Fransa beynəlxalq
hüququn normalarını riyakar maraqlarına görə
tapdalayır
"Bu gün Fransa beynəlxalq hüququn norma və prinsiplərini və bütövlükdə ümumbəşəri dəyərləri riyakar maraqlarının qurbanına çevirib. Afrikadan qovulan Fransa Cənubi Qafqazda möhkəmlənməkdən ötrü revanşist təfəkkürdən qurtulmamış ermənilərdən çirkin planlarını reallaşdırmaq üçün alət kimi istifadə edir. Görünən odur ki, Paris Azərbaycanın hərbi imkanlarının fərqində deyil və ordumuzun Ermənistanın 30 il ərzində qurduğu istehkamları cəmi 44 gün ərzində yerlə yeksan etdiyini unudub".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat bildirib ki, Fransa Ermənistanı silahlandırmaqla həm də Rusiya ilə döyüşməyi təklif edir: "Belə olan halda sual yaranır ki, Fransanın nə qədər böyük qüvvəsi var ki, bu qədər geniş bir zolaqda Ermənistanı dəstəkləyəcək addımlar ata bilsin?! Bundan başqa, Parisin nə qədər silah-sursatı var?! Ermənistana hansı silahlarını göndərəcək?" İrəvanın Parislə bu istiqamətdə əməkdaşlığına gəlincə isə, bu, əslində, bizim xeyrimizədir. Nəzərə almaq lazımdır ki, bu fakt Ermənistanın Fransa əleyhinə olan digər ölkələrlə də münasibətlərini korlamağa gətirib çıxarır. Bu da mövcud gedişatda bizə daha çox sərf edir".
Deputatın dediyinə görə, bütün hallarda Ermənistanın cəhdləri əbəsdir: "İrəvan birbaşa Azərbaycanla normal münasibət qurmağa çalışmalı və problemlərin həlli istiqamətində addımlar atmalıdır. Əks halda, Ermənistanın gələcəyi sual altındadır, ciddi təhlükə ilə üz-üzə qala bilər. Azərbaycan çevrəsində hansısa təcavüzkar bir qonşunun olmasına indi olduğu kimi səbr göstərməyəcək. Çünki bizə sülh və əmin-amanlıq lazımdır və bölgədə sülhü təhdid edən hər hansı bir qüvvənin varlığı bizim üçün müəyyən problemlər yarada bilir. Ona görə də Ermənistan bunu düşünməli və sülhsevər siyasətə üz tutmalıdır".
Fazil Mustafa onu da bildirib ki, Fransa vaxtilə olduğu kimi, yenə də ermənilərdən istifadə etməklə "səlib yürüşü"nə başlayıb: "Əvvəlki ilə müqayisədə əsas fərq ondan ibarətdir ki, yeni "səlib yürüşü" Yaxın Şərqə deyil, Qafqaza yönəlib. Fransada geniş vüsət alan islamofobiya və türkofobiya xüsusilə son dövrlər özünü daha kəskin göstərir. Bu, Fransada erməni lobbisi və diasporunun gündən-günə güclənməsi ilə bağlıdır. Görünür, yarıtmaz Makron hökuməti üçün erməni lobbisinin sözü ilə oturub-durmaq ənənəyə çevrilib".
Deputat yekunda qeyd edib ki, Fransanın qərəzli
davranışlarının əsas səbəblərindən
biri Azərbaycanın Vətən müharibəsində və
ötən il sentyabrın 19-20-də keçirilən
antiterror tədbirlərində qələbə qazanması ilə
bağlıdır: "Paris Azərbaycanın müstəqil
xarici siyasət yürütməsini həzm edə bilmir, nə
addım atacağımızla bağlı Fransa ilə məsləhətləşməyimizi
istəyir. Xam xəyallara qapılan Fransanın qərəzinin
arxasında başqa səbəblər də var. Misal
üçün, Fransanın Afrikadakı mövqeyini itirməsi
də bu səbəblər arasındadır. Fransanın
müstəmləkələrində davam edən etiraz
aksiyaları Makron hökumətini məcbur edir ki, onlar Şərqi
Avropada, Yaxın Şərqdə və Cənubi Qafqazda
möhkəmlənmək üçün ciddi siyasi gedişlər
etsinlər. Bu mənada
Ermənistandan sui-istifadə etmək Paris üçün ən
optimal variantdır".
Nəzrin
QAFARZADƏ,
Azərbaycan.-2024.-
13 mart, № 56.- S.8.