Qalib xalqın vətənpərvər gəncliyi

 

 

Nicat ƏLİYEV: "Soçidə keçirilən Ümumdünya Gənclər Festivalında Zəfərimizdən doğan böyük ruh yüksəkliyi ilə iştirak etdik"

 

 

 

2024-cü il 1-7 mart tarixlərində Rusiyanın "Sirius" Federal Ərazisində (Soçi yaxınlığında) Ümumdünya Gənclər Festivalı keçirilib. Dünyanın 188 ölkəsindən 300 mindən çox gəncin  müraciət etdiyi beynəlxalq tədbirdə Rusiya və xarici ölkələrin 18-35 yaşarası 20 min nümayəndəsi iştirak edib. Festivala biznes, media, beynəlxalq əməkdaşlıq, mədəniyyət, elm, təhsil, könüllülük və xeyriyyəçilik, idman, ictimai həyatın müxtəlif sahələrindən olan gənc liderlər qatılıb.

Ümumdünya Gənclər Festivalı tədbirləri həmrəylik, bərabərlik, ədalət, qarşılıqlı yardım, komanda işi və xeyirxahlıq kimi ümumi dəyərlər üzərində qurulub. Beynəlxalq tədbirdə iştirak edən 150-yə yaxın azərbaycanlı gəncdən biri də Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev olub.

"Dünya Gənclər Festivalı 2024"ün fərqli ölkələrdən olan gənclərin bir araya gəlməsi, onların şəbəkələşməsi, əlaqələrin qurulması, gücləndirilməsi istiqamətində mühüm platforma olduğunu deyən Nicat Əliyev söyləyir ki, istər müxtəlif yüksəksəviyyəli silsilə tədbirlərdə fəal iştirak, istərsə də ölkəmizlə bağlı həqiqətlərin dünyanın dörd bir tərəfindən gəlmiş gənclər vasitəsilə beynəlxalq arenaya çatdırılması baxımından Azərbaycan nümayəndə heyətinin Soçidə keçirilən festivalda iştirakının çox məhsuldar olduğunu deyə bilərik: "Ən ümdəsi gənclərimiz bu festivalda Zəfərimizdən doğan böyük ruh yüksəkliyi ilə çıxış etdilər. Biz orada Azərbaycanı qalib xalqın qalib gəncliyi kimi təmsil edir, tarixə, ədalətə, beynəlxalq hüquqa dayanan güclə haqq işimizi, ölkəmizi tanıdırıq".

 

 

"İlin Tələbə Gənclər Təşkilatı Sədri"

 

 

 

2004-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açan, əslən Qərbi Azərbaycandan olan Nicat Pərviz oğlu Əliyev 2021-ci ildə Azərbaycan Dillər Universitetinin Alman dili müəllimliyi ixtisasına qəbul olub. Təhsil ocağında sosial sahədə də aktiv fəaliyyətə başlayan Nicat Əliyev əvvəlcə universitetin Tələbə Gənclər Təşkilatının sədr müavini, 2023-cü ildən isə sədri olub. Bununla yanaşı "ASAN xidmət"də könüllü olaraq fəaliyyət göstərib. Hazırda isə o, Xarici İşlər Nazirliyində diplomatik könüllü kimi xidmət göstərir.

Qeyd edək ki, bu il Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu keçirilib. Forumda Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev "İlin Tələbə Gənclər Təşkilatı Sədri" nominasiyasına layiq görülüb.

 

 

 

Gənclər siyasəti dövlətimizin prioritetidir

 

 

 

Vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasəti sayəsində sağlam əqidəli, çağdaş düşüncəli, milli ruhlu Azərbaycan gəncliyinin  yetişdiyini deyən Nicat Əliyev bildirir ki, məhz həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclər cəmiyyətimizin ən aparıcı qüvvəsinə çevriliblər: "Ulu Öndərin 1997-ci ildə 2 Fevral - Gənclər Gününü təsis etməsi mühüm hadisə idi. Onu da xüsusi qeyd edim ki, hətta 12 Avqust - Dünya Gənclər Günü Azərbaycanda bu gün təsis olunandan bir neçə il sonra yaradılıb. Təbii ki, bu, gənclərimizin sosial fəallığı, onların maarifləndirilməsi istiqamətində öz töhfəsini verdi. Onlar üçün yaradılan hərtərəfli şəraitdən yararlanan gənclərimiz dünyaya çıxdılar, müxtəlif ölkələrin nüfuzlu universitetlərində təhsil aldılar, eyni zamanda xaricdə də təşkilatlanmağa, ölkəmizin milli maraqları uğrunda həmrəyliklə mübarizə aparmağa başladılar".

