Azərbaycan və
Qazaxıstan enerji sahəsində də birgə
addımlayır
Azərbaycanın və Qazaxıstanın karbohidrogen ehtiyatları ilə zəngin olması bu iki qardaş ölkəyə neft və qaz sektorunda da əməkdaşlığı genişləndirməyə imkan verir. İndi bu əməkdaşlıq getdikcə şaxələnir. Belə ki, "yaşıl enerji" potensialı böyük olan ölkələrimiz enerji keçidi dövründə yeni layihələrə imza atır və bu sahədə sıx əlaqələr yaradırlar.
Qazaxıstan bizim enerji layihələrimizi həmişə dəstəkləyib. Hələ 1999-cu ilin noyabr ayında İstanbul şəhərində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin marşrutunu müəyyənləşdirən sənədi Azərbaycan, Cürcüstan, Türkiyə, ABŞ prezidentləri ilə birgə Qazaxıstanın dövlət başçısı da imzalamışdı.
2005-ci ilin may ayında BTC-yə ilk neft vurularkən Səngəçal terminalında keçirilən tədbirdə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri ilə yanaşı, Qazaxıstanın dövlət başçısı da iştirak etmişdi. Bu kəmərə xeyli müddətdir Qazaxıstan nefti də vurulur.
Elə bu yaxınlarda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Qazaxıstana səfəri çərçivəsində həmin ölkənin energetika naziri Almasadam Satkaliyev ilə görüşü zamanı da enerji sahəsində əməkdaşlığın xüsusi rolu qeyd edilib. O cümlədən Qazaxıstan neftinin Azərbaycandan keçməklə çoxistiqamətli tranziti üzrə praktiki addımlar atılması, bu xüsusda BTC kəməri ilə illik 1,5 milyon ton neftin nəqli ilə bağlı razılaşmanın həyata keçirilməsi, tədarük həcminin tədricən artırılması istiqamətində SOCAR və "KazMunayQaz" arasında əməkdaşlıq yüksək qiymətləndirilib.
Enerji əlaqələrinin karbohidrogen sektoru ilə yanaşı, bərpaolunan enerji üzrə genişləndirilməsinin Hökumətlərarası Komissiyanın fəaliyyətində prioritet istiqamətlərdən olduğu bildirilib. Azərbaycanın və Qazaxıstanın energetika nazirlikləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsinin hazırlanması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bu günlərdə Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin və Qazaxıstanın "KazMunayQaz" Milli Şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyevin də görüşü olub. Azərbaycanla Qazaxıstan arasında əlaqələrin bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bu xüsusda SOCAR ilə "KazMunayQaz" arasında ötən il imzalanan yol xəritəsinin əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tərəflər qarşılıqlı səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirib, neftin emalı, tranziti, ticarəti sahələrinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Martın 11-də isə Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə SOCAR-la "KazMunayQaz" iki mühüm sənəd imzalayıblar. Bunlar Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında memorandum və Qazaxıstan neftinin ölkəmizin ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında sazişdir.
Təsadüfi deyil ki, bütün bu məsələlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə "Azərbaycan" qəzetinə müsahibəsində, eləcə də səfər zamanı keçirilən görüşlərdə və mətbuata verilən bəyanatlarda geniş yer alıb. O cümlədən əməkdaşlıqda prioritet olan sahələr sırasında Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı da qeyd edilib.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu, elektrik enerjisinin Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün də imkan yaradır.
Hələ keçən ilin noyabr ayında Bakıda, İqtisadiyyat Nazirliyində keçirilən üçtərəfli (Azərbaycan, Özbəkistan, Qazaxıstan) görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə olunmuşdu. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səylərini təqdir etmişlər. Nazirlər ölkələrin bərpaolunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildirmişlər və görüşün nəticəsi kimi birgə kommünike imzalanmışdı. Birgə Kommünikedə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, "yaşıl hidrogen" və "yaşıl ammonyak"ın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunmuşdur. Sənədə əsasən, tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəlmişlər.
Bu gün bütün sivil dünya iqtisadiyyatın dərindən karbonsuzlaşdırılması məqsədinə doğru irəliləyir və bu baxımdan Qazaxıstan da istisna deyil. Ölkə həmin sahədə öz qarşısında mühüm hədəflər qoyub və bu da onun "yaşıl enerji" potensialının böyük olması ilə bağlıdır. Söhbət ildə 1 milyard GVt/saat enerjidən gedir. Bununla əlaqədar olaraq, dünyanın tanınmış şirkətləri Qazaxıstanda investisiya yatırmağa böyük maraq göstərirlər. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycanda "yaşıl enerji" layihələrinə sərmayə qoyan Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" kimi aparıcı şirkətləri Qazaxıstanın bərpaolunan enerji layihələrinin həyata keçirilməsində də strateji rol oynayırlar.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Azərbaycan" qəzetinə müsahibəsində ölkələrimiz arasında "yaşıl enerji" əməkdaşlığının perspektivinə toxunaraq deyib: "Qazaxıstanın nəhəng bərpaolunan enerji potensialını nəzərə alaraq, biz Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının səylərini, enerji sistemlərinin davamlı qarşılıqlı əlaqəsi də daxil olmaqla, əlaqələndirmək və sinxronlaşdırmaq təşəbbüsünü alqışlayırıq. Ötən ilin noyabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın iqtisadiyyat və energetika nazirləri Qazaxıstan və Özbəkistandan Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərini müzakirə ediblər. Həmçinin "yaşıl energetika" sahəsində layihələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün yekununda ölkələrimiz Avropaya elektrik enerjisi ixracı üzrə birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasının hazırlanması barədə razılığa gəliblər. Beləliklə, Qara dəniz və Xəzərdə həyata keçirilən layihələr tezliklə birləşəcək ki, bu da ölkələrimizin elektrik enerjisi təchizatçısı kimi mövqelərini gücləndirəcək".
Flora SADIQLI,
Azərbaycan.-2024.-
13 mart, ¹ 56.- S.1;6.