Münasibətlərdə yeni keyfiyyət mərhələsi başlayır

 

 

Azərbaycan-Qazaxıstan əlaqələri böyük coğrafiyada əməkdaşlıq sisteminin qurulmasını şərtləndirir

 

 

 

"Azərbaycan-Qazaxıstan münasibətləri öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bunu şərtləndirən bir sıra amillər var. Birincisi, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən və bütün əraziləri boyunca suverenliyini təmin etdikdən sonra tam yeni obrazda beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində iştirak edir. Bu, Azərbaycan-Qazaxıstan münasibətlərində də özünü göstərir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, digər amillərdən biri eyni soy-kökə, mədəni dəyərlərə, oxşar tarixə malik olmaqla Azərbaycan-qazax xalqları öz aralarındakı münasibətləri daha dinamik və səmərəli inkişaf etdirmək imkanlarına malikdirlər.

Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev son illərdə xarici siyasətin Orta Asiya vektoruna daha çox diqqət ayırır. Bunun da böyük strateji əhəmiyyəti var, çünki Cənubi Qafqaz ilə Orta Asiya və Avropa arasında qitələrarası kommunikasiyanın təmin olunmasında, müvafiq olaraq iqtisadi əməkdaşlığın inkişafında bu, təsirli rola malikdir. Azərbaycan Cənubi Qafqazın lokomativ dövlətidir. Qazaxıstan da Orta Asiyada kifayət qədər böyük resurslara malikdir. Ona görə də iki dövlətin münasibətləri regionlararası əlaqələri və iqtisadi əməkdaşlıq səviyyəsini müəyyən edən amil kimi qiymətləndirilməlidir.

Deputat qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətlərində iqtisadi əməkdaşlıqdakı dinamizm hər iki tərəf arasında əlaqələrin əhəmiyyətli olduğunu aydın şəkildə göstərir. "Bunun üçün hər iki dövlət bütün səylərini səfərbər edib. Bunun nəticəsi artıq göz önündədir. Belə ki, 2020-ci ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi təxminən 109 milyon dollar təşkil edirdisə, bu gün 520 milyon dolları ötüb. Bu göstəricinin yüksələcəyi haqqında nikbin proqnozlar vermək mümkündür. Bundan başqa, Qazaxıstan sərmayəli şirkətlər Azərbaycanda kifayət qədər fəallıq nümayiş etdirirlər. Azərbaycan şirkətləri də Qazaxıstana investisiyalar yönləndirirlər. Demək olar ki, həyat fəaliyyətinin bütün sahələri üzrə iki ölkə arasında əməkdaşlıq mövcuddur. Sözsüz ki, yeni əməkdaşlıq imkanları hər zaman var və həm Azərbaycan, həm də Qazaxıstan mövcud imkanları genişləndirməklə yanaşı, yeni sahələrin tapılmasında maraqlıdırlar", - deyə o əlavə edib.

Qazaxıstanın xüsusilə energetika, nəqliyyat-logistika sahəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyən E.Mirbəşiroğlu bildirib ki, bu ölkənin xam nefti Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə Avropa bazarlarına çatdırılır. Yaxın gələcəkdə Bakı-Supsa neft kəməri vasitəsilə də neftin nəqli nəzərdə tutulur ki, bu istiqamətdə də müzakirələr aparılır. Qazaxıstan tərəfinin hər zaman mövqeyi odur ki, Azərbaycan unikal nəqliyyat-logistika imkanlarına və iki dövlət bu sahədə tərəflərin maraqlarına cavab verən, olduqca səmərəli əməkdaşlıq imkanlarına malikdirlər. Azərbaycan və Qazaxıstan Trans-Xəzər nəqliyyat dəhlizinin tam işlək vəziyyətdə olmasında qərarlıdırlar. Tərəflər öz ərazilərində bu dəhlizin vacib seqmentlərinin yaradılması istiqamətində ciddi işlər görüblər və bunu davam etdirirlər. Zəngəzur dəhlizi açılan zaman bu yol həm Trans-Xəzər, həm "Şimal-Cənub" marşrutlarının, həm də tarixi İpək yolunun olduqca strateji əhəmiyyətli seqmentinə çevriləcək. Göründüyü kimi, iki ölkənin əlaqələri böyük coğrafiyada əməkdaşlıq sisteminin qurulmasını şərtləndirir. Bu da geosiyasi vəziyyətə çox ciddi təsir göstərəcək, çünki bu gün dövlətlərin qarşısında duran əsas çağırışlardan biri də təhlükəsizliklə bağlıdır.

Azərbaycan-Qazaxıstan əməkdaşlığının yeni istiqamətinin müdafiə və təhlükəsizlik sahəsi olduğunu bildirən deputat xatırladıb ki, Prezident İlham Əliyev Qazaxıstanda səfərdə olarkən əsas müzakirə predmetlərindən biri məhz bu məsələlərlə bağlı olub: "Dövlət başçımız Türk Dövlətləri Təşkilatı çərçivəsində də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdı. Azərbaycan Qazaxıstanla birgə türkdilli dövlətlərin olduğu 6 təşkilata üzvdür. Bu platformalar çərçivəsində ölkələrimiz qarşılıqlı anlayış şəraitində, bir-birlərinin maraqlarına həssaslıqla yanaşaraq səmərəli əməkdaşlığı davam etdirirlər. Bu, Azərbaycan-Qazaxıstan münasibətlərinin xarakterini göstərən vacib göstəricilərdəndir.

Bu, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə sayca ikinci səfəridir. Birinci səfəri zamanı Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin təməli qoyulmuşdu, bu səfər çərçivəsində isə açılışı oldu. Tokayevin ilk səfəri zamanı Azərbaycanla Qazaxıstan arasında 40 sənəd imzalanmışdı ki, bunlar müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafını nəzərdə tuturdu. Bu dəfə də mühüm sazişlər imzalandı".

E.Mirbəşiroğlu vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıqla bağlı 150-dən artıq sənəd imzalanıb. Bu da onu göstərir ki, iki ölkə arasında əlaqələr olduqca dinamik inkişaf edir. 

Deputat hesab edir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri iki dövlət arasında münasibətlərin yeni keyfiyyət mərhələsini yaradacaq. Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq xarakterini getdikcə müttəfiqlik xarakterinə dəyişəcək. Bu baxımdan iki ölkənin səmərəli əməkdaşlığı, yerləşdikləri strateji əhəmiyyətli coğrafiyalar həm geosiyasi vəziyyətə, həm iqtisadi inkişafa, həm də təhlükəsizlik mühitinə ciddi təsir edən faktorlardır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 13 mart, № 56.- S.1;6.