Erməni siyasətçi: Ermənistanın “demokratikləşməsi” blefdir və Paşinyanın sponsorları bunu yaxşı bilirlər

 

 

Ermənistanın “demokratikləşməsi” blefdir və bunu ölkənin sadə vətəndaşları ilə yanaşı, Paşinyanın sponsorları da yaxşı bilirlər. Qərbin siyasi dairələri apardığı geosiyasi oyunlara görə Nikolun getdikcə seyrələn saçlarını sığallasalar da, onlar Ermənistandakı rejimin iç üzünü çox gözəl başa düşürlər.

AZƏRTAC erməni mediasına istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan söyləyib. O deyib: “Ermənistanda hakimiyyətə qulluq edən medianın “demokratiya” haqqında boş sözləri ilə yanaşı, beynəlxalq strukturlar da ölkəmizdəki vəziyyətlə bağlı hesabatlar tərtib edirlər. EIU institutunun “Democracy Index” hesabatını və İngiltərənin nüfuzlu “The Economist” nəşrinin analitik mərkəzinin məqaləsini misal çəkmək istəyirəm. Paşinyan hakimiyyətinin “demokratiya” haqqında sayıqlamalarına baxmayaraq, Ermənistan bu hesabatlarda “hibrid rejim” kateqoriyasına daxil edilib. Belə ki, ölkədə qanunun aliliyi çox zəif təmin edilir, korrupsiya isə gündən-günə “çiçəklənir”. Vətəndaş cəmiyyəti də olduqca zəifdir, məhkəmə hakimiyyəti müstəqil deyil, jurnalistlər təzyiq altındadır. Bu, Nikolun “demokratiyasının” real mənzərəsidir.

Erməni siyasətçi bildirib ki, Ermənistan bütün hesabatlarda iki pillə geriləyib. “Beynəlxalq təsisatlar qeyd edirlər ki, Paşinyana və onun hakimiyyətinə xalq dəstəyi tamamilə iflasa uğrayıb. Bunun nəticəsində indiki hökumət legitim sayıla bilməz. Ötən il Baydenin təşkil etdiyi demokratiya sammitində “demokratik dəyərlərdən” ağızdolusu danışan Nikol, artıq bu il səsini kəsib. İndi təkcə bir sual cavabsız qalır; şişmiş “demokratiya” şarı Paşinyanın, yoxsa erməni xalqının başında partlayacaq?”, -deyə Aşotyan vurğulayıb.

 

Azərbaycan.-2024.- 13 mart, ¹ 56.- S.9.