Qərb islam dünyasını zəiflətmək üçün bütün imkanlardan istifadə edir

 

 

"Fransa başda olmaqla, Avropa dövlətlərinin əksəriyyəti guya islamdan qorxur. Onlar üçün sanki islam problemdir, azad ruhlarını əllərindən alır. Qərb bu və digər  şüarlarla uzun illərdir islama qarşı təbliğat aparır. Onlar islam dünyasını zəiflətmək üçün bütün imkanlarından istifadə edirlər".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat bildirib ki, Bakıda keçirilmiş "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransda islam ölkələrinin nümayəndələrinin iştirakı və hər birinin çıxışı Qərbin islama münasibətini bir daha göstərdi: "Əslində, Avropa islama düşməndir. İslam dünyanın sonuncu dini olmaqla yanaşı, ən mütərəqqi dindir və insanın insan kimi fəaliyyəti, hüquqlarının qorunması, azad istəklərinin reallaşdırılması üçün bütün xalqlara bərabərlik verir. Sual oluna bilər ki, dünyanın hansı ölkəsində din adamları bir-birinin yanında olur? Təbii ki, Azərbaycanda. Ölkəmizin şeyxülislamı da, müftisi də, provoslavı da, katoliki də, yəhudisi də tədbirlərdə bir yerdədirlər. Dünya bunu görür, amma qəbul etmək istəmir".

A.İsgəndərovun fikrincə, islamla bağlı elə sözlər uydurulur ki, bunun doğru olmadığını Qərb özü də yaxşı bilir: "Tarix boyu heç bir müsəlman din adamı müharibəyə çağırış etməyib. Amma bizə qonşu olan Ermənistanın erməni din xadimləri həmişə müharibə çağırışı edirlər. Ermənistanın baş naziri az qala hər həftə çıxışında deyir ki, Qarabağ Azərbaycan torpağıdır, amma ermənilərin katolikosu II Qaregin bu günə qədər o reallığı dilinə gətirməyib. Elə düşünür ki, o fikri söyləsə, dili tutular".

Deputat qeyd edib ki, Qərbin din xadimləri islamla bağlı mif yaradırlar. Bu, Avropaya görədir, bundan istifadə edirlər. Əslində, islam ölkəsi olaraq Qərbin bu əməllərini başa düşürük. Uzun illərdir Niderland, Fransa, Belçika kimi ölkələrdə islam dini ocaqları ilə bağlı nə qədər problemlər ortaya çıxır. İspaniyada islam dininə qarşı soyqırımı, vandalizmin izləri min il keçsə də, yaddan çıxmayacaq. Amma biz müsəlman ölkəsi olaraq dünyanın digər xalqlarına qarşı vandalizm hərəkətlərinə yol verməmişik. Bizim üçün məscid də, kilsə də, sinaqoq da Allahın evidir. Hamısına münasibətimiz eynidir, onları bir-birindən fərqləndirmirik.

Azərbaycanın nümunəvi tolerant ölkə olduğunu deyən A.İsgəndərov bildirib ki, Avropanın bizdən öyrənməyə ehtiyacı var. "Əgər bunu edərsə, qazanan onlar olacaq. Biz öz yolumuzla davam edirik. Bu yolda haqq, ədalət, halallıq var. Müqəddəs "Qurani-Kərim" cəmiyyətin yetişməsi, nümunəvi olması üçün özündə hər şeyi ehtiva edir. Biz də müqəddəs kitabdan nəticə çıxararaq dünyaya baxırıq", - deyə deputat əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 13 mart, № 56.- S.9.