Fransanı regionda möhkəmləndirmək cəhdləri Ermənistanı fəlakətə sürükləyir

 

 

"Tarixin zibilliyinə atılmış qondarma separatçı rejimin Ermənistanda yenidən baş qaldırması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyəti həmin rejimin dirçəlməsi üçün bütün imkanlardan istifadə edir. Bununla da gələcəkdə geosiyasi şəraitin dəyişəcəyinə ümid bəsləyir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat söyləyib ki, separatçıların istəkləri Paşinyan hökumətinin imkanları ilə üst-üstə düşmür. Ermənistan bütün ölçülər baxımından Azərbaycandan dəfələrlə geridə olduğuna görə, xəyallarını heç vaxt gerçəkləşdirə bilməz.

"Paşinyan hökumətinin artıq mövcud olmayan bir qondarma qurumun dirçəlməsindən ötrü separatçıların Qərb təmsilçiləri ilə görüşlərinə şərait yaratması Azərbaycana təzyiq məqsədi güdür. Bunda Fransanın təsirini görməmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanın qazandığı zəfər təkcə Ermənistanın, dünya erməniliyinin deyil, bütün ermənipərəst dairələr və dövlətlər üzərində qazanılmış qələbədir. Bunu isə Qərbdə bəzi dairələr, xüsusən də Fransa həzm edə bilmirlər", - deyə müsahibimiz bildirib.

Deputat vurğulayıb ki, Ermənistanın iki stulda oturmağa çalışması, müstəqil olmaması və maraqlarının harada daha yaxşı təmin olunduğunu bilməməsi ermənilərin dərketmə problemidir: "İrəvan maraqlarını təmin etmək, eləcə də iqtisadi və siyasi tərəqqiyə nail olmaq üçün qonşularla dil tapıb yola getməlidir. Kənardan üçüncü dövləti regiona gətirmək, münasibətləri gərginləşdirmək yaxşı heç nə vəd etmir. Fransanı Cənubi Qafqazda möhkəmləndirmək cəhdləri Ermənistanı fəlakətə sürükləyir. Bu həm region, həm də regiona bitişik dövlətlərin maraqlarına ziddir".

Musa Qasımlı Ermənistanın odla oynadığını qeyd edib. Bildirib ki, Paşinyan hökuməti həm 44 günlük Vətən müharibəsində, həm də lokal xarakterli antiterror tədbirlərində Azərbaycana edilən heç bir təzyiqin nəticə vermədiyini başa düşməlidir: "Azərbaycan haqlı məsələsini özü həll etdi. Ona görə də Ermənistan əgər gələcəyini yaxşı görmək istəyirsə, Azərbaycanla münasibətləri normallaşdırmağa çalışmalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməli, sülh sazişini imzalamalıdır. Onlar yalnız bundan sonra inkişafa çata bilərlər. Ümumiyyətlə, Ermənistan müstəqil siyasət yürüdəcəyi halda daha çox qazanar, Azərbaycanın imkanlarından faydalana bilər. Qarşıdurma mühiti Ermənistana yaxşı heç nə vəd etmir".

Azərbaycanın 2020-ci ildəkindən daha güclü, ordusunun daha qüdrətli, döyüş ruhunun kifayət qədər yüksək olduğunu vurğulayan Musa Qasımlı əlavə edib: "Ermənistan bu vəziyyəti gerçək qiymətləndirməlidir. Başa düşməlidir ki, İrəvan  hər hansı bir iddia ortaya atacağı halda, biz də Qərbi Azərbaycan məsələsini qaldırar, doğma yurdlarından qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtmasını tələb edər və təzminat məsələsini irəli sürərik. Ona görə də azərbaycanlıları indiki Ermənistandan zorla deportasiya edən, soyqırımı siyasətini həyata keçirən ermənilər bütün iddialardan əl çəkməlidirlər. Mehriban qonşuluq ən yaxşı yoldur. Əgər Ermənistan hakimiyyəti xalqına yaxşı güzəran bəxş etmək istəyirsə, Azərbaycanla münasibətlərini normallaşdırmalıdır, əks təqdirdə uduzan Ermənistan olacaq".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 13 mart, № 56.- S.9.