Prezident İlham Əliyevin şəxsi diqqəti sayəsində gənclər siyasətinin dövlətimizin prioriteti olduğunu söyləyən təşkilat sədri vurğulayır ki, dövlət qurumlarında könüllü ictimai fəaliyyət dünyanın heç bir ölkəsində yoxdur. Amma Azərbaycanda nəinki dövlət qurumlarında, ümumiyyətlə, bütün sahələrdə könüllülük  fəaliyyəti geniş vüsət alıb. Yəni könüllülük dövlət gənclər siyasətinin bir qoludur və bu, biz gənclər üçün böyük şansdır: "Son 20 ildə Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də mühüm işlərə imza atıb. Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafından, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasından tutmuş onlar haqqında hüquqi normativ bazanın yaradılmasına qədər hər bir sahədə  ardıcıl və sistemli tədbirlər həyata keçirib".

 

 

 

İnformasiya savaşının gənc fəalı

 

 

 

Nicat Əliyev söyləyir ki, gənclərimiz Azərbaycanı bütün beynəlxalq platformalarda uğurla təmsil edirlər, mövqeyimizi qətiyyətlə müdafiə edirlər. 44 günlük Vətən müharibəsində isə bütün dünya Azərbaycan gəncliyinin vətənpərvərliyinin əyani şahidi oldu: "Düşmənə qalib gəlmək üçün hərblə yanaşı, informasiya müharibəsinin aparılması da çox vacib şərtdir. Vətən müharibəsi günlərində Azərbaycan gəncliyi sözün əsl mənasında iki cəbhədə döyüşdü - yarısı əldə silah ön cəbhədə, yarısı da sosial şəbəkələrdə, müxtəlif beynəlxalq KİV vasitələrində ölkəmizin haqlı mövqeyini təbliğ edərək, həqiqəti dünyaya çatdıraraq düşmənlə layiqli mübarizə apardı. Mən özüm də tviter (indi "X") sosial şəbəkəsində, daha çox MDB məkanının olduğu "kontakte.ru" və digər sosial platformalarda Azərbaycan həqiqətlərinin çatdırılması, cənab Ali Baş Komandan İlham Əliyevin tviter hesabından etdiyi paylaşımların dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər gördüm. Real faktlar vasitəsilə əsl gerçəklərin beynəlxalq aləmə çatdırılması üçün əlimdən gələni etməyə çalışdım".

Nicat Əliyev bildirir ki, 2022-ci ilin dekabrında Laçın-Xankəndi yolunda ekofəallarımızın keçirdiyi dinc etiraz aksiyası zamanı da rəhbəri olduğu təşkilat fəal iş aparıb: "Universitetimizin qız və oğlanlardan ibarət əlliyə yaxın tələbəsi aksiyada iştirak etdi, qar-borana, şaxtaya baxmadan son günə qədər haqlı etirazlarını bildirdilər".

