir, çox
böyükdür və şübhəsiz, onlar
iqtisadiyyatlarımızın inkişafına impuls verəcək
ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz
arasında əməkdaşlığın gələcəyinə
böyük nikbinliklə baxıram.
Mədəni–humanitar
sahədə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə
böyük diqqət yetiririk. Burada Qazaxıstan mədəniyyət
günləri böyük müvəffəqiyyətlə
keçirildi. Dünən səmimi qəbula görə minnətdarlığımı
bildirdim. Azərbaycanın mədəniyyət xadimlərini
Qazaxıstanda gözləyirik.
Azərbaycanın
hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin
Sumqayıt şəhərində bir küçəyə
Qazaxıstanın məşhur maarifçisi Axmet
Baytursınovun adının verilməsi qərarına görə
ona çox minnətdaram. Eyni zamanda, ötən il biz hörmətli
Prezidentlə paytaxtımızda dahi dövlət xadimi Heydər
Əliyevin şərəfinə adlandırılmış
küçənin açılışını etdik. Belə
təmaslar, şübhəsiz ki, davam edəcəkdir.
Sizi bir daha
müqəddəs Ramazan ayı münasibətilə təbrik
edirəm. Sizə ən xoş arzularımı
çatdırıram.
Bu Mərkəz
Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir.
Hökumətin tapşırığına və mənim
şəxsi göstərişimə əsasən “BI Group”
özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən,
bütün xalqın adından təqdim edir. Zənnimcə,
bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında
rifahın, bütün əlaqələrin, hərtərəfli
münasibətlərin möhkəmləndirilməsinə
töhfə olacaq.
Sizə
uğurlar, tərəqqi arzulayıram. Heç bir şübhə
yoxdur ki, Azərbaycanın müqəddəs regionu
güclü inkişaf edəcək. İndicə gələcəyə
dair planla tanış olduq və əlbəttə ki, o,
miqyası və intensivliyi ilə bizi valeh edir. Sağ olun.
x x x
Azərbaycan
Prezidenti İlham Əliyev dedi:
- Hörmətli
Kasım-Jomart Tokayev, çox sağ olun.
Füzulililər,
ictimaiyyətimiz və bütün Azərbaycan xalqı
adından Sizə bu qardaş hədiyyəsinə görə
bir daha təşəkkürümü bildirmək istəyirəm.
Azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin
yaradılması Sizin şəxsi təşəbbüsünüzdür.
Ötən dəfə - ilyarım əvvəl Azərbaycana səfəriniz
zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində
Mərkəz tikildi, bu gün onun rəsmi
açılışıdır. Mərkəz qazax
xalqının böyük oğlu Kurmanqazının
adını daşıyır. Dünən biz Sizinlə
danışırdıq ki, bu, təkcə Uşaq
Yaradıcılıq Mərkəzi deyil, həm də
Qazaxıstan ilə Azərbaycan arasında dostluq və
qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə
Azərbaycan xalqının qəlbini riqqətə gətirir,
çünki 30 il ərzində bu balaca uşaqların
valideynləri, babaları və nənələri bir arzu ilə
- öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar.
Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan
edilmiş Qarabağı gördülər, əlbəttə,
çox acı hisslər yaşadılar. Bu
qayıdışın ağrılı-acılı və
eyni zamanda, sevinc hissləri bir-birinə
qarışmışdı. İndi qardaş
Qazaxıstanın köməyi ilə Füzulidə çox
gözəl Uşaq Yaradıcılıq Mərkəzi
açılır. Bu təşəbbüsə görə
Sizə səmimi–qəlbdən minnətdarıq. Bu, azərbaycanlıların,
burada yaşayanların və yaşamayanların, buraya gələn
və bu gözəl binanı görən hər kəsin
yaddaşında qalacaq. Ən başlıcası, buraya gələn,
əksəriyyəti Bakıdan, Sumqayıtdan və digər
böyük şəhərlərdən olan uşaqlar öz
qəlblərinin səsi və əcdadlarının
çağırışı ilə tədbirdə
iştirak edirlər. Diqqət yetirdikdə görürük
ki, burada - Füzulidə yaşayan insanlar, onların əksəriyyəti
Füzulinin işğalı dövründə dünyaya gəliblər,
yaxud çox balaca olublar. Demək olar ki, onlar öz doğma
şəhərini, öz rayonunu görməyiblər, amma bu
torpağa məxsus olduqları, uğrunda mübarizə
apardığımız, döyüşdüyümüz,
qan tökdüyümüz və uşaqlarımızı
itirdiyimiz müqəddəs Qarabağ torpaqlarına aid
olduqları üçün buraya qayıdıblar.
Bu gün,
Qarabağın dirçəldiyi bir vaxtda əziz
qardaşımızı, Türk dünyasının ən
böyük ölkəsinin, sürətli inkişafa malik,
beynəlxalq arenada iri aktor olan, Azərbaycanın müttəfiqi
qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük
şərəf hissi duyuruq. Siz yəqin ki, bizim dünənki
görüşlərimizi izləmisiniz, həmçinin
axşam da bizimlə birlikdə olmusunuz. Yəqin ki, bu ab-havaya
nüfuz etmisiniz. Ünsiyyətimizin bütün
işgüzar komponenti ilə yanaşı, məhz mənəvi
bağlar bizə güc verir. Sizi təbrik edirəm və
sizin adınızdan bir daha Kasım-Jomart Tokayevə təşəkkürümü
bildirmək istəyirəm.
Prezident
Kasım-Jomart Tokayev: Azərbaycanın gənc vətəndaşlarına,
müqəddəs Füzuli sakinlərinə ayrıca səadət,
uğurlar arzulamaq istəyirəm.
