“Euronews”: Azərbaycanda
energetika sahəsində
qarşılıqlı əməkdaşlıq
və yaşıl enerjiyə keçid müzakirə edilib
Məşhur
“Euronews” telekanalı Bakıda keçirilən Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində
nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 2-ci
iclaslarından geniş reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda
Azərbaycanın Şərqi
Avropa ilə Qərbi Asiyanın qovuşduğu məkan olduğu vurğulanır.
Qeyd edilir ki, ölkə əhalisinin sayı 10 milyondan çoxdur. Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngin ölkədir.
Reportajın müəllifi
Ceyn Uizerspun bildirib ki, bu
günlərdə Bakıda
Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu və
Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclasları
keçirilib. İclaslarda
dəhlizin genişləndirilməsi,
Aİ və qonşu ölkələr üçün
mühüm qaz təchizatının şaxələndirilməsi
marşrutu ilə bağlı müzakirələr
aparılıb.
Reportajda Prezident
İlham Əliyevin iclasdakı çıxışından
sitat gətirilir: “Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların
ətraf mühitin müdafiəsi, yaşıl
enerjiyə keçid məsələlərini necə
həll etdikləri baxımından qiymətləndirilməlidir”.
Dövlətimizin başçısı
bildirib ki, Azərbaycan maliyyə imkanları ilə dəstək göstərmələri
üçün aparıcı
beynəlxalq maliyyə
institutlarını dəvət
edərək, ölkələr
arasında, şirkətlər
arasında bu əməkdaşlığı qurmağa başladı və uzunluğu 3500 kilometr olan kəmər
artıq reallıqdır.
Reportajda qeyd edilir ki, ötən
il Azərbaycan qaz ixracının həcmini 9 faiz artıraraq 22 milyard kubmetrə çatdırıb.
Hazırda Azərbaycan
qazının Avropada əsas alıcıları
İtaliya, Yunanıstan,
Rumıniya, Macarıstan
və Bolqarıstandır.
Avropa İttifaqının
energetika məsələləri
üzrə komissarı
Kadri Simsonun sözlərinə görə,
Aİ-də əlavə
həcmdə təbii
qaz əldə etməyə hazır olan çox sayda yeni tərəfdaş
ölkələr var.
Lakin bunun üçün bir neçə onillik tələb olunur: “İndi biz, həmçinin gələcəyə
yönəlmiş əməkdaşlıq
qurmaq istəyirik”.
Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu və
Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclaslarında
qarşılıqlı əməkdaşlıq
və yaşıl enerjiyə keçid də müzakirə edilib. Prezident İlham Əliyev “Euronews”
televiziyasına bu barədə danışarkən
deyib: “Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına
görə etmirik, ona görə edirik ki, neft-qaz
satışından əldə
etdiyimiz maliyyədən,
gəlirlərdən bərpaolunan
enerjiyə sərmayə
yatırmaq üçün
istifadə etməklə
töhfə vermək
və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”.
Avropa İttifaqı
da bu yanaşmanı
dəstəkləyir. Avropa
İttifaqının energetika
məsələləri üzrə
komissarı Kadri Simson bildirib ki, bir neçə
il bundan əvvəl Avropa İttifaqı metan emissiyaları ilə bağlı qlobal təşəbbüs irəli
sürdü: “Bu, məhz neft-qaz sənayesində ikinci ən güclü istixana qazı olan metan emissiyalarının
azaldılması məqsədi
daşıyır. Azərbaycan
ötən COP-da bu təşəbbüsə
qoşuldu. Bu onu göstərir ki, onlar məsuliyyətli
şəkildə davranırlar.
Bundan əlavə, bütün bu dənizdə yataqların
işlənməsi planları
ilə birlikdə onlar daxili elektrik
enerjisi istehsalını
əvəz edə bilərlər”.
Reportajda bildirilib
ki, Xəzər dənizində külək
enerjisi stansiyalarının
istifadəsi yaşıl
enerjiyə keçiddə
həlledici rol oynayacaq.
“Windeurope” Assosiasiyasının
baş icraçı
direktoru Cayls Diksonun fikrincə, enerji transsərhəd məsələsidir. “Elə
Azərbaycanı götürək.
Onlar Xəzər dənizində çox sayda külək enerjisi stansiyası inşa etmək istəyirlər. Onlar bu enerjini özləri
istehlak etməyəcəklər.
Onlar onu Qafqazdan keçərək
Qara dənizin dibi ilə Avropaya
çəkiləcək yeni
elektrik kabeli vasitəsilə nəql edəcəklər. Bu, beynəlxalq əməkdaşlıqdır.
Bu işləri yalnız hökumətlər
bir araya gələndə etmək
mümkündür və
onlar bunu inşa etməyə hazırlaşan sənaye ilə bir araya
gəlirlər, - deyə
C.Dikson əlavə edib.
Azərbaycan Dövlət
Neft Şirkəti –
SOCAR artıq az karbonlu həllərin və karbonsuzlaşdırma
texnologiyalarının sürətləndirilməsi
üzrə strategiyalar
həyata keçirir.
SOCAR-ın vitse-prezidenti
Əfqan İsayev bu barədə danışarkən deyib:
“Biz hamımız başa düşürük
ki, neft-qaz sənayesi bizi çox mühüm, dayanıqlı şəkildə
etibarlı enerji ilə təmin etməyə davam edəcək və daha təmiz enerji mənbələrinə
keçiddə bizə
kömək edəcək.
Bilirsiniz ki, 2026-cı
ildən başlayaraq karbon tənzimləmə mexanizmi çərçivəsində
Avropa İttifaqında
ixracatçılar və
ya idxalçılar cərimələnəcəklər. Gübrələr baxımından
da həmçinin. Ona görə də, biz gübrə
istehsalımızın da
karbonsuzlaşdırılması imkanlarını araşdırmaq
istərdik”.
Bildirilib ki, Azərbaycanın bu il COP29-a ev sahibliyi
etməyə hazırlaşdığı
bir vaxtda Prezident Əliyev iqlim dəyişikliyinin daha geniş fəsadları barədə
də danışıb.
“Biz iqlim dəyişikliyinin fəsadlarını,
təhlükəli fəsadlarını
görürük, çaylarımızda
su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət
çəkəcəyik. Azərbaycanın
bərpaolunan enerji layihələri gündəliyi
çox iddialıdır”,
- deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Reportajın müəllifi
Ceyn Uizerspun sonda vurğulayıb ki, bu, həqiqətən
də Azərbaycan və daha geniş
qlobal enerji sənayesi üçün
iddialı bir plandır.
Azərbaycan.-2024.-
13 mart, № 55.- S.7.