Ermənistan sülh prosesinin qarşısını almaq üçün separatizmə dəstək verir

 

 

Qondarma rejimi dirçəltmək cəhdi İrəvana yaxşı heç nə vəd etmir

 

 

 

Azərbaycanın parlaq qələbəsi ilə bitən Vətən müharibəsindən sonra imzalanan 10 noyabr üçtərəfli Bəyanatında kapitulyant Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarması ilə bağlı idi.

Ancaq 44 günlük müharibədən ötən müddətdə İrəvan Fransanın başçılıq etdiyi bəzi qərəzli Qərb dairələrinin dəstəyi ilə bu öhdəliyini yerinə yetirməkdən müxtəlif riyakar yollarla yayınırdı. Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını yüksək tribunalarda, sülh istiqamətində keçirilən üçtərəfli görüşlərdə etiraf etməsinə baxmayaraq, davamlı şəkildə ölkəmizə qarşı siyasi, hərbi təxribatlar törədirdi.  Qərbdəki ağalarına güvənən Nikol Paşinyanın ötən ilin sentyabrında Qarabağda qondarma "prezident seçkiləri"nə dəstək göstərməsi isə Bakının səbrini daşıran son damla oldu.

Azərbaycan 2023-cü ilin sentyabrında apardığı cəmi 23 saatlıq antiterror tədbirləri nəticəsində bütün ərazilərində suverenliyini tam bərpa etdi. Bununla həm də 200 illik erməni separatizminə son qoyaraq, Qarabağdakı quldur yuvasını dağıtdı, "dəmir yumruq"la qondarma rejimi gedər-gəlməzə yolladı. Azərbaycan xalqının qanına susayan separatçı ünsürlər isə qandallanaraq Bakıya gətirildi və ədalət mühakiməsinə çıxarıldı.

 

 

 

Ermənistanda qondarma rejimə şərait yaradılır

 

 

 

Lakin görünür, Paşinyan bütün bu baş verənləri, İkinci Qarabağ müharibəsində kapitulyasiya aktına imza atmasını, 23 saatlıq antiterror tədbirləri zamanı xuntaçıların ağ bayraq qaldıraraq yalvardıqlarını yadından çıxarıb. Belə olmasaydı, riyakar baş nazir hazırda açıq şəkildə separatizmə dəstək verməzdi.  

Belə ki, Azərbaycanın 2023-cü ilin sentyabrında apardığı 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı rejimin ləğvi elan olunsa da, hazırda Ermənistanda separatçıların təşkilatlanması və fəallaşması, necə deyərlər, yenidən baş qaldırması müşahidə olunur. Məsələn, 20 fevralda Qarabağda separatçı hərəkatın başlamasının ildönümü günü "Artsax" "rəhbərləri"nin yenidən üzə çıxması, Ermənistanın mətbuatında yayılan məlumatlara əsasən, keçmiş separatçı rejimin "nümayəndələri"nin gizli olaraq Ermənistan parlamentinin fraksiyaları və siyasətçilərlə çoxsaylı görüşlər keçirməsi və sair faktlar buna əyani nümunədir. O cümlədən Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaları da buna sübutlardır. Hətta separatçıların fəaliyyət dairəsini genişləndirərək Qərb təmsilçiləri ilə də görüşlərə can atmaları hayların xəbis niyyətlərinin bir başqa təzahürüdür.

Bir sözlə, İrəvanın və başda Fransa olmaqla qərəzli Qərb ölkə və təşkilatlarının dəstəyi ilə qondarma rejim Ermənistanda baş qaldırır. Lakin Paşinyanın Ermənistanda separatizmə yaratdığı bu münbit şəraitin İrəvanın özünü məhvə sürükləyəcəyi  şübhəsizdir.

 

 

 

"Dəmir yumruğ"u unutmasınlar

 

 

 

Baş verən proseslər Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası güddüyünü, beynəlxalq hüququ heçə saydığını açıq göstərir. Paşinyanın min bir fitnə fəsadla sülhdən yayınmasının da əsl səbəbi budur. Makron hökumətinin İrəvana siyasi dəstək verməsi, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi korrupsiya yuvasına çevrilmiş qurumlar vasitəsilə Azərbaycana qarşı təzyiqlər göstərməyə çalışması Paşinyan hökumətini özləri üçün acı nəticələrə gətirib çıxaracaq ağılsız addımlar atmağa cürətləndirir. Təkcə bir misal çəkək: İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun 10 mindən çox fərarisinin olduğunu unudan Ermənistanın baş naziri Fransanın verdiyi köhnə-külüş silah-sursatlara güvənərək, nəinki Cənubi Qafqazın, eləcə də dünyanın ən güclü orduları sırasında ilk pillələrdə qərar tutan Azərbaycan Ordusu ilə savaşmaq kimi sayıqlamalar edir.

Ancaq Paşinyan da, havadarları da bilməlidirlər ki, "dəmir yumruq" yerindədir və istənilən an revanş hisslərinə qapılanların başına endirilə bilər.

Eyni zamanda Qərb ağalarının qızışdırması ilə Ermənistanda separatizmə açıq dəstək verən Paşinyan hökuməti bu gerçəyi də göz önünə gətirməlidir ki, bu halda Azərbaycan dövləti Qərbi Azərbaycanı bəyan edə bilər.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 13 mart, № 56.- S.8.