Fransa Cənubi Qafqazda dalana dirənib

 

 

Nə irəli getməyə yolu var, nə də geri dönməyə üzü

 

 

 

Makronun hakimiyyəti Fransanın xarici siyasəti üçün əsl faciəyə çevrilib. Fransız ordusu Mali və Nigeriyadan çıxır, Makronun telefon zənglərinə cavab verənlərin sayı azalır, Ankaradan Əlcəzairə qədər uzun məsafədə Parislə islam dünyası arasında münaqişə yetişir. Alman kansleri isə Makronla heç nədə razı olmadığını bildirir. Mərakeşdə də heç kim fransızlara sevinmir. Üstəlik Əlcəzairin özəl məktəblərində fransız dilinin tədrisinə qadağa qoyulub.

Kağız üzərində Fransanın gücü olsa da, reallıqda bu ölkənin heç bir qüvvəsi yoxdur. Makronun səhvləri qalaqlandıqca Fransa daha çox  çökür. Bir sözlə, Makron III Napoleon kimi Fransanı məhvə aparır. İş o yerə çatıb ki, Makron artıq hansı ölkənin  prezidenti olduğunu da unudub, fransız iqtisadiyyatını başlı-başına buraxıb, təhlükəli xarici avantüralara baş qoşur.

Daxili siyasətində intriqalara və əsassız qeybətlərə qol-qanad verən bu adam durmadan kadrları və nazirləri dəyişir. Nəticədə inkişaf əvəzinə inflyasiya güclənir, sosial gərginliklər artır. Son nəticədə bütün zərbələr sıravi fransızlara dəyir. Bunlar azmış kimi, Makron güclü iş qabiliyyəti olan komanda yaratmaqda acizdir, həm də  aydın dərk edilən fəaliyyət proqramını tərtib etmək iqtidarında deyil. Gülməli odur ki, bütün bunlara baxmayaraq, o, beynəlxalq siyasəti "sahmana salmağa" cumub.

Fransa Prezidentinin Avropa siyasi arenasındakı "uğurlar"ı da rəğbət doğurmur. Əksinə, onun siyasi səhvləri Avropada digərlərinə əlavə üstünlüklər verir. Fransanın iqtisadi çətinliklərinin fonunda Makron Rusiya-Ukrayna müharibəsinə Fransa ordusu ilə qoşulmaq təşəbbüsü irəli sürür.

Bu da hələ onun avantürasının hamısı deyil. Makron Ermənistana da "yardım əli"ni uzadaraq onu silahlarla təchiz etməyə başlayıb. Hələ üstəlik, öhdəsinə götürüb ki, gələcəkdə faydalı əməkdaşlığa üstünlük verəcək.

Amma Ermənistan aldığı silahlarla Azərbaycana qalib gələ biləcəkmi? Çətin ki, bu, mümkün olsun. Əgər Ermənistanla Azərbaycan-Türkiyə tandemi yeni mərhələyə adlayarsa, ermənilərin hərbi maşınları şübhəsiz ki, darmadağın ediləcək. Fransa isə mənasız xərclərdən savayı heç nə əldə edə bilməyəcək, əksinə, nüfuzunu bir az da itirəcək, daxili gərginliklərin fonunda aciz qalacaq. Bacaracağı maksimum o ola bilər ki, Paşinyanın hakimiyyətini yıxıb əvəzinə revanşistləri gətirsin və Rusiya ilə aramsız qanlı çaxnaşmalar yaratsın. Əlbəttə ki, belə halda fransız liderinin təşəbbüslərinin böyük əksəriyyəti məhv olacaq.

Bütün bunlar isə belə qənaətə gəlməyə imkan verir ki, Parisin xarici siyasəti mükəmməllikdən əziyyət çəkir və qüsurlu olduğu üçün xaotik addımlar ona uğur gətirmir. Analitiklər fransız "lideri"nin siyasi portretini III Napoleonla müqayisə edərək belə qərara gəlirlər ki, Makron da onun kimi real xarici siyasi təhlükələri nəzərə almaq iqtidarında deyil. Ümumiyyətlə, Fransada heç kim Makrondan razı deyil. Lyük de Baron yazır ki, Makron analitik səhvlərdən, davamsız qarışıq addımlardan və anlaşılmazlıqlardan əziyyət çəkir. Qısa desək, bütün sahələrdə onun səriştəsizliyi və bacarıqsızlığı hiss olunur.

Fransızların yeni prezident seçilənəcən Makronun bu siyasətinə dözəcəklərini demək çətindir. Bu gün xirtdəyə qədər vergilərlə yüklənən fransızlar elə də səbrli xalq deyil. Nə isə, öz işləridir. İndi isə aydın görünən odur ki, Fransa getdikcə dünyada öz mövqeyini itirir. Artıq bir çoxu üçün o, dördüncü dərəcəli ölkəyə çevrilmişdir. Analitiklər belə hesab edirlər ki, Makron ardıcıl olmadığına görə səhvlərindən əziyyət çəkir. Sadə dillə desək, onun bütün fəaliyyətində qeyri-peşəkarlıq hiss olunur. Qafqazda "cəngavər" kimi görünmək istəyən bu adam artıq süvari yox, piyadadır. Hərçənd Makron hələ də elə fikirləşir ki, Fransa dünya düzənində çox şeyə qadirdir. Reallıqda isə bu dövlət xarici siyasətdə ardıcıl məğlubiyyətlərə düçar olur. Onu Sakit okeandakı "böyük oyun"dan bir qədər sərt tərzdə araladılar, onun "Afrika bostanı"nı isə indi başqaları "əkib-becərir", Avropa İttifaqı və NATO da ondan bir o qədər məmnun deyil.

O ki qaldı Fransanın Ermənistana "böyük bacı"lıq etməsinə, Paris unudub ki, Ermənstan Moskvadan çox asılıdır, onu onun əlindən almaq çətin işdir. Başqa sözlə desək, Fransa Cənubi Qafqazda dalana dirənib, nə irəli getməyə yolu var, nə də geri dönməyə üzü.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2024.- 13 mart, № 56.- S.8.