Prezident İlham Əliyev:
Mən bizim nümayəndələri təqdim edim. Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar.
Prezident
Kasım-Jomart Tokayev: Bəli, tanıyıram.
Prezident İlham Əliyev:
Konservatoriyanın rektoru. Xalq yazıçısı, yəqin
ki, Siz onun da kitablarını bilirsiniz.
Xalq
yazıçısı Çingiz Abdullayev: Mən onun
atası haqqında yazmışam.
Prezident
Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev:
Milli Konservatoriyanın rəhbəri. Memarlar
İttifaqının sədri.
Memarlar
İttifaqının sədri Elbay Qasımzadə: Mən qazax
adı daşıyıram, adım Elbaydır. Atam mənə
cəbhədə həlak olmuş dostunun adını qoyub.
Prezident İlham Əliyev:
Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq
Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev,
bizim gənc füzulililərimiz, istedadlarımız
buradadırlar.
Müəllim Məhin
Orucova: Hörmətli cənab prezidentlər. Sizi Azərbaycan
mədəniyyətinin qədim tarixi mərkəzi olan
Qarabağ torpağında salamlayırıq. Cənab Prezident
İlham Əliyev, Sizə minnətdarıq ki, bizi öz
torpağımıza qaytarmısınız. Biz Sizə və
şanlı Ordumuza minnətdarıq.
Bu gün bizim və
uşaqlarımız üçün əlamətdar
gündür. Bu gün Qazaxıstan milli mədəniyyətinin
böyük nümayəndəsi, qazax xalq musiqisinin
patriarxı Kurmanqazı Saqırbayulının adını
daşıyan Füzuli Uşaq Yaradıcılıq Mərkəzinin
açılışıdır. Biz Qazaxıstan Prezidenti cənab
Kasım-Jomart Tokayevə və onun simasında bütün
Qazaxıstan xalqına belə gözəl Mərkəzə
görə minnətdarıq. Bütün füzulililər
adından uşaq yaradıcılığı fəaliyyətinə
göstərilən qayğıya görə iki dövlətin
liderlərinə çox təşəkkür edirik.
Bu Mərkəzdə
uşaqlar təkcə Azərbaycan deyil, həm də qazax mədəniyyətini
öyrənəcəklər. Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzi Qazaxıstan ilə Azərbaycan
arasında dostluğun rəmzi olacaq.
Prezident
Kasım-Jomart Tokayev: Sağ olun. Həqiqətən
Kurmanqazı qazax musiqisinin nəhəngidir, demək olar ki,
Türk mədəniyyətinin ayrılmaz hissəsidir.
Kurmanqazının adı olmadan qazax musiqisini təsəvvür
etmək çətindir. Ona görə də deməliyəm
ki, onun musiqisi çox dinamikdir və indiyədək çox
müasirdir. Məşhur “Küy Sarı Arka” indiyədək
böyük həyəcanla dinlənilir.
Prezident İlham Əliyev:
Əlbəttə, uşaqlar burada onun
yaradıcılığını öyrənəcəklər.
x x x
Dövlət
başçıları Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzinin rəmzi
açılışını bildirən lenti kəsdilər.
Sonra xatirə
şəkli çəkdirildi.
Prezidentlər
Uşaq Yaradıcılıq Mərkəzində yaradılan
şəraitlə tanış oldular.
Qeyd edək ki,
Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə
inşa olunan Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzi qardaş qazax
xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli
2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə
yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir.
İkimərtəbəli binada 600 uşağın bir
neçə növbədə məktəbdənkənar təhsil
alması üçün hər cür şərait
yaradılıb. Burada mühazirə zalı, şahmat və
kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq
studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti,
musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika
kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə
IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə,
o cümlədən xalçaçılıq sənətinə
xüsusi diqqət yetiriləcək.
Vurğulandı
ki, layihəni “BI Group” şirkəti hazırlayaraq həyata
keçirib. Tikintidə qabaqcıl texnologiyalardan və
şirkətin illər ərzində qazandığı təcrübədən
istifadə olunub. Şirkət müasir mühəndis həlləri
və təhsil obyektlərinin tikintisi nöqteyi-nəzərindən
yüksək səviyyəli peşəkar təcrübəyə
malikdir.
Qeyd edək ki,
yeni təhsil kompleksi üçün Kurmanqazı
adının seçilməsi də təsadüfi deyil.
Görkəmli musiqiçinin əfsanəvi əsərləri
bütün Türk dünyasının mirasına
çevrilib. Mərkəzin yaradılması Azərbaycan və
Qazaxıstan arasında ikitərəfli münasibətlərin
daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli
təhsilinə, regionda yaradıcılığın,
idmanın və elmin inkişafına töhfə vermək məqsədi
daşıyır.
x x x
Prezident
Kasım-Jomart Tokayev: Bu avtobus bizim hədiyyəmizdir.
Qazaxıstanın uşaqlara ərməğanıdır,
istifadə etmələri üçündür. Üzərində
“Balalar” yazılıb.
Prezident İlham Əliyev:
Sağ olun.
Qazaxıstan
nümayəndəsi: Qazaxıstanda yığılıb.
Prezident İlham Əliyev:
Çox sağ olun.
Prezident
Kasım-Jomart Tokayev: Çox şadam ki, Sizin xoşunuza gəldi.
Bu, bizim Azərbaycan xalqına səmimi hədiyyəmizdir.
Bilirəm ki, Azərbaycanın potensialı böyükdür
və Siz özünüz də bütün bunları edə
bilərsiniz, amma biz həmişə qardaşlıq hisslərimizi
ifadə etməliyik və belə maddi formada.
Tədbirin
iştirakçıları: Sizə təşəkkür
edirik.
Azərbaycan.-2024.-
13 mart, ¹ 56.- S.1;3.