Azərbaycan
və Qazaxıstan prezidentləri Şuşaya səfər
ediblər
Dostluq
və qardaşlığın əsil nümunəsi
Martın
12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart
Tokayev Şuşa şəhərinə səfər ediblər.
Dövlət
başçıları Azərbaycanın tanınmış
şəxsiyyətləri Natəvanın, Bülbülün
və Üzeyir Hacıbəylinin işğal dövründə
Şuşada ermənilər tərəfindən gülləbaran
edilmiş heykəllərinə baxdılar.
Bildirildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.
Prezident İlham Əliyevə və Prezident Kasım-Jomart Tokayevə Şuşanın Baş planı barədə məlumat verildi.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirdi ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.
Natəvan bulağı ilə tanışlıq zamanı qeyd olundu ki, Şuşa işğaldan azad edildikdən qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. İşğal dövründə suyu quruyan bulaq yenidən sakinlərin və şəhərin qonaqlarının istifadəsindədir.
Prezidentlər daha sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxdılar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına Mərkəz və sərgi barədə məlumat verdi.
Bildirildi ki, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra ötən il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır.
Qeyd edildi ki, “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.
Məlumat verildi ki, 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam–Xankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.
Sonra prezidentlər
Saatlı məscidində oldular. Məlumat verildi ki, məscid
1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin
layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq
abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəllər
Molla Pənah Vaqifin dərs dediyi bir-birinə bitişik mədrəsə
və məscid binaları olub. Şuşa şəhəri
işğal altında olduğu müddətdə digər məscidlər
kimi, Saatlı məscidi də ermənilər tərəfindən
dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə
Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə
başlanılıb və ötən ilin may ayında məscidin
açılışı olub.
Dövlət
başçıları daha sonra Bülbülün ev-muzeyində
oldular.
Muzey barədə
məlumat verən Polad Bülbüloğlu bildirdi ki,
Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında
keçmiş Şuşa Şəhər Xalq Deputatları
Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı
ilə Bülbülün doğulduğu və
yaşadığı evin muzeyə çevrilməsi barədə
qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir
olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati
bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ
müharibəsi zamanı erməni vandalizminə məruz
qalaraq fəaliyyətini dayandırıb. Şuşa
işğaldan azad olunduqdan sonra isə Bülbülün
ev-muzeyində də bərpa işləri aparılıb və
2021-ci il avqustun 29-da muzeyin açılışı olub.
Azərbaycan və
Qazaxıstan prezidentləri Cıdır düzündə də
oldular.
Ali qonağa məlumat
verildi ki, Cıdır düzü Şuşanın rəmzlərindən
biri, tarixən cıdır yarışlarının və
Qarabağ xanlığı dövründən yerli türk əhalinin
Novruz bayramını və digər el şənliklərini
keçirdiyi ərazidir.
Sonra dövlət
başçıları XIX əsrin ortalarında Qarabağ
memarlıq məktəbinə xas tərzdə inşa
edilmiş üç yaşayış binasından ibarət
“Yasəmən” otelində oldular.
Bildirildi ki,
Şuşa şəhərinin Köçərli
küçəsində yerləşən və işğal
zamanı dağıdılan həmin binalar Heydər Əliyev
Fondu tərəfindən bərpa edilərək otel kimi istifadəyə
verilib. Autentik üslubda bərpa edilən “Yasəmən”
otelinin eksteryeri və interyeri buraya gələnləri orta əsr
Şuşasına qaytarır. Otel “double”, “twin” və “junior”
otaqların olduğu iki korpusdan, restoran və bir neçə
terrasdan ibarətdir. Qonaqlar otelin həyətində
dövrünün üslubuna uyğun salınan
bağçada və terrasda dincələ, şəhərin
mənzərəsini seyr edə bilərlər. Terrasdan
Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə
gözəl mənzərə açılır. Otelin
interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir
element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da
qonaqlarda nostalji hisslər yaradır.
Mədəniyyət
paytaxtı Şuşa ilə tanışlıq ali qonaqda dərin
təəssürat doğurub.
Azərbaycan.-2024.-
13 mart, ¹ 56.- S.1;4.