 

 

 

Əhəmiyyətli və məhsuldar görüşlər

 

 

 

Bu il 1-7 mart ərəfəsində Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı barədə ətraflı məlumat verən gənc Azərbaycan nümayəndə heyəti olaraq bütün vacib tədbirlərdə fəal iştirak etməyə qərar verdiklərini söyləyir: "Lakin saylar məhdud olduğuna, məsələn, əksər hallarda bir tədbirə ancaq 50-60 nəfərin qatıla bildiyinə görə çalışdım ki, sırf bizim üçün məhsuldar ola biləcək, əhəmiyyətli tədbirlərə qoşulaq. Bəzən hətta müraciət etmək belə məqbul sayılmırdı, canlı növbə vasitəsilə tədbirə buraxılırdın. Bunlardan biri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin tədbiri idi. Martın 4-də keçirilən tədbirdə Dmitri Medvedevlə kiçik dialoqum da baş tutdu. Həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun tədbirində iştirak etdim. Dmitri Peskovun tədbirində 100 nəfər iştirak edirdi və cəmi 5 nəfərə sual vermək haqqı tanınmışdı ki, onlardan da biri mən idim. Martın 6-da isə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə festivalın bağlanış mərasimi oldu".

Təşkilat sədri qeyd edir ki, festival ərəfəsində xarici ölkələrin gənclər təşkilatlarının sədrləri ilə də görüşlər keçirərək Azərbaycan həqiqətlərini onlara çatdırıblar: "İstər Rusiyadan, istərsə də Afrika, Avropa, Asiya ölkələrindən olsun, müxtəlif millətlərdən olan gənclərlə görüşüb, gələcəkdə nə kimi fəaliyyət göstərəcəyimizlə bağlı müzakirələr apardıq, kontaktları bölüşdük ki, ən azından ilkin mərhələdə onlayn görüşlər təşkil edək".

 

 

 

Düşmən fitnəsinə layiqli cavab

 

 

 

Nicat Əliyev "Ümumdünya Gənclər Festivalı 2024" çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın iştirakı ilə baş tutan konfransda Ermənistan tərəfindən törədilən Xocalı soyqırımı hadisəsinə də toxunduğunu bildirdi: "Mariya Zaxarova mənə cavabında dedi ki, "bəli, biz bu soyqırımı tanıyırıq, amma biz xalqlar çalışmalıyıq ki, gələcəyimizə baxaq". Mən isə öz növbəmdə vurğuladım ki, "biz qətiyyən xalqların düşmənçiliyini istəmirik, amma heç zaman da tariximizi unutmuruq, unutdurmuruq".

Soçidə keçirilən festivalda hər bir ölkənin mədəni irsini nümayiş etdirməsi üçün stendlər də olub. Təşkilat sədri deyir ki, Azərbaycan yaradıcı heyəti çıxış edən zaman onlar erməni təxribatı ilə üzləşiblər. Belə ki, erməni separatçı qüvvələri artıq tarixin zibilliyinə tolazlanmış qondarma qurumun əski parçasını tədbirdə nümayiş etdirmək istəyiblər, ancaq azərbaycanlı gənclər onların bu murdar niyyətinə imkan verməyiblər: "Biz dərhal təşkilatçılara etiraz və iradlarımızı bildirdik və onlar qısa müddətdə bu təxribatı aradan qaldırdılar. "Sarı gəlin" xalq mahnımız ifa olunanda da ermənilər müəyyən təxribatlara əl atır, müxtəlif yollarla bizi təhrik etməyə çalışırdılar ki, aramızda nəsə münaqişə yaransın və Azərbaycan tərəfini günahkar çıxarsınlar. Təbii ki, biz bu təxribatlara uymadıq. Onların bütün təxribatlarının qarşısını qanun-qayda yolu ilə aldıq".

 

 

 

İşıqlı gələcəyin açarı gəncliyin əlindədir

 

 

 

2023-cü ilin rəhbərlik etdiyi ADU TGT üçün olduqca məhsuldar il olduğunu da diqqətə çatdıran Nicat Əliyev məlumat verdi ki, həm dövlətin gənclər siyasəti istiqamətində,  həm də "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlər təşkil ediblər: "Azərbaycan gəncliyinin formalaşması, daha da irəli getməsi istiqamətində əlimdən gələn qədər fəaliyyət göstərməyə çalışıram. Yüksək təhsil almaqla bərabər, tələbə gənclərin həm də sosial fəaliyyətlə məşğul olmasını təşviq edirəm. Belə olarsa, gələcəyimiz daha da işıqlı olar".

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 13 mart, ¹ 56.- S.11.